Ukraynanın U-17 yığmasının baş məşqçisi Oleksandr Petrakov azərbaycanlı həmyaşıdları ilə Bakıda keçirilən yoxlama oyunundan sonra yerli jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az xəbər verir ki, 2:0 hesablı qələbə qazanmalarına rəğmən, qonaq komandanın məşqçisi yetirmələrindən razı qalmadığını dilə gətirib:
– Yaxşı oyun alındı. Bu oyun bizə xeyli məlumat verdi. Yığmanıza yaxından bələdik. Avqustda qonağımız olmuşdular. Qolsuz bərabərlik, və məhsuldar (1:1) heç-heçəyə imza atmışdıq. Yığmanızın baş məşqçisi Təbriz Həsənovu da çoxdan tanıyıram. İşinə 6 ildi ki, bələdəm. Yaxşı komandanız var. Ümumiyyətlə, hər şey əladı! Möhtəşəm bazanız, stadionunuz var. Federasiyanıza çox təşəkkür edirəm ki, buraya gəlişimizə imkan yaratdı.
– Qeyd etdiniz ki, avqustda yığmamıza qarşı oynamışdınız. Bu müddət ərzində nə kimi dəyişikliklər müşahidə edirsiniz?
– Eyni dəst-xətti qoruyub saxlayırlar. Özünüz görürsünüz axı, bu, yeniyetmə futboludu. Burada gözlənilməzliklər çox olur. Gəncləriniz xoş təsir bağışladı. Sadəcə, 2 əks-hücumda qol buraxdılar. Biz daha çox müdafiədən oynayırdıq. Bu da yığmanızın baş məşqçisinə əlavə informasiya toplamaq üçün yardımçı oldu. Axı, Avropa Çempionatında ev sahibisiniz. Deməli, daha çox hücum quracaqsınız.
– İlk yarı elə də sürətli alınmadı…
– Başqa şey gözləmirdim də. Çünki bizim çempionat hələ start götürməyib. Aprelin 13-də başlayacaq. Bura hazırlıqsız gəlmişik. Ot üzərində bir dəfə də oynamamışıq. Ancaq süni meydançalarla kifayətlənirik, çünki hava şəraiti təbii meydançada oynamaq imkanı vermir. “Neftçi”ylə oynadıq, indi yığmanızla qarşılaşdıq. Özünüz də görürsünüz ki, uşaqlarımız ağırdı, ayaqlarını çətinliklə çəkirlər.
– Komandanız çox arxayın oynayırdı. Belə təəssürat yaranırdı ki, qalib gələcəyinizə zərrə qədər şübhəniz yoxdu…
– Mən belə hesab etmirəm. Nə topa nəzarət edə bilirdik, nə istədiyimiz kimi hücumlar qururduq. Bu, Təbriz Həsənov üzərində məşqçi kimi ilk qələbəmdi. 
– Komandamızdan kimləri fərqləndirə bilərdiniz?
– Fərqlənən iki oyunçunuzu bu gün görmədim, onlar oynamırdı.
– İki gündən sonra yenidən gənclərimizlə üz-üzə gələcəksiniz. Bu yaşda belə zaman kəsiyində 2-ci dəfə oyuna çıxmaq çətin olmayacaq?
– Bəs Elit raundunda necə oynayaq? Martın 24-ü, 26-sı və 29-da oyunlarımız olacaq. Bəs onda necə oynayaq? Heç olmasa bu cüt oyun hesabına həmin qarşılaşmalara hazır olmaq istəyirik. Hələlik 50, maksimum 60 dəqiqə oynamağa hazırıq. Yaxşı ki, yığmanızla oyundan əvvəl hələ “Neftçi”ylə qarşılaşma təşkil olundu. Heç olmasa, təbii meydançanı hiss etdik.
– Yenidən Bakıya gəlmək şansınız var…
– Çox çətin qrupumuz var. Finlandiya olduqca güclü heyətə malikdi. Türkiyə də çox sanballı futbolçulara sahibdi. Hər kəs qrup qalibi olmağa can atır. Bəli, biz Bakıya Elit raund iştirakçılarından tez gəlmişik. Amma yenidən qayıtmaq istəyərdik… Final mərhələsinin iştirakçısı kimi.
ELMAR ABDULLA-ZADƏ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp