“İnter” avrokuboklardan kənarlaşdırılması ilə bağlı CAS-a müraciət edəcəkmi? Etsə, bu, müsbət nəticə verəcəkmi? Dünən FİFA-nın “İnter”ə vaxtı ötmüş borclar üçün qoyulan tarixədək tələb olunan vəsaiti ödəməməsi ilə bağlı tətbiq edən sanksiya açıqlandıqdan sonra “bankirlər”in prezidenti Rəşad Babayevə tribuna verməyə zərurət yarandı. Futbolinfo.az saytına danışan klub prezidenti qəti qərar vermədilklərini bildirdi.
Qasımov ilk olaraq, borcların bağlanmasının yubanma səbəbindən danışdı: “Qarşımıza qoyulan tələbə uyğun olaraq, yanvarın 31-dək bütün borcları qapatmalı idik. Ancaq bunu həyata keçirə bilməməyimizin obyektiv səbəbləri oldu. Məsələ burasındadı ki, klubun borclu olduğu insanların sayı olduqca çox idi. Bəziləri güzəştli ödənişlərə razı olsalar da, digərləri buna qol qoymurdu. Danışıqlarımız çox uzun sürdü. Bu müddət kəsiyində problemlilərin borclarını ödəsəydik, ümumi məxrəcə gəldiyimiz insanlar bizdən üz döndərə bilərdilər. Bu səbəbdən də problemi kompleks şəkildə həll etməli idik”.
Klub prezidenti nəinki borclu olduqları bütün şəxslərlə ümumi məxrəcə gəldiklərini, hətta tələb olunan vəsaitin 100 faizini ödədiklərini xüsusi vurğuladı: “Bəli, bizə qarşı sanksiya tətbiq olunub. Ancaq bir məqama toxunmaq istəyirəm ki, indi “İnter” təmizdi. “Borclar” qrafasını “sıfırlamışıq”. İndi klub infrastrukturu, uşaq və yeniyetmə futbolçuların inkişafı barədə daha rahat şəkildə düşünə bilərik”.
Gündəmi zəbt edən ən maraqlı suala gəlincə, Rəşad bəy dilemma qarşısında qaldıqlarını və bunun səbəbəbini bu cür izah etdi: “FİFA bizə göndərdiyi məktubda bütün borcları bağlamağımızdan xəbərdar olduğunu bildirib. Eyni zamanda, son tarix kimi göstərilən 31 yanvaradək bunu etmədiyimizə görə məlum cəzanı tətbiq etdiklərini yazıblar. CAS-a müraciət edib-etməyəcəyimizə gəlincə, hələ qəti qərar verməmişik. Çünki borclardan yenicə canımızı qurtarmışıq. CAS-a müraciət etdikdə ora müəyyən məbləğ ödəməliyik. Bundan başqa, təcrübəli əcnəbi vəkil tutmalıyıq. Bu da az məbləğə başa gəlmir. Topladıqda isə kifayət qədər sanballı rəqəm edir. Bütün bunlar bir yana, praktikada bu cür hallarda CAS-ın klubların xeyrinə qərar qəbul etmədiyini görürük. Belədə, vaxtımız bir yana, xeyli pulumuz da gedəcək. Ancaq məsələni gündəmdə saxlayırıq və müzakirələr aparırıq. Hələ ki, son qərarı verməmişik”.
Qeyd edək ki, “İnter”in avrokuboklardan kənarlaşdırılacağı ilə bağlı ilk məlumatı futbolinfo.az saytı yaymışdı.   
CEYHUN ƏLİYEV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp