Dünən Topaz Premyer Liqasının 27-ci turuna – 3-cü dövrəsinə yekun vuruldu. Futbolinfo.az xəbər verir ki, dünənki oyun günü də maraqlı faktlarla yadda qalıb. 
Paytaxt derbisində “İnter”in qonağı olan “Neftçi” nəhayət ki, bu rəqibi üzərində qələbəyə sevinib. Vəli Qasımovun yetirmələri 930 gündən sonra “bankirlər”i məğlub edərək qələbəsiz seriyanın 10-a yüksəlməsinə imkan verməyib. Bu, həm də “Neftçi”nin “İnter Arena”da yerli komandaya 5 oyunluq xal həsrətinin sonu olub. “Ağ-qaralar” sonuncu dəfə düz 3 il əvvəl – 2013-cü il martın 30-da “İnter”i rəqib meydanda üstələmişdi. 
Səfərdə “Sumqayıt”a məğlub olan “Xəzər Lənkəran” isə qələbəsiz oyunlar seriyasını 16-a çatdırdı. “Ağ-yaşıllar” sonuncu qalibiyyətini 11-ci turda səfərdə “Rəvan”la görüşdə qazanıb. Cənublular üçün yeganə sevindirici məqam 16 matçlıq qolsuzluq sindiromuna son qoymaqları olub. Qarşılaşmanın 49-cu dəqiqəsində fərqlənən Zaman Mirzəzadə komandasının 1409 dəqiqəlik “quru” seriyasına son qoyub. 
Gəncədə keçirilən “Kəpəz” – “Zirə” (2:0) oyununda isə nəhayət ki, cari mövsümdə tərəflər arasında qələbəyə sevinən tapılıb. Bu komandalar arasında daha öncə baş tutan oyunların hər ikisində bərabərlik qeydə alınmışdı. Ötən mövsüm 1-ci dəstədə yarışan komandaların duelində də qərblilər “qartallar”ı məğlub edə bilməmişdi. 
“Qəbələ”ni məğlub edən AZAL isə cari mövsümdə yubiley – 10-cu qələbəsini qazanıb. “Təyyarəçilər” bununla da “AZAL Arena”dakı məğlubiyyətsizlik seriyasını 13-ə çatdırıb. Şüvəlanlılar sonuncu dəfə ötən il aprelin 5-də evdə “Qəbələ”yə məğlub olmub – 0:4. Bundan başqa, meydan sahiblərinin ilk qolunun müəllifi Tural Hümbətov isə cari mövsümdə ilk dəfə rəqib qapısına yol tapmaqla ilkə imza atıb.
“Qarabağ” – “Rəvan” (5:1) matçı qonaqlar üçün uğursuz olsa da, bakılıların futbolçusu Yasin Həmid üçün əlamətdar hadisə ilə yadda qalıb. Komandasının yeganə qolunu vuran hücumçu cari mövsümdə ilk dəfə bu sevinci yaşayıb. Ağdamlılar isə bu mövsüm həm ən böyükhesablı qələbəsini qazanıb, həm də bir oyunda bu qədər qola imza atıb. 
ELMAR ABDULLA-ZADƏ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp