“Qəbələ” uduza-uduza gedir. Çempionat sona yaxınlaşır, komanda isə hələ də ləngər vurur. Dünən də əyalət təmsilçisi üçün “qara çərşənbə” oldu. Bu dəfə məğlubiyyət AZAL-la səfər qarşılaşmasında yaşandı. Mövsüm start götürməmişdən çempionluq uğrunda mübarizədə “Qarabağ”ın əsas rəqibi hesab edilən komanda finişə 9 tur qalmış liderdən 19 xal geridədi və de-fakto çempionluqdan əlini üzüb. Ancaq bununla da iş bitmir. “Qəbələ” daha 3 komandaya arxadan boylanır. Bu dəfə problemin kökünü axtarmaq üçün klubun baş meneceri Zaur Əzizovla əlaqə saxladıq. Futbolinfo.az saytına verdiyi müsahibədə klub rəsmisi qarşıdakı oyunlarda vəziyyətin düzələcəyinə ümid etdiyini bildirdi.
– İlk olaraq, AZAL-dan alınan məğlubiyyət barədə fikirlərinizi bilmək istəyərdik…
– Oyuna nəzarət edən tərəf biz idik. Çoxsaylı qol epizodları yaratdıq, ancaq bunlardan yalnız birindən istifadə edə bildik. Rəqibin oyun üslubu belədi. Onlar əks-hücumlarda olduqca təhlükəlidilər. Əldə etdikləri fürsətlər yararlanmağı bacardılar. 
– Aleksey Antonovun aldığı məvacib az qala AZAL-ın illik büdcəsinə bərabərdi. Bu komandanı məğlub etməyəndən sonra “Qəbələ” nəyə ümid edə bilər?
– Əvvəla, onu qeyd edim ki, AZAL-ın dəqiq büdcəsini bilmirəm. Ancaq Antonovun məvacibinin bu komandanın illik büdcəsinə bərabər olduğuna inanmıram. Digər tərəfdən, bu cür yanaşmayla “Lester”in İngiltərə Premyer Liqasındakı liderliyinə necə münasibət bəsləyək? Biz rəqibləri büdcələrinə görə ayırmırıq. Hər bir oyuna qələbə qazanmaq üçün çıxırıq. Əsas məsələ problemləri tapmaq və aradan qaldırmaqdı.
– Razıyam. Ancaq məsələ burasındadı ki, mövsüm sona yaxınlaşır, hələ də problemləri mənbəyi tapılmır. Komanda isə artıq 5-ci pilləyə yuvarlanıb…
– Əlbəttə, bu hər birimizi narahat edən məsələdi. Komandamız uğursuz çıxış edirsə, hamımız günahkarıq. Ancaq inanıram ki, ən yaxın zamanda “Qəbələ” turnir cədvəlindəki mövqeyini yaxşılaşdıracaq və mövsümün sonunda medalçılar sırasına düşəcək.
– Bəlkə problem üzdədi? “İnter” və “Zirə”nin avrokuboklardan kənar qalması faktiki olaraq, “Qəbələ”nin qitəmiqyaslı turnirlərdə iştirakını təmin edib.
– Biz medallar uğrunda mübarizəni sonadək davam etdirəcəyik.
– Bəlkə totalizator futbolçularınızın maraq dairəsinə düşüb? Necə də olmasa, ilk yarıda AZAL-ın qapısı qarşısında çoxsaylı qol imkanları yaradan və bunlardan birindən istəfadə edən komandanız, fasilədən sonra fərqli futbol sərgilədi. İlk yarıda məğlub olub, fasilədən sonra isə AZAL-ın qalib gələcəyinə əmsalın astronomik olması da hər kəsə bəllidi…
– Bu variantı yaxına belə buraxa bilmərəm. Hesab etmirəm ki, fasilədən sonrakı 45 dəqiqədə ilk yarıdakından qat-qat pis oynadıq. Onu da qeyd edim ki, 2-ci hissədə də qol vurduq və hansı səbəbdən qeydə alınmadığını hələ də başa düşə bilməmişik. Sadəcə, AZAL bizi əks-hücumda yaxaladı və istədiyi nəticəni əldə etdi.
CEYHUN ƏLİYEV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp