Aprelin 7-də milli komandaların FİFA reytinqi açıqlanacaq. Futbolinfo.az saytının məlumatına görə, avropalı həmkarlarımız indidən təxmini siyahını tərtib ediblər.
 
Martda baş tutan seçmə və yoxlama oyunlarının nəticələrinin də əksini tapdığı bu siyahıda Azərbaycan millisi də yer alıb. 6 gündən sonra rəsmən açıqlanacaq cədvəldə yığmamızı böyük geriləmə gözləyir.
 
Belə ki, Antalyada baş tutan yoxlama oyununda Qazaxıstana 0:1 hesabı ilə uduzan Robert Prosineçkinin yetirmələrinin nə az, nə çox – 22 pillə geriləyəcəyi proqnozlaşdırılır. Ötən ay 112-ci olan yığmamız 134-cü pilləyə yuvarlanacaq.
 
Bu mövqeni də Svazilendlə böləcək millimiz ən çox geriləyən 3 komanda sırasındadı. Aruba 24, KXDR 18 pillə aşağı düşdüyündən komandamız dünyanın 2-ci uğursuzudu.
 
Təxmini siyahı göstərir ki, Azərbaycan yığmasının xal hesabı da 296-dan 269-a qədər azalıb. Millimiz birdən-birə 27 xal itirib. Bunun nəticəsində Qayana, Fələstin, Tanzaniya kimi ölkələr də bizi arxada qoyub.
 
Dünyanın 14-cü “onluğ”u
131 (117). Fələstin – 273
132 (132). Bəhreyn – 271
133 (156). Qayana – 270
134 (112). AZƏRBAYCAN – 269
134 (124). Svazilend – 269
136 (133). Namibiya – 267
137 (113). Aruba – 259
138 (130). Madaqaskar – 257
139 (128). Litva – 254
140 (144). Sent-Lusiya – 238
  
Proqnozlaşdırılan cədvəldə dünyanın ən güclü 10 komandasının mövqeyində də ciddi dəyişikliklər olub. Argentina Belçikanın liderliyinə son qoyub. Bu iki komanda yerlərini dəyişib. Almaniya, İspaniya, Braziliya, Portuqaliya və İngiltərə yığmaları mövqelərini əldən verib. Cənubi amerikalılar – Çili, Kolumbiya və Uruqvay da Argentina kimi irəliləyib.
 
İlk “onluq”
1 (2). Argentina – 1532
2 (1). Belçika – 1352
3 (5). Çili – 1348
4 (8). Kolumbiya – 1337
5 (4). Almaniya – 1309
6 (3). İspaniya – 1277
7 (6). Braziliya – 1251
8 (7). Portuqaliya – 1184
9 (11). Uruqvay – 1158
10 (9). İngiltərə – 1069
 
Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən Almaniya, Çexiya  və San-Marinonun təxmini cədvəldəki mövqeləri daha da pisləşib. Şinali İrlandiya isə irəliləyiş sayəsində çexiyalıları keçib. Norveç ilk “50-liy”ə daxil olub.
 
DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu
5 (4). Almaniya – 1309
26 (28). Şimali İrlandiya – 825
29 (25). Çexiya – 810
49 (51). Norveç – 605
199 (198). San-Marino – 20
 
Martın 26-da millimizi məğlub edib, uçuruma yuvarlanmasına səbəb olan Qazaxıstan 9 pilləlik sıçrayışla 116-cı yerə yüksəlib – 300 xal. Mayda keçiriləcək sınaq matçlarında üz-üzə gələcəyimiz Kanada 8 pillə geriləməklə, 95-ci yerə enib – 357 xal.
 
Türkiyə yığması 983 xalla bu siyahıda 13-cü yerdə qərarlaşıb. Bu da 7 pillə irəliləyən “ay-ulduzlular”ın son 6 il 10 ayda ən yaxşı nəticəsidi. (Apasport.az)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp