Son turda “Neftçi”dən alınan məğlubiyyətdən sonra “İnter”in avrokubok zonasına düşmək şansları ciddi şübhə altına düşdü. UEFA-nın məlum sanksiyasının 3 illik olduğunu nəzərə alsaq, “bankirlər” üçün bu il 1 avrokubok mövsümünün diskvalifikasiyası “borcu”ndan çıxmaq olduqca vacibdi. Komandanın üzləşdiyi vəziyyətlə bağlı baş məşqçiyə tribuna verməyə bundan böyük zərurət yarana bilməz. Futbolinfo.az saytına verdiyi müsahibədə Zaur Svanadze komandanı motivasiya etməsindən, turnir cədvəlndəki durumdan, çempionat oyununun təxirə salınmasından, habelə zədə epidemiyasından danışdı.
 
– İlk olaraq, klub saytında “İnter”in avrokubokdan kənarlaşdırılması haqda xəbərin “Neftçi” ilə oyunun start fitinə dəqiqələr qalmış yerləşdirilməsinə aydınlıq gətirilməsini istəyərdim. Məgər bu, oyunçuların motivasiyasına mənfi təsir göstərən faktor deyil?
– Məgər bu xəbər oyundan əvvəl yerləşdirilib? Açığı, elə bilirdim ki, matç başa çatdıqdan sonra qoyublar. Amma nə mən, nə də futbolçular sanksiya barədə məlumatlı olmamışıq. Yalnız qarşılaşma başa çatdıqdan sonra bu, bəd xəbəri eşitdik.
 
– “Ağ-qaralar”la keçirilən görüşdən sonrakı mətbuat konfransında Nika Kvekveskirinin milli düşərgədən qarşılaşmaya yetişməməsini xüsusi qabartdınız. Olmazdımı ki, PFL-ə müraciət edib, oyunun təxirə salınmasını istəyəsiniz?
– İstəmişdim də, klubda bu məsələni qaldırmışdım da. Ancaq mənə deyildi ki, 1 oyunçuya görə matçı təxirə salmayacaqlar. Əlacsız qalıb, razılaşdım. İndi növbəti oyunlar haqda düşünürük.
 
– Ancaq komandaya qarşı sanksiya tətbiq olunduqdan sonra növbəti oyunlar haqda futbolçularınızın düşünməsini təmin etmək müşkülə çevrilib…
– Nəyə görə?
 
– Mövsümün sonunda müqaviləsi bitən futbolçuya “İnter”in gələcəyi naminə oynamasını istəmək qəliz söhbətdi. Axı, gələn il sanksiyanın tətbiq edilməməsi üçün bu mövsüm avrokubok zonasına düşmək gərəkdi…
– Əvvəla, biz qərarın ləğvi üçün CAS-a müraciət edəcəyik. İkincisi, komandamızda zəngin həyat təcrübəsinə malik futbolçular toplaşıb. Onlar əsl peşəkarlardı və müqavilə müddətləri başa çatan günədək işlərinə vicdan və məsuliyyətlə yanaşacaqlarına zərrə qədər də şübhə etmirəm. “İnter”in hər bir üzvü avrokubok zonasına düşmək üçün əlindən gələnin ən yaxşısını edəcək.
 
– Özünüzün taleyiniz necə olacaq? Bu barədə klub prezidenti ilə danışmısınız?
– Yaxşı olar ki, bu sualı ona ünvanlayasız. Hazırki vəziyyətim məni qane edir. Amma gələcəyin necə olacağı haqda fikir yürüdə bilmərəm. Çünki işbirliyinə davam etdirib-etdirməməyə rəhbərlik qərar verəcək.
 
– Qarşıdan “Qəbələ”ylə oyun gəlir. Bu görüşü “yaralı aslanların dueli” də adlandırmaq olar…
– Qəbələ səfəri istənilən komanda üçün ağır keçir. Turnir cədvəlindəki mövqedən asılı olmayaraq, bu komandayla oyunlarımız gərgin keçir. Düşünürəm ki, 2 gün sonra baş tutacaq görüş də istisna təşkil etməyəcək. Ancaq biz səfərdən 3 xalla dönməyi arzulayırıq.
 
CEYHUN ƏLİYEV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp