"İnter"in müdafiəçisi Ruslan Əmircanovun futbolinfo.az saytına müsahibəsi:
– 9 oyun idi ki, "Neftçi"yə uduzmurduz, lakin son turda bu seriya qırıldı. Nə baş verdi ki, məğlub oldunuz?
– Öz meydanımızda oynayırdıq. Ona görə də istəmirdik ki, uduzaq. Neçə tur idi onlara uduzmurduq. Həm o seriyanı uzatmaq istəyirdik, həm də 2-ci yerdə gedən komanda ilə aradakı xal fərqini azaltmaq. Bizdən geridəki komandalaradan uzaqlaşmaq üçün əlimizə şans düşmüşdü. Lakin alınmadı. "Neftçi" də həmişə "Neftçi"di. Heyət baxımdan zəifləsələr də, yenə də oyunlarını oynayırlar, yaralı şir kimidilər. Yəni şir nə qədər yaralı da olsa, yenə də şirdi. Ona görə də bilirdik ki, bizi çətin oyun gözləyir. Bu matça çox ciddi hazırlaşmışdıq, ancaq istədiyimizi meydançada göstərə bilmədik. Əvvəlki matçlara baxanda, elə də yaxşı oynamadıq. Bunun da nəticəsində qapımızda penaltidən qol gördük. Sonra da qapımızda təhlükəli epizodlar olurdu. İstədiyimiz oyunu sərgiləyə bilmədik. 
– Cari mövsüm siz rəqibi iki oyunda məğlub edərkən həmin komandada baş məşqçilər fərqli idi. Lakin kollektivə indi Vəli Qasımov başçılıq edir. Bu oyunda məşqçi işi çox hiss olundu, ya necə?
– Hesab etmirəm ki, rəqibin qələbəsində məşqçi amili elə də böyük rol oynadı. Çünki meydançada da görünürdü ki, rəqib futbolçular qələbəni bizdən daha çox istəyirlər. Bilmirəm nə baş vermişdisə, komandamız zəif çıxış edirdi, hər bir futbolçu potensialının altında çıxış edirdi. 
– Belə nəticəyə gəlmək olar ki, məğlubiyyətdə sizin "əməyiniz" daha çox olub, nəinki rəqibin…
– Bundan əvvəl zəif komandalarla oyunlarda buraxdığımız səhvlərdən rəqiblər yaxşı yararlana bilmirdilər, lakin "Neftçi" kimi komandalar bunu bağışlamır. Düzdü, matçda mən oynamadım, amma kənardan görürdüm ki, həmişə etdiyimizi bu oyunda edə bilmirdik. 
– Növbəti tur daha çətin komandaya – "Qəbələ"yə qarşı oynayacaqsız. Bəs bu matçla bağlı fikirlərin necədi? Oyundan nə gözləyirsən?
– Hesab edirəm ki, Qəbələ səfəri "Neftçi" ilə oyundan da çətin olacaq. Hamı bilir ki, "Qəbələ" heç də zəif komanda deyil. Baxmayaraq ki, son turda AZAL-a məğlub oldular… Rəqibi də zəif deyildi, güclü komandalarla başabaş oynamağı bacarır. "Qəbələ" çalışacaq ki, doğma meydanda qələbə qazansın. İkimiz də məğlub olan tərəfik. Lakin Qəbələyə uduzmağa getmirik. Hədəfimiz olduğu kimi qalır – yuxarı pillələr üçün oynayıb, avrokuboklara vəsiqə qaznmaq istəyirik. Bunun üçün çalışırıq. Çox ciddi hazırlaşmalıyıq. 
– Rəqibiniz mövsümə çempionluq iddiası ilə başladı, xeyli də xallar topladı. Lakin son turlarda uğursuz nəticələrlə yadda qalır. Növbəti tur bu komanda ilə qarşılaşacağınızdan artıq onlardakı çatışmazlıqlardan müəyyən qədər xəbərdarsız. Səncə, "Qəbələ" də nə baş verdi ki, 5-ci pilləyə yuvarlandı?
– Bir il oranın çörəyini yemişəm. Bizim vaxtımızda komandada heç bir problem yox idi, hamı bir-biri ilə mehribandı. Artıq orada deyiləm, "İnter"in şərəfini qoruyuram. İndi orada nə baş verdiyindən xəbərsizəm. Bunu ən yaxşı orada oynayanlar bilər. 
– Yəni, rəqibin əvvəlki turarda oyunla bağlı çatışmazlıqlarını araşdırmış olarsız. Onlar hansı mövqelərdə səhvlər edir ki, məğlub olur?
– Təbii ki, hər bir komandada çatışmazlıqlar olur. Mən indi buradan deyim ki, onların zəif mövqeləri hansılardı, həmin məqamlardan istifadə edəcəyik, bu, düzgün çıxmaz. Oyundan qabaq onların son turdakı çıxışlarını izləyəcəyik, məşqçilərimiz rəqibdəki çatışmazlıqları bizə izah edəcək, müvafiq tapşırıqlar verəcək. Biz də çalışacağıq ki, həmin tapşırıqları meydançada reallaşdıraq. Təbii ki, taktiki tapşırıqdan əlavə də istəklə oynamalısan ki, qələbə qazanasan. Bu, hər yerdə belədi. Rəqibdən daha çox çalışırsan, istəklisənsə, qarşındakının ustalıq səviyyəsini də arxada qoya bilirsən. 
– Bəs sənin sabiq komandanla bağlı xüsusi hazırlığın varmı? Ola bilərmi ki, sabiq məşqçilərinə səni göndərməklə bağlı səhv addım atdıqlarını göstərmək istəyəsən?
– Mən o komandadan düşmən kimi ayrılmamışam. Bir il oranın çörəyini yemişəm. Bunu heç vaxt unutmayacam. İndi də başqa komandadayam. Orada mənə qarşı nəsə bir haqsızlıq, səhv hərəkət olmadı. Ona görə də digər komandalarımıza qarşı necə hazırlaşıramsa, bu matçda da elə olacaq. 
– Elə "Neftçi" ilə oyun günü UEFA tərəfindən avrokuboklardan kənarlaşdırılmağınız xəbəri yayıldı. Bu, sizi ruhdan salmır?
– Hardasa bir az üzülürük, amma klubumuz da İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edə bilər. Bunun da nə nəticə verəcəyi hələ bilinmir. Ona görə də çalışmalıyıq ki, bu il avrokuboklara vəsiqə verən yerdə qərarlaşaq ki, növbəti il sözügedən sankisyadan qurtulmuş olaq. Amma bunu bu il edə bilməsək, gələn il də sanksiya qüvvədə qalacaq. Demək olar ki, çempionluq şansımız qalmayıb, amma yüksək yerlərdə qərarlaşmaq niyyətindəyik. Ümid edirəm ki, ən azından 2-ci, 3-cü yeri tuta bilərik. 
– Millinin düşərgəsində zədələndikdən sonra xeyli müddət futboldan uzaq qaldın. Amma artıq tam sağalmısan və klubunun matçlarında çıxış edirsən. Artıq milliyə çağırılmaq üçün hazırsan?
– Şükürlər olsun ki, artıq əvvəlki zədədən tam olaraq, qurtulmuşam. Milliyə də çağırılmaq üçün gərək, klubda əsas heyətdə çıxış edəsən. Elə oynayasan ki, məşqçinin rəğbətini qazanasan, diqqətini cəlb edəsən. Mən də 2-ci dövrə başlayandan 3 çempionat oyununda çıxış etmişəm. "Qarabağ", "Kəpəz" və "Rəvan"a qarşı oynamışam. Fikrimcə, həmin oyunlarda da pis təsir bağışlamamışam. Bu 3 oyundakı çıxışıma görə Prosineçkidən dəvət gözləməyim də düzgün çıxmaz. Bizdə əsas heyətdə çxış edən elə futbolçular var ki, onlar da milliyə çağırıla bilərdi. Çünki məndən daha çox oynayırlar, əsas heyətdə əvəzolunmadan çıxış edirlər. Məşqlərdə yaxşı çalışıram. Əsas odur ki, ilk  11-likdə çıxış edim. Düzdü, futbolçu oynamayanda passivləşir, həvəsdən düşür. İnanıram ki, klubumda əsas heyətdə daima çıxış etsəm, millinin məşqçisi də mənə şans verər. Xeyli müddət yaşıl meydanlardan kənar qaldığımdan, ola bilər, təzə baş məşqçi məni tanımır. Amma köməkçiləri məni tanıyır. Əsas heyətdə forma şansı əldə etsəm, milliyə də dəvət alacağıma inanıram.
ELMAR VƏLİYEV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp