“İnter” klubunun sabiq prezidenti Georgi Nikolov vəzifəsindən kənarlaşdırıldıqdan sonra vətəninə qayıda bilmir. Artıq 3 aydı ki, klubun bütün uğurlarında pay sahibi olan bolqarıstanlı funksioner sərhədlərimizi tərk edə bilmir. Ölkə mətbuatına demək olar ki, heç bir açıqlama verməyən Nikolov, nəhayət ki, susqunluğu pozdu. Çətinliklə də olsa, ondan bir neçə kəlimə qoparmağa müyəssər olduq. Futbolinfo.az saytına müsahibədə, o, “İnter”ə qarşı tətbiq olunan sanksiyayla, habelə ölkə hüdudlarını tərk edib-etməməsi ilə bağlı sualımızı da cavablandırdı.
– “İnter” kənardan necə təəssürat bağışlayır?
– Sevinirəm ki, klubda sabitlik yaranıb. Ancaq dərinliyə vara bilmirəm, çünki xəbərsizəm. Ümid edirəm, hər şey qaydasında gedir.
– Sabiq komandanızın ölkə çempionatı vasitəsi ilə avrokubok zonasına düşmək şanslarını necə dəyərləndirirsiniz? 
– Düşünürəm ki, “İnter” avrokubok zonasına düşə biləcək.
– Bunu çempionatdakı nəticələrlə əldə edəcəklərini düşünürsüz, yoxsa ölkə kubokunu başları üzərinə qaldırmaqla?
– Əsas odu ki, avrokuboklara vəsiqə əldə etsinlər. Bunu etməlidilər!
– UEFA tərəfindən diskvalifikasiyaya məruz qalmalarına necə reaksiya verdiz?
– Əlbəttə ki, üzüldüm. Ancaq UEFA-nın öz qayda-qanunları var. Vəziyyəti dəyişmək üçün az iş görmək mümkündü. Vəziyyətin belə olmasına çox təəssüflənirəm.
– Necə hesab edirsiz, CAS-a apelyasiya şikayəti verilsə, məhkəmədən qalib ayrılmaq mümkündü?
– Bu sualın cavabını beynəlxalq idman hüququnu bilən savadlı hüquqşünas verə bilər.
– Klubda rəhbər vəzifəni tutsaydınız, CAS-a müraciət edərdiz?
– UEFA bir çox Avropa klublarına qarşı sanksiya tətbiq edib. Bu, tək “İnter”in başına gəlməyib. Bilavasitə suala gəlincə, bəli, riskə gedərdim. Ancaq son söz “İnter”in hazırki rəhbərliyinindi.
– Beynəlxalq Banka kredit borclarınızın olduğu üçün ölkəmizi tərk edə bilməməyiniz və bu kreditləri qapatmayanadək Azərbaycan hüdudlarını adlaya bilməməniz barədə məlumatlar nə dərəcədə həqiqəti əks etdirir?
– Xeyr, bu informasiya doğru deyil. Heç bir kredit ödəmirəm, çünki heç kimə borcum yoxdu. Beynəlxalq Bank Daxili İşlər Nazirliyinə bu yöndə məktub da ünvanlayıb. Bank rəhbərliyi mənim onlara heç bir borcumun olmaması barədə rəsmi bildiriş verib və Nazirlikdən vətənimə qayıtmaq üçün icazə vermələrini istəyib. Ancaq mənə heç bir izahat vermədən, Bolqarıstana dönməyimə də icazə vermirlər. Heç bir şey izah da etmirlər. Dincəlirəm, gözləyirəm.
CEYHUN ƏLİYEV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp