Ötən gün Topaz Premyer Liqasında 28-ci turun qarşılaşmaları keçirilib. Futbolinfo.az xəbər verir ki, "Zirə" doğma meydanda "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edib.
Zirə İdman Kompleksinin stadionundakı matçdan sonra ev sahibi komandanın ispaniyalı yarımmüdafiəçisi Luiz Alberto Diez (Tato) saytımızın suallarını cavablandırıb:
– Gərgin mübarizə şəraitində keçən oyun oldu. İlk dəqiqələrdən qələbəyə köklənmişdik. Buna 80-ci dəqiqədə nail olduq. Düşünürəm ki, komandamız buna layiq idi. 
– Oyunu atan da izləyirdi. Bu sənə əlavə motivasiya verirdimi?
– Atam bir neçə gün mənimlə qalacaq. Təbii ki, bu da mənim üçün əlavə motivasiyadı. Mənə həvəs verir.
– Çox çətinliklə – sonuncu dəqiqələrdə qol vura bildiniz. Problem nədə idi?
– Fikrimcə, "Sumqayıt" bilirdi ki, bizə qarşı necə oynamaq lazımdı. Oyunumuzu təhlil etmişdilər. Əks-hücumlarımızın qarşısı yaxşı alınırdı. Yaxşı taktika seçmişdilər. Amma sonda qol vuran tərəf biz olduq. Məqsədimiz qələbə qazanmaq idi və buna da nail olduq.
– Mövsümün sonu yaxınlaşır. "Zirə"də qalmaq haqda fikirləşirsən, ya necə?
– Bir futbolçu qala da bilər, gedə də. Bu, normaldı. "Zirə"də olduğum müddətdə növbəti oyunlar haqda düşünəcəm. Mövsüm başa çatdıqca müəyyən bir qərar verə bilərəm. Hələ ki, bu barədə heç nə deyə bilmərəm.
– Ötən tur məğlub olduğunuz "Kəpəz" bu tur AZAL səfərində darmadağın oldu. Bu barədə fikirlərini bilmək maraqlı olardı.
– Hər bir oyun digərindən kəskin fərqlənə bilir. Təbii ki, bu, futboldu və burada hər şey baş verə bilir. Ola bilər ki, özündən qat-qat güclü rəqibə qalib gələsən, yaxud da əksi olar. Misal üçün biz səfərdə "Qəbələ"ni udduq, amma "Rəvan"a məğlub olmuşduq. 
– Ötən tur məğlub olduz, bu dəfə isə çətinliklə qələbə qazana bildiz. Belə olan halda növbəti oyunuzla bağlı hansı proqnozu vermək olar. 
– Düşünürəm ki, növbəti matç da çox gərgin mübarizə şəraitində keçəcək. Baxmayaraq ki, növbəti rəqibimiz "Rəvan" turnir cədvəlinin son pilləsindədi, amma bir məsələni də qeyd etmək lazımdı ki, biz səfərdə oynayacağıq. Bizim üçün müəyyən çətinliklər törədə bilərlər. Yenə qələbə üçün motivasiya olunacağıq və düşünürəm ki, orada 80-ci dəqiqədə yox, daha erkən qol vurarıq. 
– UEFA qaydalarına görə "Zirə"nin avrokuboklara getməmək məsələsi də gündəmdədi. Bu sizi ruhdan salmır ki, əziyyətiniz boşa gedir…
– Komanda olaraq, daha yüksək pillələrdə qalmaq üçün mübarizə aparırıq. Buna köklənmişik. Dediyiniz məsələyə mövsüm bitəndən sonra qərar verəcəklər. Düşünmürəm ki, bu bizdə ruh düşkünlüyü yaratsın.
ELMAR VƏLİYEV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp