Son günlər cəbhədən gələn xəbərlərə yaşıl meydandakılar da biganə qalmadı. Futbolinfo.az xəbər verir ki, dünən Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində keçirilən “Xəzər Lənkəran”- “Qarabağ” matçında oyundan çox bir məsələ gündəmə düşdü.
 
Cənubluların hərbi  geyimdə meydana çıxması diqqətləri “ağ-yaşıllar”a yönəltdi. Hadisə yerli və xarici mediada, həmçinin sosial şəbəkələrdə çox danışıldı. Bu alqışalayliq addımın ideya müəllifinin kimliyi ilə bağlı klubun mətbuat katibi Hüseyn  Cəbrayıloğlu ilə əlaqə saxladıq: “Bu haqda klub rəhbərliyinə təklifimi bildirdim. Onlar da bu addımı alqışladı. Lənkəranda yerləşən Daxili Qoşunların N saylı hərbi hissəsinə bununla bağlı müraciət etdik və müsbət cavab aldıq”.
 
Maraqlıdı, meydan sahibləri qarşı tərəfə də forma ilə meydana çıxmağı təklif edibmi? Cəbrayıloğlu məsələ ilə bağlı bunları bildirdi: “Açığı, bu ideya oyun günü ağlımıza gəldi. “Qarabağ” matça təyyarə ilə gəlmişdi. Təxminən saat 12-13 radələrində Lənkərana çatdı. Onlarla hərbi papaqla meydana çıxmağı və ya bir dəqiqəlik sükut zamanı hərbi salam verməkləri ilə bağlı müzakirələr apardıq. Sonda qarşı tərəf bizə bildirdi ki, siz hərbi forma ilə çıxırsınızsa, daha bizim nə isə etməyimizə ehtiyac yoxdu”.
 
Ümumiyyətlə, Ağdamı təmsil edən, adı “Qarabağ” olan komandanın bu cür hallara biganə yanaşması heç də yaxşı hal deyil. Futbol tək meydançaya çıxıb oynamaq deyil.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp