Dünən Topaz Premyer Liqasının 28-ci turunda “Qəbələ” ilə səfərdə 0:0-lıq heç-heçə edən “İnter”in hücumçusu Vüqar Nadirovun futbolinfo.az saytına  müsahibəsi
– Yəqin ki, heç-heçə nəticəsi sizə sərf edir?
– Çətin oyun oldu. Səfərdən xalla qayıdırıq. Bu, pis deyil. 3 xal da əldə edə bilərdik. Amma alınmadı. Digər tərəfdən də hava şəraiti heç də istənilən kimi deyildi. Bu da oyunumuza təsir etdi.
– Digər oyunlara nisbətdə bu gün motivasiyanın daha çox olduğu görünürdü…
– Belə fərqli nəsə olmadı. Sadəcə, mən əvvəlki formama qayıtmaq, oyunlarda qol vurmaq istəyirəm. Çalışırdım ki, istəyimə nail olum. Hər oyun belə oynayıram. 0:0 da ədalətli nəticə oldu. 
– Cəbhədə baş verənləri komanda daxilində müzakirə edirsiz?
– Cəbhədə baş verənlər hamımız üçün əsas mövzudur. Allah şəhidlərimizə rəhmət eləsin. Mənim atam da şəhid olub. Şəhid oğlu olmaq nədir, bilirəm. Onların valideynlərinin, uşaqlarının necə çətin vəziyyətdə olduğunu bilirəm. Amma torpaqlarımızın hər hansı hissəsinin geri qaytarılması sevindiricidir. Ümid edirəm ki, bu davamlı olacaq.
– Müəyyən kəndlərin alınmasından sonra Ağdama, doğulduğunuz yerə qayıtmağı təsəvvür etdiniz?
– Əlbəttə. Ağdama, doğulduğum torpağa qayıtmağı çox istərdim. Həm də atamın qəbri oradadır. Onun qəbrini ən azından ziyarət edərdim. Şəhid olmaq, vətən uğrunda ölmək hər birimiz üçün şərəf olar. 
– Bu gün qol vursaydınız…
– Təbii ki, bu qolu şəhidlərimizə həsr edəcəkdim.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp