Cəbhə bölgəsində baş verən son olaylara heç kim biganə qalmadı. Hamı şəhidlərə görə üzüldü, ordumuzun kəsərli cavablarına, Azərbaycan – Ermənistan sərhədlərinə doğru irəliləməsinə, bir sıra torpaqların geri alınmasına görə sevindi.
 
Hətta futbol meydanlarında da bu hadisələr unudulmadı. Klublarımız müxtəlif jestlərlə, azarkeşlər plakatlarla həmrəylik nümayiş etdirdi, hamının ədaləti bərqərar edəcək müharibə istədiyini, döyüşlərdən, ölümdən qorxmadığını göstərdi. Qəbələdə, Lənkəranda yerli, Bayılda və Zirədə qonaq azarkeşlər müxtəlif plakatlar açdılar, şüarlar səsləndirdilər. “İnter”in, “Rəvan”ın biganəliyi fonunda “Zirə” azarkeşləri futbolçularını qələbəyə səslədi, halbuki bir oyunluq fərqli şüarlar səsləndirmək, elə “Kəpəz” fanatları kimi “Əsgər marşı” oxumaq olardı.
 
AZAL-ın eyibini ilk qolu vuran füzulili Aydın Qasımov örtdü. O, “Xəzər Lənkəran” futbolçusu Tural Qürbətov kimi qolu əsgər salamı ilə qeyd etdi, oyundan sonra isə AZAL-ın bütün futbolçuları azarkeşlər önündə bu hərəkəti təkrarladı. “Kəpəz”in futbolçu və məşqçi heyəti isə oyunöncəsi bir dəqiqəlik sükut zamanı sayğı duruşunda əsgər salamı verdilər.
 
Təbii ki, əsas olay Lənkəranda oldu. Meydan sahiblərinin oyuna hərbi geyimdə çıxması alqışlanası hadisə idi. Cənubluların bu jesti hər nə qədər qürurverici idisə, qarşı tərəfin biganəliyi bir o qədər üzücü oldu. Halbuki daha yaxşısını etməyə məhz “Qarabağ” borclu idi. Müharibənin getdiyi bölgənin adını daşıyan klubun rəsmiləri heç nə olmayıbmış kimi davrandılar. Nə hər hansı bir aksiya, nə qollar zamanı fərqlilik…
 
Ağdamlılar qonaq komanda olmaq bəhanəsinə sığınmasın. Bu, elə bir hadisə idi ki, onunla bağlı hər şey fikirləşmək, kreativ nəsə düşünmək olardı. Amma, amma, amma…
 
Bu azmış kimi, şəhidlərin ruhuna hörmət əlaməti olaraq elan olunan sükut zamanı bütün stadion ayağa qalxsa da, VİP-lojada əyləşən 2 nəfər – klubun himayədarı olan “Azərsun”un Lənkərandakı Konserv Zavodunun müdiri ilə müavini bunu etmədilər (futbol+). Bu məqam klub rəhbərliyi tərəfindən hər şeyin məhz belə planlaşdırıldığının göstəricisidi. Görünür, “Qarabağ” da işğal olunub və Qarabağın işğalçılardan təmizlənməsi kimlərəsə xoş deyil.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp