Dünən keçirilən “Xəzər Lənkəran” – “Qarabağ” matçı qalmaqalsız ötüşməyib. Futbolinfo.az xəbər verir ki, matçdan sonra “ağ-yaşıllar”ın azarkeşlərindən ikisi polis tərəfindən saxlanılıb. O, oyuna gəlmiş 50-yə yaxın qonaq fanata hücum etməkdə təqsirli bilinib.
 
Amma polis olayın böyüməsinə imkan verməyib. Hadisənin qarşısı vaxtında alınıb.
 
Tutulan şəxslərin kimliyi və aqibəti ilə bağlı məlumat almaq üçün lənkəranlıların mətbuat katibi Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxladıq. O, yalnız bir nəfərin saxlanıldığını bildirdi: “Dünən azarkeşlərimizdən 1 nəfər həbs olunmuşdu. Sonradan dəqiqləşdirdik ki, tutulan şəxsin adı Fərman Səfərlidi. Klub rəhbərliyinin polis idarəsinə müraciətindən sonra həmin azarkeşə bölmədə maarifləndirici tövsiyə verilib və evə buraxılıb. Bu gün səhər Səfərlini yenidən şəxsiyyət vəsiqəsini götürüb, bölməyə gəlməsi deyilib. Səbəb isə onun bölmədə olub-buraxılması ilə bağlı sənədlərin protokollaşdırılmasıdı”.
 
Qeyd edək ki, qarşılaşma 2:1 hesabı ilə ağdamlıların qələbəsi ilə yekunlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp