Topaz Premyer Liqasının 28-ci turunda səfərdə “Qəbələ” ilə qolsuz heç-heçəyə razılaşan “İnter”in yarımmüdafiəçisi Nika Kvekveskiri matç haqqında danışıb. Futbolinfo.az saytına açıqlama verən gücü futbolçu bunları deyib:
“Çətin oyun oldu. “Qəbələ” həmişə güclü rəqib olub. Ona görə də qarşılaşma gərgin keçdi. Hər iki tərəfin fərqlənmək üçün şansları var idi. 0:0-ı “İnter” üçün yaxşı nəticə sayıram. Çünki rəqib qalib gəlsəydi, turnir cədvəlində bizdən irəli keçəcəkdi. Ona görə də 1 xal da pis deyil. Bizim fikrimiz avrokuboklara vəsiqə verən yerdə qərarlaşmaqdır. Bunun öhdəsindən də hələ ki, gəlirik”.
Nika komandasının avrokuboklara vəsiqə qazanacağı halda qitə meydanlarında oynamaq imkanından məhrum olmasından və UEFA-nın qadağasından danışıb: “Bu qərar bizə təsir etməyib. Komanda hədəfləri üçün mübarizə aparır. Nə olsun ki, biz avrokuboklarda oynaya bilməyəcəyik? Əsas odur ki, peşəkarıq və işimizə əvvəlki məsuliyyətlə yanaşırıq”.
Yarımmüdafiəçi bir neçə ay öncə “İnter”dən gedəcəyi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib: “Düzdür, əvvəl burdan getmək istəyirdim. Çünki hamının bildiyi kimi, vəziyyət yaxşı deyildi. Amma indiki rəhbərlik əla şərait yaradıb. Bu şəraitdə hər şey qaydasındadır. Ona görə də məni saxlayacaqları halda burada qala bilərəm”.
Sonda Kvekveskiri Azərbaycan və Ermənistan arasındakı gərginlik haqqında danışıb: “Müharibə hər zaman pisdir. Çünki insanlar zərər görür, uşaqlar, qadınlar əziyyət çəkirlər. Dünyada olan müharibələrdən insanlar ancaq zərər görürlər. Müharibələr dayansın, insanlar ölməsin. Mən hər zaman sülhün tərəfdarıyam”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp