Topaz Premyer Liqasının XXVIII turunda “Rəvan”la qarşılaşan “Neftçi” mövsümdə 11-ci məğlubiyyətini alıb. Futbolinfo.az xəbər verir ki, bununla, paytaxt təmsilçisi antirekordunu yeniləyib.
 
Belə ki, ölkənin ən titullu klubu çıxış etdiyi Azərbaycan çempionatlarında heç vaxt eyni mövsümdə 11 dəfə uduzmamışdı. Düzdü, 1993/94 mövsümünün turnir cədvəlində bakılıların hesabında 12 yenilgi əks olunub. Amma bu, heç də “Neftçi”nin məğlub olması sayəsində gerçəkləşməyib. 22 qarşılaşmada 4 dəfə uduzan “ağ-qaralar” çempionatda iştirakdan imtina etdiyi üçün son 8 görüşdə texniki məğlubiyyət alıb. Hətta həmin vaxt narazılar fərqli çempionat da təşkil etmək istəyinə də düşmüşdü.
 
Həmin qeyri-adi halı nəzərə almasaq, paytaxt təmsilçisi ən pis halda 10 dəfə uduzmuşdu. Bu da 2013/14 mövsümündə qeydə alınıb. Həmin vaxt 36 görüşdə 10 dəfə xalsız qalan “ağ-qaralar” sonda 4-cü olmuşdu.
 
Bundan başqa, “Neftçi”nin 9 məğlubiyyətlə bitirdiyi mövsümlər də olub. 1997/98 mövsümündə 26 matçda 9 dəfə uduzan Bakı klubu 6-cı olmuşdu. 2011/12 mövsümündə isə 32 görüşdə alınan 9 məğlubiyyət çempionluq tituluna mane olmamışdı. Paytaxt təmsilçisi ötən çempionatda da 32 qarşılaşmadan 9-da xalsız qalmışdı.
 
Cari mövsümdə sona 8 tur qalmış məğlubiyyət sayında antirekorda imza atan bakılılar nəticəsini daha da pisləşdirə də bilər. Çünki sonuncu dövrədə “Neftçi” yalnız autsayderlə qarşılaşıb və digər klublarla oyunlar qalıb. (apasport.az)
Shares: