Dünən Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində “Kəpəz” səfərdə AZAL-la qarşılaşdı. Futbolinfo.az xəbər verir ki, oyun 3:0 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə yekunlaşdı. Matçdan sonra gəncəlilərin qapıçısı Tadas Simaitis jurnalistlərin suallarını cavablandırıb. 
– Matçla bağlı fikirlərin nədi?
– Çətin oyun oldu. Son matçlarda AZAL-ın belə yaxşı uğurlu oyun sərgilədiyini bilirdik. Rəqib çox yaxşı komandadı. Müdafiədə kobud səhvlər etdik. Hansı ki, bunu həmişə etmirik. Bu gün pis oynadığımız matçlardan biri oldu. İlk qolu buraxdıqdan sonra AZAL kimi sıx müdafiə olunan komandaya qarşı oynamaq daha çox çətinləşdi.
– "Kəpəz”in ardıcıl 4 qələbədən sonra AZAL qarşısına arxayın çıxdığını düşünmək olar?
– Mən belə düşünmürəm. Niyə arxayın olaq? Bütün oyunlarda olduğu kimi, AZAL-la matça da ciddi hazırlaşmışdıq. Üçüncü yerdə olsaq da, ən yaxın izləyicilərimizlə xal fərqimiz azdı. Bizim üçün hər oyun final kimidi.
– Yəqin ki, hesabın belə olacağını gözləmirdiniz?
– Futbolda hərdən belə nəticələr olur.
– Hesabda geri düşdükdən sonra real qol imkanınız olsa da, bundan istifadə edə bilmədiniz. Oyunun axarını xeyrinizə dəyişməyə nə mane oldu?
– AZAL böyük qüvvə ilə müdafiə olunaraq əks-hücumlarda oynayıb, bizim səhvlərimizi gözləyirdi. Buna görə belə alındı. Qol vura bilmirsənsə, sonda nəticə sənin üçün belə üzücü olur.
– Növbəti turda lider "Qarabağ”la qarşılaşacaqsınız. Bugünkü məğlubiyyət sizə psixoloji baxımdan problem yarada bilərmi? Junior Osvaldonun da cəzalı duruma düşdüyünü nəzərə almaq lazımdı…
– "Qarabağ”a qarşı həmişə motivasiya böüykdür. Bəli, bizim üçün çox çətin matç keçəcək. Bundan başqa, Junior Osvaldo heyətdə olmayacaq. Əvəzində Budaq Nəsirov yenidən sıraya dönəcək. "Qarabağ”la görüş tam başqa olacaq. Biz AZAL-a qarşı hücum futbolu oynayırdıqsa, onda daha çox müdafiə futbolu göstərəcəyik. Bu, bizim üçün daha yaxşı olacaq.
– "Qarabağ"a qarşı cari çempionatda hər 3 oyunda məğlub olmusunuz. Növbəti matçda xal qazanmaq şansınız var?
– Əlbəttə. Biz meydana bunun üçün çıxacağıq.
– Rəqib komandanın heyətində Reynaldonun sıraya qayıtması sizi qorxutmur?
– Reynaldo Messi deyil ki, ondan qorxaq. Messi bizə qarşı oynasaydı, qorxardıq. (gülür)
ELMAR ABDULLA-ZADƏ
Shares: