Bir neçə gün əvvəl layihələrimizə uşaq futbolu ilə start verdik. Sözügedən yazıda 5 Premyer Liqa klubumuzun uşaq komandalarını hansı məşqçilərə tapşırması ilə bağlı maraqlı faktları ortaya qoyduq. Bununla da məlum oldu ki, bəzi klublarımız gözdən pərdə asmaq üçün uşaq komandaları saxlayır.
Budəfəki yazımızda isə daha 5 elita klubumuzun uşaq komandalarını işıq üzünə çıxarmağa çalışdıq. Yenə də aydınlaşdı ki, nəsə etməyə cəhd göstərən klublarla yanaşı, “lisenziya tələbidir” deyə candərdi komanda saxlayanlar da var.
İndi isə başlayaq liderlər sırasında qərarlaşan "İnter"lə. Görək, daim çempionluq uğrunda "savaşan" "bankirlər"in uşaq komandaları nə vəziyyətdədi?
2-ci yazı
İnter
U-8: Xəyal Mustafayev –
U-9: Yavər Rəhimov –
U-10: Rövşən Qasımov – 17 oyuna 32 xal toplayıb və 8 komanda arasında 5-ci pillədədi
U-11: Xəyyam Bəkirov – 17 oyuna 34 xal toplayıb və 6 komanda arasında 4-cü pillədədi
U-12: Vəli Hüseynov – 17 oyuna 35 xal toplayıb və 11 komanda arasında 3-cü pillədədi
U-13: Eldar Ağaxanov – 16 oyuna 32 xal toplayıb və 6 komanda arasında 3-cü pillədədi
U-14: Elmir Mirzəyev – 18 oyuna 35 xal toplayıb və 10 komanda arasında 3-cü pillədədi
U-15: Vaqif Hidayətov – 30 oyuna 74 xal toplayıb və 18 komanda arasında 2-ci pillədədi
U-16: Nadir Əliyev – 23 oyuna 36 xal toplayıb və 15 komanda arasında 8-ci pillədədi
U-17: Xəyal Mustafayev – 22 oyuna 40 xal toplayıb və 14 komanda arasında 2-ci pillədədi
U-19: Arif Əmirxanov – 18 oyuna 19 xal toplayıb və 12 komanda arasında 7-ci pillədədi
Xəyal Mustafayev, Vəli Hüseynov, Arif Əmirxanov, Vaqif Hidayətov kimi veteran futbolçuların rəhbərlik etdiyi komandaların nəticəsi göz qabağındadı. Futbol komandasını onu bilənə tapşıran rəhbərlik nəticəsini də görür. Veteran futbolçu Nadir Əliyevin rəhbərlik etdiyi kollektiv nəticəsi ilə elə də seçilmir. Ümid edirik ki, onun yetişdirdiyi futbolçular əsas komanda və milli səviyyəsinə yüksələr.
Vaxtilə prezidentindən tutmuş süpürgəçisinə kimi legionerlərdən təşkil olunan klubun tanınmayan məşqçilər əvəzinə veteran futbolçularımıza güvənməsi sevindirici haldı. Ancaq o da var ki, veteran futbolçu olmaq hələ peşəkar məşqçi olmaq demək deyil. Bu səbəbdən “İnter” işini bir qədər də yaxşılaşdırmalı, daha peşəkar insanlara üz tutmalı, məşqçiləri arasında da rəqabəti artırmalıdı ki, daha yaxşı futbolçu nəsli yetişdirsin.
Kəpəz
U-10: Xəyal Zeynalov – 12 oyuna 12 xal toplayıb və 6 komanda arasında 5-ci pillədədi
U-11: Məhəmməd Məmmədov (ictimai əsaslarla) – 12 oyuna 32 xal toplayıb və 4 komanda arasında 1-ci pillədədi
U-12: İbrahim Hüseynov – 11 oyuna 28 xal toplayıb və 6 komanda arasında 2-ci pillədədi
U-13: Tariyel Hüseynov – 12 oyuna 21 xal toplayıb və 13 komanda arasında 6-cı pillədədi
U-14: Ceyhun Tanrıverdiyev – 12 oyuna 34 xal toplayıb və 6 komanda arasında 1-ci pillədədi
U-15: Mətləb Məmmədov – 30 oyuna 36 xal toplayıb və 18 komanda arasında 12-ci pillədədi
U-16: Tofiq Məmmədov – 24 oyuna 12 xal toplayıb və 15 komanda arasında 13-cü pillədədi
U-17: Anar Kələntərov – 22 oyuna 23 xal toplayıb və 14 komanda arasında 9-cu pillədədi
U-19: Vidadi Rzayev – 18 oyuna 13 xal toplayıb və 12 komanda arasında sonuncu pillədədi
Ölkə futbolçunun beşiyi olan və millimizə bir çox sayılıb-seçilən futbolçular qazandıran Gəncə təmsilçisi "Kəpəz" də bu barədə seçilir. Uşaq komandalarının hamısını veteran futbolçulara tapşıran qərblilərin yenə əvvəlki günlərinə qayıdacağına ümid edirik.
Klub maddi baxımdan çətin günlər yaşayıb, I diviziona yollandıqdan sonra uşaq komandaları da sahibsiz qalıb. İki mövsümlük aradan sonra yenidən Premyer Liqaya qayıdan klub uşaq komandalarına da ciddi diqqət ayırmağa başlayıb.
Düzdü, bütün uşaq komandalarına veteranlar rəhbərlik edir. Amma nəticələr də göstərir ki, ya onların məşqçilik, ya da seleksiya bacarığı istənilən səviyyədə deyil. Klubda iş sistemli qurulsaydı, bir komanda zirvədə, digəri zirzəmidə olmazdı. Deməli, nələrsə düz deyil. Biz xatırlatdıq, nəticə çıxarmaq klub rəhbərliyinin işidi. Hakim-inspektor Məhəmməd Məmmədova komanda tapşıran rəhbərliyin…
Xəzər Lənkəran
U-10: İqbal Babayev – 12 oyuna 34 xal toplayıb və 4 komanda arasında 1-ci pillədədi
U-11: Seyfəddin Əliyev – 11 oyuna 28 xal toplayıb və 6 komanda arasında 2-ci pillədədi
U-12: Röyal Abbasov – 10 oyuna 30 xal toplayıb və 6 komanda arasında 1-ci pillədədi
U-13: Xəyal Abbasov – 13 oyuna 39 xal toplayıb və 4 komanda arasında 1-ci pillədədi
U-14: Cavid Quliyev – 9 oyuna 27 xal toplayıb və 4 komanda arasında 1-ci pillədədi
U-15: Mircəlal Əliyev – 29 oyuna 73 xal toplayıb və 18 komanda arasında 3-cü pillədədi
U-16: Namiq Qarayev – 23 oyuna 41 xal toplayıb və 15 komanda arasında 5-ci pillədədi
U-17: Ağadadaş Həmidov – 21 oyuna 32 xal toplayıb və 14 komanda arasında 6-cı pillədədi
U-19: Hafiz Əliyev – 18 oyuna 38 xal toplayıb və 12 komanda arasında 3-cü pillədədi
“Xəzər Lənkəran”ın uşaq komandalarının nəticələri ümid verir. Klub hər nə qədər pulu legionerlərə sovurması ilə diqqət çəksə də, uşaq futbolunda boş dayanmayıb. Elə indi əsas komandanın yerli gənclərin ümidinə qalması da bunu göstərir. Deməli, pis-yaxşı – uşaqlar hazırlanıb.
Təbii ki, səviyyə aşağıdı. 4 komanda arasında 1-ci olmaq ciddi uğur sayıla bilməz. Heç qapıçı məşqçisinin hansısa komandaya rəhbərlik etməsi də alqışlanmamalıdı. Klubda əsasən sabiq lənkəranlı futbolçular işləyir və bundan sonrakı mərhələ əsasən onların peşəkarlıq səviyyəsinin artırılmasına çalışmaqdı. Yalnız bu halda cənublular milli komandalara çoxlu namizəd verə bilər.
Sumqayıt
U-10: Elşad Eyvazov – 12 oyuna 22 xal toplayıb və 7 komanda arasında 4-cü pillədədi
U-11: Zair Əsgərov – 13 oyuna 39 xal toplayıb və 8 komanda arasında 1-ci pillədədi
U-12: Azad Mütəllimov – 13 oyuna 29 xal toplayıb və 6 komanda arasında 2-ci pillədədi
U-13: Ağamusa Bağırov – komanda XV turdan yarışda iştirak etmir
U-14: Vüqar Quliyev – 18 oyunda 29 xal toplayıb, 10 komanda arasında 6-cı pillədədi
U-15: Tərlan Məmmədov – 30 oyuna 52 xal toplayıb və 18 komanda arasında 7-ci pillədədi
U-16: Hikmət Hüseynov – 24 oyuna 30 xal toplayıb və 15 komanda arasında 10-cu pillədədi
U-17: Zaur Hidayətov – 22 oyuna 50 xal toplayıb və 14 komanda arasında 3-cü pillədədi
U-19: Vaqif Paşayev – 18 oyuna 17 xal toplayıb və 12 komanda arasında 8-ci pillədədi
Prezidenti Kamran Quliyev olsa da, AFFA-nın baş katibi Elxan Məmmədovun himayə etdiyi klubun məramı hər kəsə bəllidi. Əsasən yığma komandalara gənc futbolçular yetişdirməyi qarşısına məqsəd qoyan "kimyaçılar"ın bu işi elə də gözə dəymir.
Daim futbolçu fabriki kimi baxdığımız Sumqayıtda yenə xeyli istedad var. Əksər komandalar veteran futbolçulara tapşırılsa da, ortada yaxşı nəticələr yoxdu. Nə milli komandalara layiqli namizədlər verilir, nə də əsas komandaya. Elə bunun nəticəsidi ki, əsas komanda başqa klublara lazım olmayanların və milliləşdirilənlərin oylağına çevrilib. Vaqif Paşayev kimi illərin təcrübəsini toplamış mütəxəssisin rəhbərlik etdiyi akademiyada vəziyyət belədisə, deməli, ortada düz gütməyən nələrsə var. Klub rəhbərliyi papağını qabağına qoyub düşünməli, istedadların məhv olmasına imkan verməməlidi. 5-6 il əvvələ kimi hər elita komandamızda azı 3-4 sumqayıtlı olardı, indi isə hamı dağıstanlıların ümidinə qalıb. Bəlkə elə “Sumqayıt” rəhbərliyinin milliləşdirmə həvəsidi yerli gənclərin qarşısını kəsən?
Rəvan
U-10: Tərlan Salmanov – 16 oyuna 37 xal toplayıb və 8 komanda arasında 2-ci pillədədi.
U-11: Rəşid Tağıyev – komanda XV turdan (27-28 fevral) yarışlarda iştirak etmir
U-12: Rəşid Tağıyev – 17 oyuna 32 xal toplayıb və 11 komanda arasında 5-ci pillədədi
U-13: Böyükxan Xəlilov – cari mövsüm bir dəfə belə qələbə qazanmayan komanda final mərhələsinə vəsiqə qazana bilməyib və XV turdan (27-28 fevral) yarışlarda iştirak etmir
U-14: Tərlan Salmanov – cari mövsüm bir dəfə qələbə sevinci yaşayan komanda XI turdan (26-27 dekabr) yarışlarda iştirak etmir
U-15: Mətin Əsədzadə – 30 oyuna 13 xal toplayıb və 18 komanda arasında 17-ci pillədədi
U-16: Xanoğlan Abbasov – 24 oyuna 14 xal toplayıb və 15 komanda arasında 12-ci pillədədi
U-17: Adil Qasımov – 22 oyuna 6 xal toplayıb və 14 komanda arasında sonuncu pillədədi
U-19: Zamin Əsədullayev (həm də klub akademiyasının rəhbəri) – 18 oyuna 15 xal toplayıb və 12 komanda arasında 10-cu pillədədi
"Rəvan"da da vəziyyət acınacaqlıdı. Hər yoldankeçənə uşaqları tərbiyə etməyi tapşıran rəhbərlik indi acı nəticələrə qatlaşmaq məcburiyyətindədi. Yəqin ki, “Rəvan”a gələn gənclər elə bu yaşında futbolla vidalaşacaq.
ELMAR VƏLİYEV