Topaz Premyer Liqası iştirakçıları Qarabağ uğrunda döyüşlərdə şəhid olan 12 əsgərimizi yad edib, habelə bu gün də səngərlərdə Azərbaycanımızı qoruyan, erməni daşnaqlarını qanına boyayan hərbçilərimizə müxtəlif cür dəstək oldular. Əlbəttə, “Xəzər Lənkəran”ın atdığı addım əsl vətənpərvər hərəkəti idi. Ancaq ən çox diqqətlər “Qarabağ” üzərinə yönəlmişdi.
Nə etdi bu klubun rəhbərliyi? Şəhid ailələrinə hansı mənəvi dəstəyi göstərdi? Səngərlərdə güllə səsindən ağız deyəni qulaq eşitməyən bir vəziyyətdə torpaqlarımızı müdafiə edən əsgərlərimizə dayaq oldumu? Gözlərinin qarşısında “Xəzər Lənkəran” hər bir əsgərimizin yanında olduğunu göstərdi. AZAL-ın hücumçusu Aydın Qasımov qol vurarkən məgər sevinmirdi? Ancaq o, həmin qardaşlarımızı unutmadı. Hərbi salam verməklə Qasımov hayatda candan da vacib – Vətən sevgisini büruzə verdi. “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk yaranmış vəziyyətdə futbolun arxa plana keçdiyini dedi. “Qarabağ” isə…
Gündüz saatlarında klubun icraçı direktoru Əmrah Çəlikələ zəng vuraraq, bu biganəliyin hesabatını tələb etmək istədik. Əvvəlcə zənglərimizi cavabsız qoyan klub rəsmisi daha sonra iclasda olduğunu və 20 dəqiqə sonra danışa biləcəyini vurğuladı. Ancaq nə 20 dəqiqə, nə də 120 dəqiqə sonra Çəlikəlin səsini eşitmədik. Əlacsız qalıb, hazırda səhhətindəki problemlərə görə müalicə alan klubun təsisçisi Adil Nadirovla əlaqə saxladıq. “Qarabağ”ın yaradıcısının futbolinfo.az saytına müsahibəsini təqdim edirik.
– Adil müəllim, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgərlərimizə “Qarabağ”ın biganə qalmasını necə izah edə bilərsiniz?
– Bu klubda bir qarabağlı mənəm. Ancaq vəziyyətim çox pisdi. Maşın idarə edə bilmirəm, oğul. Mən orada yoxamsa, kimin yadına düşəcək ki?
– Məgər Qarabağ yalnız qarabağlılarındı?
– Qarabağ hər bir vicdanlı azərbaycanlınındı! Bu ad hər birimizin ağrılı yeridi. Sabah oğluma deyəcəm, mütləq maşını sürdürəcəm ofisə. Hamısını rüsvay edəcəm! Klub rəhbərliyini nəzərdə tuturam. Necə yəni biganəlik? Gördünüz “Xəzər Lənkəran” necə hərəkət elədi!? Hansısa şəkildə əsgərlərimizə, hərbçilərimizə dəstək nümayiş etdirilməli idi. O ki qaldı dediyim sözə, bundan inciməyin. Mən şəhid vermişəm. Bu acını sən yaşaya bilməzsən. Sevinirəm ki, əsl-kökün hansı bölgədən asılı olmadan hər biriniz belə canfəşanlıq edirsiniz. Cavan deyiləm, oğul. Açıq deyirəm, sevinirəm ki, başladıq! İstəyirəm məni sarı yox, doğma yaşıl torpağımda dəfn etsinlər.
– Ancaq bu, “Qarabağ” adına qara ləkədi!
– Növbəti turda hansısa şəkildə mütləq belə bir dəstək görəcəksiniz. Sabah mütləq ofisə gedəcəm. İnanın, bu biganəlik mənə sizdən çox təsir elədi.
CEYHUN ƏLİYEV