“Xəzər Lənkəran” – “Qarabağ” oyununda şəhidlərin ruhuna hörmət əlaməti olaraq elan olunan sükut zamanı bütün stadion ayağa qalxsa da, VİP-lojada əyləşən 2 nəfər – klubun himayədarı olan “Azərsun”un Lənkərandakı Konserv Zavodunun müdiri ilə müavini bunu etmədilər. Bu haqda xəbərə “Qarabağ”dan gün ərzində bir reaksiya öyrənə bilmədik.
 
Nəhayət, axşamüstü “Azərsun Holdinq”dən açıqlama gəldi: “Azərbaycanın milli şirkəti olan “Azərsun Holdinq” ölkəmizin müqəddəs dəyərlərinə nəinki sadiq qalır, onları özündə yaşadır və bütün dünyada şərəflə daşıyır. Belə bir həssas dönəmdə “Xəzər Lənkəran” – “Qarabağ”  oyununda qonaqlar üçün ayrılmış sektorda əyləşmiş iki şəxsin bir dəqiqəlik sükut zamanı ayağa qalxmamasını hansısa fürsətcilərin “Azərsun Holdinq”lə əlaqələndirməsini ikrah hissi ilə qarşılayırıq. Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verən şirkət olaraq bu gün Vətən torpaqlarının azad olunması istiqamətində qanı və canı ilə  döyüşən qardaşlarımızın  daim yanındayıq və şəhidlərimizin əziz xatirəsini qəlbimizdə yüksək tutur, şərəflə anırıq. Belə bir həssas məqamda bu cür xəbərlər yayaraq “Azərsun Holdinq” adına qara yaxmaq istəyən şəxslərin qanun qarşısında cavab verəcəklərini bəyan edirik!”
Shares: