“Xəzər Lənkəran” – “Qarabağ” qarşılaşmasında son günlər cəbhədə başverənlərə biganəliyi ilə yadda qalan Ağdam klubunun rəhbərliyinin əksinə, oyunçular unutqan deyil. Futbolinfo.az xəbər verir ki, komandanın şərəfini qoruyan legionerlər sosial şəbəkələrdə ölkəmizə dəstəyini nümayiş etdiriblər.
Onlar öz hesablarında profil şəkillərinə Azərbaycan bayrağı qoyublar. Reynaldo, Riçard Almeyda, Ansi Aqolli, Muarem Muraem, yerlilərdən isə Coşqun Diniyev, Eltun Yaqublu bu aksiyaya qoşulub.
Qeyd edək ki, sözügedən matçda “Qarabağ” klubunun biganəliyi fonunda lənkəranlı futbolçuların meydana hərbi forma ilə çıxması ciddi müzakirələrə səbəb olmuşdu. Yalnız mətbuatın təzyiqindən sonra Ağdam klubu da müəyyən addımlar atmağa başlayıb. Klub saytında müharibə ilə bağlı xəbərlər yerləşdirilir, yuxarıda qeyd etdiyimiz aksiyalar təşkil olunur.