“Xəzər Lənkəran” ötən tur hər kəsə nümunə olacaq addımla ön cəbhəyə töhfəsini verdi. Növbəti tur cənublular evdə “Neftçi”ni qəbul edəcək. Bəs qonaq komanda libasında oyuna çıxacaq “ağ-qaralar” əsgərlərimizə dəstək olacaq hansısa bir aksiya keçirməyi planlaşdırırlarmı? “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov futbolinfo.az saytının bu mövzuda ünvanladığı sualları cavablandırdı.
– “Xəzər Lənkəran”ın döyüşçülərimizə dəstək olması hər kəsə örnək oldu. Təmsil etdiyiniz klub bu səpkidə hansısa bir addım atmağı planlaşdırırmı?
– “Xəzər Lənkəran”ın ötən tur atdığı addım həqiqətən də alqışalayiqdi. Bu gün hamımızın bir düşməni var. Hamımız əsgərlərimizin yanındayıq. Hamımızın qəlbi ön cəbhəylə döyünür, oradan xəbərlər gözləyirik. Hər gün, hər an vəziyyət dəyişir. Bu üzdən də konkret hansı addımı atacağımızı, hansı şəkildə əsgərlərimizə dəstək olacağımızı deyə bilmirəm. Bu gün “Asan xidmət”in radiosunda 5 futbolçumuz çıxış edib, ordumuza dəstək olduqlarını nümayiş etdiriblər. Ancaq sabahkı durumu indidən müəyyənləşdirmək olmur. Bu məsələ klub rəhbərliyinin diqqət mərkəzindədi.
– Bu gün Milli Məclisin deputatları məvaciblərinin müəyyən hissəsinin orduya köçürülməsini təklif ediblər. “Neftçi” buna bənzər addım atmağı planlaşdırmır? Axı, indiki vəziyyətdə əsas miqdar deyil, mənəvi dəstəkdi. Məsələn, ərzaq, siqaret, şirniyyat göndərməklə, əsgərlərimizə “Neftçi”nin dəstək olduğunu nümayiş etdirərsiniz…
– Bu təklifi ikiəlli dəstəkləyirəm. Özüm hərbi xidməti cəbhə bölgəsində keçmişəm. Hər bir əsgərimizin, zabitimizin dəstəyə ehtiyacı var. Rəhbərliyə bu barədə məlumat verəcəm, təklif irəli sürəcəm. Ancaq bəri başdan qeyd edim ki, bu yöndə görülən istənilən addım barədə ictimaiyyətə məlumat verilməyəcək. Çünki biz vətəndaş borcumuzu yerinə yetirmiş olacağıq. Bunu kiminsə gözünə girmək və ya reklam xatirinə etməyəcəyik.
– Cəbhə bölgəsinə səfər etmək necə?
– Bu da əla ideyadı. Ancaq məsələnin digər tərəfi də var. Futbolçularımızı hərbi hissələrə aparmaq ordumuzun gördüyü işə ziyan vurmazmı? Bu sualın cavabını dəqiqləşdirmədən, konkret rəy bildirə bilmirəm. Hər halda, bu məsələnin də üzərində baş sındırmağa dəyər. Vəziyyət elədi ki, azərbaycanlıların yumruq kimi birləşməsi məqamıdı və hər kəs ordumuza bacardığı qədər dəstəyini verməlidi. 
CEYHUN ƏLİYEV 
Shares: