“Coca-Cola” şirkəti UEFA U-17 Avropa Çempionatı Azərbaycan-2016-nın rəsmi tərəfdaşı olub. Futbolinfo.az xəbər verir ki, bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının inzibati binasında baş katib Elxan Məmmədovla "Coca-Cola" şirkətinin Qafqaz və Mərkəzi Asiya regionunda ictimaiyyətlə əlaqələr və kommunikasiya üzrə meneceri Oleq Piletskiy arasında görüş keçirilib.
Tərəflər arasında razılığa əsasən, uzun illər ərzində Olimpiya oyunları, FIFA dünya çempionatları və UEFA Avropa çempionatlarının əsas tərəfdaşı qismində çıxış etmiş “Coca-Cola” şirkəti U-17 Avropa Çempionatını öz məhsulları ilə təmin edəcək.
Elxan Məmmədov beynəlxalq idman yarışlarına daim dəstək göstərən dünya üzrə məşhur “Coca-Cola” şirkəti ilə əməkdaşlığın əhəmiyyətini bildirib: “Coca-Cola” şirkətinin Bakıda keçiriləcək futbol üzrə Avropa Çempionatının rəsmi tərəfdaşı kimi iştirakını təsdiqləməkdən məmnunam. “Coca-Cola” beynəlxalq arenada tanınmış brenddir və böyük idman çempionatlarının dəstəyində zəngin tarixə malikdir, bu isə şirkəti yarışların etibarlı partnyoruna çevirir”.
Oleq Piletskiy qeyd edib ki, bu qədər əhəmiyyətli beynəlxalq tədbirə dəstək göstərmək şirkət üçün nüfuzlu bir hadisədir: “«Coca-Cola» şirkəti təmsil olunduğu bütün ölkələrdə idmanın inkişafına böyük diqqət yetirir və hesab edirik ki, idman hamımız üçün zəruri ilham mənbəyidir. Fəal və sağlam həyat tərzi xoşbəxt həyatın təməlidir, bu isə öz növbəsində cəmiyyətin rifahına fayda verir. Bu, “Coca-Cola”nın bütün dünyada idman tədbirlərini dəstəkləməsinin əsas səbəbidir. Qarşıdan gələn futbol üzrə Avropa Çempionatının rəsmi tərəfdaşı olaraq inanırıq ki, bu yarış insanları daha fəal və sağlam həyat tərzi sürməyə ilhamlandıracaq”.
Qeyd etmək lazımdır ki, “Coca-Cola” şirkəti müntəzəm olaraq Azərbaycanda uşaq futbolunun inkişafına dəstək göstərir. Belə ki, şirkət 2011-ci ildən etibarən “Coca-Cola Məktəbli Kuboku” turnirinin təşkilatçılarından biridir. Ötən beş il ərzində adıçəkilən birincilik 1 milyondan artıq məktəblini cəlb edib və turnirin qalibləri müxtəlif beynəlxalq yarışlarda iştirak hüququ qazanıb. Təqdirəlayiqdir ki, “Coca-Cola Məktəbli Kuboku” turnirinın IX siniflər arasında 2014/2015 mövsümünün qalibi olmuş Səbail rayonunun 163 saylı orta məktəbinin komandasının Lans və Lill şəhərlərində keçiriləcək “School Football Euro 2016” beynəlxalq futbol turnirində iştirak edəcək.