Ötən turdan Topaz Premyer Liqasında 4-cü dövrəyə start verilib. Bu da o deməkdi ki, artıq mövsümün finişi görünür. Elə sözügedən turdan çempionluğa doğru iri addımlarla irəliləyən və aşağı diviziona yuvarlanacaq deyə dizləri titrəyənlər müəyyən qədər bəllidi. İndi gəlin görək, hansı klublarımızın avrokuboklara vəsiqə qazanmaq şansı daha yüksəkdi.
Zirvədəki yerini kiməsə güzəşt edəcəyi inandırıcı görünməyən son iki mövsümün çempionu "Qarabağ" ən yaxın təqibçisini 10 xal qabaqlayır. Bu səbəbdən də "atlılar"ın Çempionlar Liqasının qrup mərhələsi üçün mübarizə aparacağı heç kimdə şübhə doğurmur. Bu səbəbdən də, Ağdam təmsilçisini qoyduq bir kənara. UEFA-nın sanksiyası ilə üzləşən və avrokuboklardan kənarlaşdırılan "İnter"i də tərpətməyək. UEFA qaydalarına görə fəaliyyət müddəti az olduğu üçün "Zirə"də "evdə qalacaq". Turnir cədvəlinin zirzəmisində məskən salan "Rəvan"la legionerlərini aldatdığı üçün UEFA-nın qəzəbinə tuş gələn və xallarının silinəcəyi günü gözləyən onun qonşusu "Xəzər Lənkəran"ın da avrozona tərəfə boylanacağı mümkünsüzdü. Qeyri-sabit oyunu və nəticələri ilə yuxarıda adlarını çətdiyimiz iki klubu yalnız buraxmayan "Sumqayıt"ın da Avroliqa üçün nəsə edəcəyini desək, abdurd olar. 
İndi isə gələk avrokuboklara vəsiqə verən 3 yer uğrunda "savaşmaq" potensialı olan 4 klubumuza. Bunlar "Kəpəz", "Qəbələ", AZAL və "Neftçi"di. Nəyə görə 3 yer? Çünki Azərbaycan Kubokunun yarımfinalında "İnter" – "Qarabağ" və "Neftçi" – "Qəbələ" cütlüyü mübarizə aparacaq. Təbii ki, burada "Qəbələ"nin Ağdam klubu ilə finalda mübarizə aparmaq şansı daha çoxdu. Lakin ötən mövsüm də sözügedən mükafata sahib çıxan ağdamlıların hazırda uğursuz çıxışı ilə yadda qalan və 5-ci pillədə qərar tutan Qəbələ təmsilçisinə güzəşt edəcəyi inandırıcı deyil. Buna görə də "Qarabağ" çempion kimi kuboku götürsə, ondan sonra 3 yeri tutan avrokuboklara vəsiqə qazana biləcək. Beləliklə, 2-ci pillədəki "Zirə" və 3-cü "İnter" sona qədər yerindən tərpənməsə, 4, 5 və 6-cı mövqeyin sahibləri avrokuboklara vəsiqə əldə edəcək. Onda gəlin həmin 4 komandanın şanslarını götür-qoy edək.
Başlayaq 4-cü pillədəki "Kəpəz"dən. Hazırda 3-cü yerin sahibi "İnter"lə eyni – 45 xala sahib olan gəncəlilərin qarşıdakı rəqiblərinə nəzər yetirək:
 
(11 xal) "Kəpəz" – "Qarabağ" (səfərdə), "İnter" (evdə), "Sumqayıt" (səfərdə), "Rəvan" (evdə), "Xəzər Lənkəran" (səfərdə), "Neftçi" (evdə), "Zirə" (səfərdə), "Qəbələ" (evdə)
"Sarı-göylər" növbəti tur lider "Qarabağ"ın qonağı olacaq. Cari mövsüm bu rəqibinə "gözün üstə qaşın var" deyə bilməyən qərblilərin "atlılar"dan də xal alacağı inandırıcı deyil – 0. 30-cu turda isə Şahin Diniyevin  yetirmələri evdə "İnter"lə üz-üzə gələcək. Bu rəqibindən ancaq evdə 1 xal ala bilən gəncəlilərin yenə də eyni aqibəti yaşama ehtimalı daha çoxdu – 1. Sözügedən kollektiv 31-ci turda "Sumqayıt"a səfər edəcək. Cari mövsüm bu rəqibini 1 dəfə məğlub etməyi bacaran "Kəpəz" 2 oyunda da meydanı bərabərliklə tərk edib. Bu səbəbdən də gəncəlilərin Sumqayıtda "sülh" bağlamaq ehtimalı daha çoxdu – 1. "Xəzər Lənkəran"ı 3, "Rəvan"ı isə iki dəfə məğlub edən Gəncə təmsilçisinin bu iki oyunda da qələbə qazanmaq ehtimalı daha çoxdu – 6. "Neftçi" ilə oyunu da bərabərlik kimi dəyərləndirmək olar – 1. "Zirə" ilə 1 qələbə, 2 heç-heçəyə razılaşan qərblilər "Qəbələ"ni iki dəfə məğlubiyyətə uğradıb, bir matçda da meydanı məyus tərk edib. Bu oyunların da heç-heçə ilə bitəcəyi daha inandırıcıdı – 2.
Sırada isə 5-ci pillədə qərar tutan "Qəbələ"yə nəzər yetirək. Mövsümə çempionluq iddiası ilə başlayan Roman Qriqorçukun komandası uğursuz nəticələr qazandığı üçün xeyli gerilədi. Son turlarda da ürəkaçan oyun sərgiləməyən "qırmızı-qaralar"ın növbəti rəqiblərinə və şanslarına göz gəzdirək.
(16 xal) 5. "Qəbələ" – "Sumqayıt" (səfərdə), "Rəvan" (evdə), "Xəzər Lənkəran" (səfərdə), "Neftçi" (evdə), "Zirə" (səfərdə), "Qarabağ" (səfərdə), AZAL (evdə), "Kəpəz" (səfərdə)
Şimal təmsilçisi növbəti tur "Sumqayıt"ın qonağı olacaq. Cari mövsüm bu rəqibindən 7 xal almağı bacaran qəbələlilərin Sumqayıtda nəinki heç-heçə, hətta uduzmaq ehtimalı var – 1. Əvvəlki mövsümdə də göründü ki, Qəbələ təmsilçisi nə qədər "fil qulağında yatsa" da, sonda nisbətən coşur. Bunu nəzərə alaraq, şimallıların autsayderlər – "Rəvan" və "Xəzər Lənkəran" matçlarını əldən verəcəyi inandırıcı deyil – 6. 32-ci turda evdə "Neftçi" ilə üz-üzə gələcək "Qəbələ"nin bu matçda 3 xal qazanmaq ehtimalı daha çoxdu – 3. Zirvədə olsa da, avrokuboklardan əlini üzən "Zirə" səfərindən isə “Qəbələ”nin xalla dönmək şansı real görünür – 1. Sona üç tur qalmış "Qəbələ" səfərdə "Qarabağ"ın qonağı olacaq. Həmin vaxta kimi hazırda ən yaxın təqibçisini 10 xal qabaqlayan Ağdam təmsilçisinin çempionluğunu rəsmiləşdirəcəyi, yəqin ki, heç kimdə şübhə doğurmur. Bu səbəbdən də qəbələlilərin bu matçda ən azından 1 xal ala biləcəyi daha inandırıcıdı – 1. Avropa Liqasına getmək istəyirsə, "Qəbələ" doğma azarkeşləri qarşısında AZAL-ı udmağa borcludu – 3. Gəncə səfərini isə şimallılar üçün 1 xal kimi dəyərləndirmək olar.  
"Zirə" və "İnter"in kənarda qalmasından sonra Avroliqaya getmək şansı yaranan AZAL də bu fürsəti əldən vermək istəmir. Lakin görək, qarşıdakı rəqibləri "təyyarəçilər"in “Avropaya uçması”na imkan verəcəkmi.
(11 xal) 6. AZAL – "İnter" (səfərdə), "Sumqayıt" (evdə), "Rəvan" (səfərdə), "Xəzər Lənkəran" (evdə), "Neftçi" (səfərdə), "Zirə" (evdə), "Qəbələ" (səfərdə), "Qarabağ" (səfərdə)
Carim mövsüm "İnter"dən yalnız 1 xal almağı bacaran "təyyarəçilər"in səfər matçında şansı yoxdu desək, yanılmarıq – 0. Çünki "bankirlər" avrokuboklardan kənarlaşdırılsa da, mövsümü zirvədə tamamlayaraq, cəzalarını bu il çəkib, növbəti yarış üçün önünü açmağa çalışır. Bakılılar bundan sonra evdə "Sumqayıt" və səfərdə "Rəvan"la üz-üzə gələcəklər. Sözügedən komandanın bu matçları qələbəsiz əldən verəcəyi inandırıcı deyil – 6. Həmçinin "Xəzər Lənkəran"la evdəki matçın da AZAL-ın üstünlüyü ilə başa çatacağına, yəqin ki, heç kimdə şübhə yaratmaz – 3. 33-cü turda şüvəlanlılar "Neftçi"nin qonağı olacaqlar. Tərlan Əhmədovun yetirmələri cari mövsüm bu rəqibinə uduzmasa da, "ağ-qaralar"ın da var gücü ilə "savaşacağ"ı dəqiqdi. Bu üzdən də matçın bərabərliklə başa çatma ehtimalı daha çoxdu – 1. "Təyyarəçilər" çari mövsüm "Zirə"yə daha çox uduzsa da, ən azından evdə 1 xal qazana bilər. Çünki doğma meydanı "AZAL Arena"da heç kimə boyun əyməyən komandanın meydanı xalla tərk etmə ehtimalı daha çoxdu – 1. Lakin AZAL-ın səfərdə "Qəbələ" və "Qarabağ" nəsə edəcəyi inandırıcı görünmür – 0.
Gələk 7-ci pilləyə kimi geriləyən muzeyi kuboklarla zəngin olan "Neftçi"yə. Gəncləşdirmə siyasətinə keçən klubun qərar tutduğu pillə nə özlərini, nə də onu sevənləri qane edə bilməz. Bu səbəbdən də "ağ-qaralar"ın Avroliqa uğrunda var gücü ilə döyüşəcəyini desək, yanılmarıq.  
(10 xal) 7. "Neftçi" – "Xəzər Lənkəran", "Qarabağ" (evdə), "Zirə" (evdə), "Qəbələ" (səfərdə), AZAL (evdə), "Kəpəz" (səfərdə), "İnter" (evdə), "Sumqayıt" (səfərdə)
Bakılılar növbəti tur Lənkərana üz tutacaq. Əzəli rəqibi nə qədər zəif olsa və autsayderlər sırasında qərarlaşsa da, paytaxt təmsilçisi də heyət baxımından heç də onlardan fərqlənmir. Bu səbəbdən də matçın "sülh"lə bitəcəyini demək olar – 1. "Qarabağ"la oyuna ümid olmasa da, "Zirə"ylə ev matçından "xal qoxusu" gəlir – 1. "Qəbələ"nin də bu qızğın mübarizənin içində olacağını nəzərə alsaq, heyət baxımından da bakılılardan üstün olan komandanın rəqibinə güzəşt edəcəyi real görünmür – 0. Vəli Qasımovun yetirmələrinin AZAL və "Kəpəz"lə oyunda 1 xalla kifayətlənəcəyi daha real görünür – 2. Lakin "ağ-qaralar" son oyunda məğlub etdiyi "İnter"i doğma azarkeşləri qarşısında məyus etmə ehtimalı daha çoxdu – 3. Avrokuboklar uğrunda "savaşan” komandanın bu mövsüm bütün oyunlarda məğlub etdiyi "Sumqayıt"a xal verəcəyi inandırıcı deyil – 3. 
Hazırda 7-ci pillədə qərarlaşan "Neftçi"nin ən az xalı toplaması onlar üçün heç də yaxşı hal deyil. Çünki "ağ-qaralar"ın bir pillə önündə olan AZAL-la aralarındakı xal fərqi 4-dü. Təbii ki, bu, yuxarıdakı 4 komandanın hazırkı durumuna və aralarındakı oyunlara əsasən hesablanan ehtimal olunan göstəricidi. Bu hesablamadan belə çıxır ki, Avroliqaya vəsiqə verən 3 yer uğrundan ən zəif bənd "Neftçi"di. Lakin ola bilər ki, "ağ-qaralar" daha üstün oyun nümayiş etdirib, azarkeşlərini sevindirsin.
ELMAR VƏLİYEV
Shares: