Fanatik.kz  saytı Azərbaycan və Qazaxıstan Futbol Federasiyalarının ünvanına şok iddia ilə çıxış edib. Portalın yazdığına görə, bir neçə gün əvvəl baş tutan Azərbaycan – Qazaxıstan matçı (0:1) əslində heç-heçə bitməli imiş. 
"Lakin qazaxların qələbəsi görüşdən sonra federasiya rəsmiləri arasında toqquşmaya səbəb olub. Azərbaycan Qazaxıstan tərəfini razılaşmanı yerinə yetirməməkdə günahlandırıb. Öncədən danışıldığı kimi, Qazaxıstan matçın sonlarında cavab qolunu buraxmalı və görüş 1:1 hesabı ilə bitməli imiş. Azərbaycan tərəfi isə qarşı tərəfin oteldə qalmaq xərclərini ödəyib və onlara məşq üçün pulsuz meydança verib. Çünki Azərbaycan yığması yenilənmiş və gənc olduğundan, heç-heçə onlar üçün münasib sayılardı". 
Bundan cəmi iki gün sonra Qazaxıstan yığmasının Talqardakı bazasının rəhbəri Nizam Hüseynov postundan uzaqlaşdırılıb. Dəqiq olmasa da, qazaxlar bunun məhz yığma komanda ilə Azərbaycan tərəfi arasındakı razılaşmaya əməl olunmaması ilə bağlı olduğunu iddia edirlər. Federasiyanın baş katibi Əzəmət Aytxojin Hüseynovun qovulması ilə bağlı qərarı bazada hər kəsə çatdırsa da, direktor kreslosunu təhvil vermək istəmir. Daha doğrusu o, öz istəyi ilə bu postdan getmək üçün ərizə yazmaqdan imtina edir.
Maraqlıdır ki, Hüseynovun Qazaxıstan və Azərbaycan yığmalarının əvvəlki oyunlarının da danışılmasında iştirak etdiyi iddia olunur. Guya o, Miroslav Beranekin baş məşqçi olduğu dönəmdə hər iki komandanın ev qələbəsi qazandığı vaxt bu işdə vasitəçi olub. 
Shares: