Aprelin 4-də qoşunların təmas xəttində ermənilərin təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan ordusunun polkovnik-leytenantı Raquf Orucov üçün bu gün doğulduğu Sumqayıtda vida mərasimi keçirilib. Mərasimdə zabit və əsgərlər, rayonun icra strukturlarının və hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, o cümlədən yerli ictimaiyyətin nümayəndələri və şəhər sakinləri iştirak ediblər.
Vida mərasimində "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov və mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov da iştirak edib. Futbolinfo.az xəbər verir ki, klub rəsmisi sportinfo.az-a açıqlamasında yas məclisinə yollanmaq təşəbbüsünün Qurbanovdan gəldiyini bildirib: "Qurban müəllim zəng vurub, dəfnin harda keçiriləcəyini soruşdu və gələcəyini dedi. O, ümumiyyətlə, heç vaxt belə yerlərdən qalmır.
Mərasimə 10 mindən artıq insan gəlmişdi. Bizə sadə bir vətəndaş olaraq, yasda iştirak etdik. Qurban müəllim şəhidin övladlarının olub-olmaması ilə maraqlandı. Həmin ailəyə kömək üçün. Bilirsiz, dövlətimiz Qarabağda həyatından keçən bütün şəhidlərin ailələrinə yüksək səviyyədə diqqət göstərir. Hər problemini həll edirlər. "Qarabağ" ailəsi daim onların yanındadı".