Uşaq futbolundakı problemləri işıqlandıran futbolinfo.az eyni vaxtda daha bir məsələni də diqqətdə saxlayacaq. Bugündən etibarən futboldan küsmüş azarkeşlərin stadionlara qaytarılması üçün növbəti layihəyə start veririk.
MƏRAM
Futbolun bəzəyi azarkeşdi. Ölkədaxili yarışlara tamaşaçı kütləsinin maraq göstərməməsinin obyektiv və subyektiv səbəbləri var. Azarkeşsiz futbol gözəl ola bilməz. Ölkə futbolunun səviyyəsinin aşağı olması, tribunalara toplaşan fanatların sayının məhdud olmasının obyektiv səbəbidi. Ancaq tamaşaçı sayının mərhələ-mərhələ artırılması yönündə işlər lazımi səviyyədə görülmür. Bu istiqamətdə mövcud olan boşluqları aradan qaldırmaq yönündə əməli işlərin görülməsinin zamanı çoxdan yetişib. Ölkə klublarının bu sahəyə biganəliyi və lazımi diqqət yönəltməmələri axsayan sahənin dirçəlməsi üçün əməli tədbirlərin görülməsini labüd edib.
PROBLEM
Doğrudu, Premyer Liqa klublarının hər birində azarkeşlərlə işləyən qruplar var. Bu qruplara daxil olan şəxslər tanışlıq, qohumluq prinsipi ilə vəzifələrə təyinat almaqla, faktiki olaraq, bu sahədə vakuum yaradıb. Vaxtilə tamaşaçılar arasında lotereya oynanılması praktikası isə uduşların klub rəhbərlərinin qohum-əqrabasına çatması səbəbindən heç bir fayda verməyib. Azarkeşlərin aldadılması tribunaların boş qalmasının səbəblərindən biridi.
Daha bir problem polislərin azarkeşlərlə kobud davranmasıdı. Tribunada döyülən, söyülən fanatı ikinci dəfə dəyənəklə də oyuna gətirmək olmaz. Ancaq məsələnin digər tərəfi də var. Söhbət azarkeşlərin tərbiyəsiz davranışından gedir. Topladıqda azarkeş – polis münasibətlərinin pis olması problemin daha bir qoluna çevrilir.
İSTİQAMƏT
Futbolinfo.az tribunalara azarkeşlərin gəlməməsi ilə bağlı layihəni başlamaqla məhz bu kimi problemlərin işıqlandırılmasına, qeyri-peşəkarların ifşasına və düzgün yolun göstərilməsinə çalışaçaq. Eyni zamanda, peşəkar fan-klubların fəaliyyəti, iş prinsipləri araşdırılacaq ən uğurlu praktika barədə ətraflı məlumat veriləcək.
Təbii ki, bu layihəni reallaşdırmaq üçün ilk öncə mövcud vəziyyətə nəzər salacağıq. Azarkeş sarıdan bölgə və paytaxt arasındakı dərin uçurumun yaranmasının səbəbləri, bu fərqin azaldılması yönündə hansı əməli addımların atılması barədə fikir mübadiləsi aparılacaq. Bununla yanaşı, klublardakı məsul şəxslərdən görülən işlər barədə məlumat toplanacaq. Daha sonra buraxılan səhvlər, onların aradan qaldırılması yolları haqda müzakirələr olacaq, mütəxəssis fikirləri, xarici təcrübənin öyrənilməsi və s. məsələlər qabardılacaq.
ÖHDƏLİK
Klublarda fanatlarla çalışan əməkdaşlarla mütamadi görüşlər, onların maarifləndirilməsi yönündə işlər aparılacaq. Həmin şəxslərə beynəlxalq praktika, çatışmazlıqlar haqda ətraflı məlumatlar veriləcək. Polis idarələri ilə də əlaqələr yaradılacaq, asayiş keşikçilərinin narazılıqları haqda fanatlara məlumat veriləcək, habelə, qarşı tərəfin də etirazları barədə polis orqanları məlumatlandırılacaq. Yaşanan problemlərin sivil yollarla həllinə cəhd ediləcək.
PLANLAR
Əlavə olaraq, ölkənin ziyalı təbəqəsi ilə azarkeşlər arasında vaxtaşırı görüşlərin təşkili, AFFA rəsmilərinin problemlərin aradan qaldırılmasında yaxından iştirak etməsi planlaşdırılır. Fanat ordusunun yenidən stadionlara qaytarılması yönündə bir sıra təkliflər irəli sürüləcək, bu yöndə klublara maksimum kömək göstəriləcək. Eyni zamanda, AFFA-nın nəzdində fəaliyyət göstərən Azarkeşlər İttifaqının fəaliyyəti təhlil ediləcək və geniş kütləyə bu barədə ətraflı məlumat veriləcək.
Tribunaya gələn fanatların 2 saata yaxın vaxtının ən xoş təəssüratlar oyatması üçün klub rəhbərlərinə təkliflər planı təqdim ediləcək və bu barədə saytımızda materiallar dərc olunacaq. Futbolinfo.az azarkeş – polis – klub arasında körpü rolunu oynayamağı, yaşanan xoşagəlməz hadisələri önləmək üçün maarifləndirici tədbirlər keçirməyi planlaşdırır.
PERSPEKTİV
Bu işlərin görülməsi bir KİV üçün çox çətin öhdəlikdi. Məhdud maddi-texniki imkanlarla mümkün olanın maksimimunu etməyə çalışacağıq. Layihə müddəti başa çatdıqdan sonra görülən işlərin toplumu olaraq kitabçanın buraxılması pespektivi var. Bu layihənin davamlı olması istisna olunmur. Layihənin auditoriyasından asılı olaraq, müxtəlif budaqların yaranması variantı da mümkündü.