Bu gün 15 yaşlılardan ibarət Azərbaycan milli komandasının yeni baş məşçisinin kimliyinə aydınlıq gəlib. Futbolinfo.az xəbər verir ki, bundan sonra, sözügedən yığmaya Mirbağır İsayev başçılıq edəcək. İsayev yeni təyinatı ilə bağlı təəssüratlarını saytımızla bölüşüb: 
“Yenidən milli komandanın sükanı arxasına keçdiyimə görə çox sevinirəm. Buna görə də AFFA prezidenti Rövnəq Abdullayev və qurumun baş katibi Elxan Məmmədova təşəkkür edirəm. Məşqçilər Şürasına da çox sağ ol deyirəm ki, mənə yenidən inanıb, etimad göstəriblər. 1 il idi ki, işsiz idim. Hər gün ümidlə yaşayırdım. Mənim üçün millidə işləmək hər şey deməkdi. Çünki bu, hamımızın komandasıdı. Hansı yaş qrupu üzrə olmasından asılı olmayaraq, yığmanı çalışdırmaq fəxrdi”.
Çalışdırıcı hələ ki, gələcək planları ilə bağlı məsələlərin dəqiqləşmədiyini bildirib: “Gələcək planlarım haqqında danışa bilmərəm. Çünki müqaviləmə qol çəkməliyəm. Qarşıda görüşlərimiz olacaq, bundan sonra sizə məlumat vermək borcumdu. Hələ ki, müqaviləmin detalları bilinmir”.
Bu postda hələ ki, İsayevin köməkçilərindən yalnız birinin adına aydınlıq gəlib: “Köməkçilərimdən biri Baba Əsgərov olacaq. 2008 və 2014-cü ildə onunla bir yerdə çalışmışıq. Onunla bir yerdə işləmək mənim üçün xoşdu. Baba müəllim işini bilən adamdı”.
Qeyd edək ki, Mirbağır İsayevin sonuncu iş yeri 17 yaşlılardan ibarət milli komandamız olmuşdu. O, 1 il əvvəl baş məşqçisi olduğu yığmadan istefa verərək ayrılmışdı.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp