Beynəlxalq dərəcəli hakim Tahir Süleymanov üçün 17 yaşlılar arasında Avropa çempionatı yad yarış deyil. Çünki ilk dəfə məhz o, ölkəmizi qitə çempionatının final mərhələsində təmsil edib. Təcrübəsini nəzərə alaraq, onun da Bakıda baş tutacaq növbəti yarış haqda fikirlərini öyrəndik.
– Əvvəlcə turnirlə bağı fikirlərinizi bilmək istərdik. Bu yarış ölkəmiz və gənc futbolçularımız üçün nə deməkdi?
– Çox mötəbər yarışdır. 17 yaşlı futbolçular böyük futbolun astanasındadı. Belə turnirlər bütün aparıcı ölkə və klubların skautlarının diqqət mərkəzində olur. Çox müsbət qarşılayıram. Vaxtilə özüm də hakim kimi Azərbaycanı final mərhələsində təmsil etmişəm. Futbolçularımızın özünü göstərməsi üçün böyük bir şansdı.
– 17 yaşlılardan ibarət millilərin Avropa çempionatının final mərhələsində oyun idarə edən ilk həmyerlimiz olmusuz. O vaxtları necə xatırlayırsız?
– Müstəqilliyə yeni qədəm qoymuşduq. Doğrusu, belə tez dəvət gözləmirdim. 1995-ci ildə FİFA referisi adını qazandıq. İlk hakimliyim Danimarka və Yunanıstanda oldu. O oyunlardakı idarəçiliyim UEFA tərəfindən yüksək qiymətləndirildiyinə görə dərhal 1996-cı ildə Avstriyada keçirilən final mərhələsinə dəvət aldım .Ümumiyyətlə, bu yarışlara Avropanın ən istedadlı gənc hakimləri çağırılır. Bu, onların gələcək karyerası üçün çox önəmlidir. Sonradan çox məşhur hakim olmuş Batista (Portuqaliya), Qrem Pol (İngiltərə), Konrad Plautç (Avstriya) və digər gənc hakimlərlə Sankt-Polten şəhərində məskunlaşdıq. UEFA tərəfindən bu yarışa necə qiymət verilməsinin dəyərini bir misalla göstərim. Avstriyaya çatan kimi 16 hakimin hər birinə 10 min İsveçrə frankı vəsait ödənildi. Bu, ovaxtkı dönəm üçün çox böyük məbləğ idi. İndi ilə müqayisə etsək, 150-200 min ABŞ dolları dəyərində. Məlumatınız olsun ki, Azərbaycan çempionatında bir oyuna  cüzi məbləğ – 3 "şirvan" qonorar ödənilirdi. İngilis Maykl Ouen, türk Əmrə Belözoğlu, Gökdəniz Qaradənizin iştirakı ilə oyunlar idarə etdim.
– Bu turnir hakimlərimiz üçün də önəmlidi. Lakin AFFA-dan məlumat verildi ki, əsasnaməyə görə, sözügedən yarışın final mərhələsinə təşkilatçı ölkənin hakimləri təyinat ala bilməz. Bu məsələyə münasibətiniz necədi?
– Çox bacarıqlı hakimlərimiz olub. Vaxtilə Babək Quliyev, Anar Salmanovun çox böyük pespektivi var idi və UEFA tərəfindən daimi diqqətdə saxlanılırdı. Çox təəsüf ki, istedadlı hakimlər Azərbaycanda qorunmur. Özüm də çox tez – 1998-ci ilin sonunda karyeramı haqsızlığa görə bitirdim. Təsəvvür edin, istedadlı hakimlərə bu münasibətin nəticəsidir ki, yalnız 18 il sonra – 2014-cü ildə Əliyar Ağayev 17 yaşlıların final mərhələsinə dəvət aldı. Son dövrlər UEFA tərəfindən təşkilatçı ölkəni təmsil edən hakimlərə rast gəlinmir. Buna mənfi baxıram. Necə ki, təşkilatçı ölkənin millisi birbaşa finallarda çıxış etmək hüququ qazanır, yerli hakimlər də təmsil olunmalıdır.
 
Təşkilatçılıqdan söz düşmüşkən, yarışa az vaxt qalmasına baxmayaraq, təbliğat işləri çox zəifdir. Bunun da əsas səbəbini turnirin Bakıda təşkil olunmasında görürəm. Niyə bölgələrimiz bu yarışdan məhrum edilir? Paytaxtda onsuz da sıxlıqdır, digər idman növləri üzrə də çox beynəlxalq yarışlar keçirilir. Qəbələdə dünya standartlarına cavab verən bütün infrasyruktur ola-ola, bu biganəlik niyə göstərilir? Stadionun tribunaları da qısa müddətdə nizamlana bilərdi. 2012-ci ildə yarışları keçirilmə hüququ Azərbaycana verilib. Bu 4 il ərzində Gəncə, Lənkəran, Zaqatala, Migəçevir, Sumqayıt arasında seçim edib, həmin şəhərlərdəki stadionların ot örtüyündən tutmuş digər məsələləri həll etmək olardı. Bununla da, həm bölgələrdə futbolun təbliği güclənərdi, eyni zamanda infrastruktur da qaydaya düşərdi. Bölgələrdən neçə-neçə istedadlı futbolçu üzə çıxardı. Bunun əvəzinə isə "Dalğa Arena"da ot örtüyünün dəyişilməsinə milyonlar xərclənir. Avropa çempionatını da Bakı birinciliyinə çevirirlər. Bölgələrə belə biganə münasibət göstərmək olmaz. Ötən il Bolqarıstanda keçirilən turnir ölkənin dörd şəhərində baş tutub. Eynilə 2013-də Sloveniya (4 şəhər) , 2014-də Maltada (3 şəhər) olduğu kimi. Necə ola bilər ki, bizdən də kiçik ölkələr bunu edir, bizimkilər isə  yox… Bunun bir səbəbi var. Federasiya məmurları il ərzində İsvreçrədə daha çox olurlar, nəinki bölgələrimizdə. Dövlətin yüksək səviyyədə qayğısından şəxsi rahatlıq, mənafe üçün yox, futbolun inkişafı üçün istifadə etmək lazımdır.
– Hakim kimi, ölkəmizi bu yarışda ilk dəfə siz təmsil etmisiniz və turnirlə bağlı xeyli təcrübəyə maliksiniz. Artıq ölkəmizdəki oyunların başlamasına az vaxt qalıb. AFFA bu barədə sizdən hər hansı kömək istəyib, yaxud siz yardım təklif etmisiniz?
– Təbii, çiynimizdə illərin təcrübəsi var. Arif Əsədov,Tərlan Əhmədov, Vəli Qasımov kimi Avropa, dünya çempionlarımız var. Qeyd etdiyiniz mötəbər yarışların iştirakçısı olan, onu ruhu ilə hiss edən insanların əməyindən, təcrübəsindən istifadə olunmalıdır. Amma sadəlöhv olmaq lazım deyil. Futbola təsadüfən gəlmiş insanların süni ot örtüyü kimi, nəfəsləri də sünidir. Bizlər onlara xəbər göndərməməliyik, onlar axtarmalıdırlar. Bizim səsimiz finallardan gələndə indikilər məhəllələrdə manatlıq İran topları ilə "dır-dır" oynayırdılar.
– Bayaq da qeyd etdiyimiz kimi, hakimlərimiz ölkəmizdəki yarışa təyinat ala bilməyəcək. Lakin onlar bu matçları izləyib əcnəbi həmkarlarından çox şey öyrənə bilərlər.
– Nəinki öz ölkələrinin, Avropanın ən perspektivli, istedadlı hakimləri UEFA tərəfindən bu yarışlara təyinat alacaq. Hakimlər Komitəsinin təşkilatçılığı ilə referilərimizin stadionlarda əyani dərslik kimi oyunları canlı izləmələri və təhlili təşkil olunmalıdır. Eyni zamanda hakimlərin, əsasən də gənclərin özləri də oyunlara baxıb, nəzəri biliklərini artırmalıdırlar.
ELMAR VƏLİYEV
 
1461243885T5 - Futbolinfo.az1461243885T2 - Futbolinfo.az1461243885T4 - Futbolinfo.az1461243885T3 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp