Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində keçiriləcək “Neftçi” – “Zirə” görüşünün baş hakimi Fariz Yusifov təyin olunub. Marağımıza səbəb olan bu təyinatın başlıca səbəbi sabiq FİFA referisinin bu komandalar arasında keçirilən 3-cü dövrə qarşılaşmasında “ağ-qaralar”ın yarımmüdafiəçisi Cavid İmamverdiyevə 2-ci sarı vərəqəni mübarizə zamanı yerdə qalmasına görə verməsidi. Həmin epizodda nə simulyasiya var idi, nə də sarı vərəqəlik epizod. Çünki top cərimə meydançasından xeyli aralıda idi. Ancaq Yusifov həlledici qərarı verməklə “Zirə”nin qələbəsinə həlledici töhfəsini verdi…
 
Başladıq araşdırmağa və məlum oldu ki, Fariz bəyin cari mövsüm “Neftçi”nin iştirakı ilə keçirilən oyunların siyahısı qorxunc mənzərəyə səhnə olur. Yusifov Avropa Liqasının qrup mərhələsində ölkəmizi təmsil edən ilk klubun iştirakı ilə 3 oyunda ədaləti qorumağa çalışıb. Maraqlıdı ki, bu oyunların heç birində “Neftçi” qələbə qazanmayıb.
 
“Kəpəz”lə evdə qolsuz bərabərliyə qaldıqdan sonra səfərdə üz-üzə gəldikləri “Qarabağ”la qarşılaşmada da Fariz Yusifov kobud səhvlə yadda qalıb. Matçın son dəqiqəsində qonaqların qapısına təyin etdiyi penalti hələ uzun illər yaddaşlardan silinməyəcək.
 
Nəhayət, “Zirə”ylə 3-cü dövrədə qolsuz bərabərliklə davam edən görüşdə Cavid İmamverdiyevə göstərdiyi yersiz qırmızı vərəqə və nəticədə meydan sahiblərinin 3 cavabsız qoluyla bitən görüş…
 
“Düşərli-düşərsiz” söhbətini bir kənara qoyun. Real faktlar var və bu faktları qabartdıq. Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun bu hadisələrdən xəbəri olmaya bilməz. Belə olan halda hansı məqsədlə Fariz Yusifov yenidən “Neftçi” – “Zirə” görüşünə təyinat alır? Məgər 4 dövrəlik çempionatda 2 komandanın iştirakı ilə qarşılaşmaların hər birinə fərqli referiləri göndərmək bu qədərmi çətindi, cənab Məmmədov? Yoxsa bunun üçün xüsusi elmə sahib olmaq gərəkdi?
 
Hər halda, bu cür idarəetmələrdən sonra Yusifovun yenidən “Neftçi” – “Zirə” matçına təyinat alması absurd qərardı. Ancaq orasını deyə bilmərik ki, bu, Xaqani Məmmədovun qərarıdı, yoxsa ona da belə “eksklüziv” tapşırıq verilib?
 
CAVAD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp