Azərbaycan çempionatının 1-ci divizonunun “Ağsu” – “Şərurspor” (2:3) matçı meydandakı oyundan çox başqa məqamla yadda qalıb. Futbolinfo.az xəbər verir ki, meydan sahiblərinin futbolçuları ilk qola sevinən zaman ortaya maraqlı görüntü çıxıb. Belə ki, “Ağsu”nun müdafiəçisi Fərrux Rəhimov qolun müəllifi olan komanda yoldaşı ilə xoşagəlməz zarafat edib.
Bu videogörüntü sosial şəbəkələrdə böyük ajiotaj doğurub. Üstəlik, matç bitən kimi futbolçu komandadan qovulub.
Əslində, bu, adi bir zarafatdı. Amma kütlənin qarşısında, üstəlik, çəkiliş aparılan bir məkanda bunu etmək pis nümunədi. “Ağsu”nun baş məşqçisi Rüfət Quliyev oyunçunu zəif oyuna görə komandadan qovduğunu desə də, hadisələrin üst-üstə düşməsi sual yaradır.
– Fərrux, salam, səni narahat edən Elmardı, futbolinfo.az saytından…
– Videoyla bağlı zəng etmisiz? (gülür) Nə deyim, vallah, biabırçılıqdı. İstəyirsiniz, digər futbolçularmızdan soruşun, bütün oyunlarda bu cür sevinirik. Sadəcə, ilk dəfə idi ki, bunu çəkdilər, biabır olmuşam (gülür).
– Ətrafında olan dost-tanışlarının reaksiyası necə oldu?
– Heç nə, kim qabağıma çıxırsa, hamıdan üzr istəyirəm. Bütün qollarımızda bu cür sevinmişəm, bunu necə çəkib, veriblər, xəbərim olmayıb.
– Hərəkətin heç də xoş deyil. Hətta zarafat da olsa, nümunəvi davranış deyil…
– Qardaşyana zarafatdı. Hamı ilə dost-qardaşam, problemimiz yoxdu. Elnur da (qolu vuran) bunu zarafat kimi qəbul edir. Aramızda heç vaxt problem olmayıb.
– Bu zarafatı oyunlarda edirsiniz, yoxsa meydandan kənarda da baş verir?
– (gülür) Açığı, bu, hamımıza hobbi kimi düşüb. Oteldə pilləkanda hamı əli arxasında yuxarı qalxır ki, heç kim barmaq eləməsin.
– Komandadan kənarlaşdırılmağın nə ilə bağlıdı?
– Komandadan uzaqlaşdırılmağım bu məsələ ilə bağlı deyil. Baş məşqçi dedi ki, sənin oyunun məni qane etmir. Bu da 100 faizlik bir məsələ deyil.
ELMAR ABDULLA-ZADƏ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp