Azarkeşlər tribunalara gəlmir. Ölkə çempionatının oyunlarına tamaşaçı sayının artırılması günümüzdə ən mühüm problemlərdən biridi. Bu səpkidə istənilən uğur gətirən ideyaya yer vermək gərəkdi. Budəfəki təklifimiz fləşmobla bağlıdı.
 
İngilis dilindən “ani kütlə” kimi tərcümə olunan bu ifadənin mənası bir qrup insanın ekstravaqant hərəkətlərlə ətrafı heyrlətləndirmək və diqqəti cəlb etməkdi. Misal kimi, götürək “Neftçi”ni.
 
Paytaxtımızda ən populyar klub olan “ağ-qaralar”ın bu sahə üzrə məsul şəxsi Bəhram Bağırzadədi. Nəzərə alsaq ki, Bağırzadə ölkəmizdən kənarda belə böyük reytinqə malikdi, bu cür aksiyanın təşkili ona yad ola bilməz. Axı, Moskva səhnəsində “Qafqazdan olan komandalara üzümü tutub, soruşuram: elə bir milis işçiləri var ki, onlardan qorxmursunuz”, sualına 30 saniyəyə “Bəli, var. Rusiyanın Daxili İşlər Nazirliyinin xoru”, cavabını verən sabiq “KVN-şik” üçün fləşmobu ən yüksək səviyyədə təşkil etmək çətin məsələ olmaz.
 
Konkret ideya da verə bilərik, məkanı da göstərə bilərik. Ancaq bir daha təkrar etməliyik ki, “Neftçi”də çalışan Bəhram Bağırzadə bu peşənin ustasıdı. O başqa məsələ ki, Bağırzadənin “Neftçi”yə vaxt ayırmaq imkanı var, ya yoxdu. Varsa, yaxın vaxtlarda mütləq fləşmob aksiyasının startına şahidlik edəcəyik. Özü də bu, birdəfəlik tədbir olmamalıdı. Paytaxtda kifayət qədər yer var ki, ora daim sıravi vətəndaşlarla dolu olur. Məhz belə gur yerlərdə mütamadi fləşmob aksiyaları olduqca cəlbedici və effektiv olar.
 
“Neftçi”ni bir kənara qoyub, digər paytaxt təmsilçilərini də yada salaq. “İnter”ə yenicə prezident təyin olunmuş Rəşad Qasımov da innovasiyalara meylli insandı. Onunla söhbət zamanı ağrılı mövzulardan biri kimi məhz fanat azlığını qabartması dediklərimizə nümunədi. Enerjili işçi qrupu toplayaraq, “İnter” fanatlarının sayını fləşmob aksiyaları ilə artırmaq ideyasının həyata keçirilməsində “bankirlər”in rəhbərinə heç kim mane ola bilməz. Təki istək olsun. Futbolinfo.az olaraq, bu cür fləşmobların ssenarisində də, həyata keçirilməsində və işıqlandırılmasında da yaxından iştirak etməyə hazırıq.
 
AZAL və “Rəvan” da paytaxt klubları olsalar da, ikincilərin nə yurdu var, nə də yuvası. Bu üzdən də Əməkdar və PRO kateqoriyalı məşqçi Bəhmən Həsənovun rəhbəri olduğu komandanın PR-ı barədə hansısa fikir bildirməyə zərurət duymuruq. “Təyyarəçilər”ə gəlincə, Şüvəlanda məskunlaşan klubun fanat ordusunu paytaxtın mərkəzi küçələrində axtarmaq absurd olar. “Lalın dilini anası bilər” deyiblər. Məhz şüvəlanlıların zövqünə uyğun PR-aksiyalarla tamaşaçı sayını artırmaq olar və bu yöndə yaxınlarda Böyük Vətən Müharibəsi veteranları üçün (sağ qalanı varsa!!!) uçuş qiymətlərində xüsusi endirim edən Cahangir Əsgərovun komandasına da yardım əlimizi uzatmağa hazırıq. Əlbəttə, bir şərtlə: özləri tribunalarda azarkeş görmək istəyirlərsə.
 
“Qarabağ”a gəlincə, məsələni siyasiləşdirmək daha məqsədəuyğun olar. Çünki informasiya müharibəsində istənilən sanballı fləşmov “youtube” kanalına düşəcək və nüfuzlu olacağı təqdirdə geniş rezonans doğuracaq. Qalır aksiyanı fikirləşmək. Təbii ki, stadionun ətrafını bayraqlarla bəzəmək aksiya deyil. Söhbət sanballı, PR-aksiyadan gedir ki, son mövsümlərin çempionuna da bu yöndə bacardığımız yardımı göstərməyə hazırıq.
 
Adlarını çəkdiyimiz komandaları birləşdirən bir şüar olmalıdı: Azarkeşləri stadionlara qaytaraq!
 
CEYHUN ƏLİYEV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp