"İnter"in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, "bankirlər"in gürcü çalışdırıcısı 0:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
– Oyun haqqında nə deyə bilərəm? Qarşılaşma "Qarabağ"ın tam üstünlüyü ilə keçdi. Bizdən fərqli olaraq, onlar çoxlu qol epizodları yarada bildilər. Əsas heyətin futbolçularından 6 nəfəri yox idi. Abbas Hüseynov, İlkin Qırtımov, Nizami Hacıyev, Kamran Ağayev kimi futbolçularımız zədəlidi. Bu da, oyun keyfiyyətimizə təsir göstərdi. Qarşıdakı oyunda daha yaxşı oyun sərgiləməyə çalışacağıq.
– Zəif nəticəyə səbəb kimi çox yüklənməni göstərmək olar?
– Yüklənmə yoxdu. Sadəcə, Elnur Abdullayev uzun müddət xəstə idi. Topa zərbə vuranda əzələsini dartdı. Seçim imkanımız çox azdı. Məsələn, İlkin Qırtımov bütün mövsüm oynayıb.
– Sərtan Taşkının oyununu necə dəyərləndirərdiz?
– Yaxşı oynadı. "Kəpəz"lə oyunda da yaxşı oynamışdı. Ona hansısa iradım yoxdu.
– Demək olar ki, "İnter" çempionatı kuboka qurban verdi?
– Zədələri əsas səbəb kimi göstərmədim. Bu, sadəcə, səbəblərdən biridi. Bizim üçün hər iki turnir əsasdı.
– Komanda bu il avrokuboklara buraxılmayacaq. Futbolçuları oyunlara motivasiya etmək çətin deyil ki?
– Bildiyimə görə, şansımız hələ tükənməyib. Hələ avrokuboklara qatılmaq şansımız var. Komandanı gücləndirməliyik. Gördüyünüz kimi, ehtiyat oyunçular skamyamızda ancaq bir neçə gənc oyunçu var.
– UEFA-nın sanksiyası qüvvədə qalsa, komandadakı gələcək taleyiniz necə olacaq?
– Hələ ki, bu barədə heç nə deyə bilmərəm. Klub rəhbərliyi ilə danışdıqdan sonra bir söz demək olar.
– Nika Kvekveskiri komandaya sizə görə gəldiyini demişdi. Siz komandadan getsəz, o da gedəcək? Bir də ki, Zurab Xizanaşvili son oyunlarda müdafiədə səhvlərə yol verir…
– Zurabla bu barədə fasilədə danışdım. Bu cür təcrübəli futbolçu belə səhvlər etməməlidi. Bu, digər oyunçulara da təsir göstərir. O ki qaldı Kvekveskiriyə, o, hələ ki, komandada qalmaq istəyir.
– Ağabala Ramazanovu komandanızda görmək istəyərdiz?
– Bir çox azərbaycanlı futbolçu var ki, məmnuniyyətlə heyətimizdə görmək istəyərdim ki, Ağabala da onlardan biridi.
– Demək olar ki, Fomenko mövsümün sonunda gedəcək?
– Komandada qalmaq üçün o, sabit oyun sərgiləməlidi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp