"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 2:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
– Çox vacib 3 xal qazandıq. Bəzi futbolçular istədiyim oyunu sərgiləməsə də, nəticə istdiyimiz kimi oldu. "İnter"ə gələn oyunlarda uğurlar arzulayıram. Düzü, bu komandaya qarşı daha iki oyunumuz var. Bəlkə də, buna görə rəqib öz gücünü gizlətdi. Düşünürəm ki, bu oyun bizi rahatlaşdırmamalıdı.
– "İnter" Azərbaycanın ən samballı klublarından biridi. Bu gün "Qarabağ" bu kluba tək ayaqla qalib gəldi…
– Avrokuboklara qatılmaq üçün öncə Azərbaycan çempionatında yüksək yerlər tutmalıyıq. Komandamızda bəzi çatışmazlıqlar var. Çalışacağıq bunu aradan qaldıraq.
– Heyət sarıdan korluq çəkmədiyinizi, hətta əsas heyəti tərtib edərkən çətinlik çəkdiyinizi demişdiz…
– Vacib olan odu ki, əlində olan oyunçuları qoruyub saxlayasan. Mövsümün sonuna doğru futbolçuların bir çoxunda yorğunluq olacaq. O ki qaldı sistem dəyişikliyinə, fikrimcə, bunun üçün vaxtımız olacaq. Mövsüm bu il bir az tez bitəcək. Bu da bizə yaxşı istirahət etmək üçün imkan verəcək.
– Bu yaxınlarda "Zirə"nin prezidenti Vüqar Astanov avrokuboklara gedəcək klublara öz oyunçularını icarəyə verə biləcəyini deyib…
– Bu barədə düşünməmişdik. Düşünmürəm ki, hansısa klub yalnız avrokubok üçün oyunçu götürsün. Bunu düzgün saymıram. İnanmıram ki, hansısa məşqçi buna razı olsun. Əlbəttə, o, bunu yaxşı niyyətlə deyib. Ancaq mənim fikrimcə, buna ehtiyac yoxdu.
– Ümumiyyətlə, Nelson Bonilyanın komandanıza keçməsi mümkündü? Nəzərə alaq ki, mövsümün sonunda klubla müqaviləsi bitir…
– Bonilya bu mövsüm yaxşı çıxış edir. Ancaq hələ ki, onunla maraqlanmırıq. Biz əsasən, əlimizdə olanları qoruyub saxlamağa çalışırıq. İndiki heyətə bir neçə futbolçu əlavə etməyi düşünürük.
– Reynaldo bu gün də fərqləndi. Baxmayaraq ki, uzun müddət zədəli qalmışdı..
– Reynaldo hələ ki, tam hazır deyil. Əsasən, son zərbələri vurmaqda çətinlik çəkir. Reynaldo sürətli futbolçudu. Bunun üçün də əzələləri daim güclü olmalıdı. Bu oyunda isə onun öz formasından bir qədər uzaq olduğunu gördük. Ancaq o, öz üzərində çalışır. Zədədən sonra daha həvəslə çalışır.
– Ansi Aqolli oyun epizodalarından birində hakimə etiraz etdi. Deyəsən, onun bu hərəkətinə əsəbiləşdiz…
– Bəli, oyundan öncə futbolçulara hakimlə mübahisə etməməyi tapşırmışdım. Həmin epizodda Aqolli hakimə etiraz etdiyi üçün əsəbiləşdim. Həm də ki, Kintana və Miçelə də əsəbiləşdim. Çünki, Rəvan Həmzəzadə xırda epizodalara görə oyunu çox saxlamır, açıq oyuna üstünlük verən hakimdi. Ona görə də, adi epizodlara görə onunla mübahisə etməyə gərək yoxdu. 
– Reynaldonun Bakıda gecə klublarına getdiyi barədə xəbərlər yayılmışdı…
– Belə bir şey olub? Şəkli çıxıb hardasa? (gülür) Mənim xəbərim yoxdu. Birinci dəfə bu barədə eşitdim. Hər halda belə bir şey olubsa, danışmaq olar.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp