Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində keçirilən“Qarabağ” – “İnter” (1:0) matçından sonra Ağdam təmsilçisinin yarımmüdafiəçisi Migel Madera jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az sizi ispaniyalı futbolçunun açıqlamaları ilə tanış edir.
 
– Qələbə qazandığınız oyunla bağlı nə deyə bilərsən?
– Oyun çətin keçdi. Bu çətinliyə rəğmən, növbəti qələbəmizi qazandıq və məqsədimizə bir qədər də yaxınlaşdıq. 
– Oyunun birtərəfli keçməsi darıxdırıcı deyildi?
– Rəqib 9 nəfərlə müdafiə olunanda məcbursan ki, topu özündə saxlayasan. Güclü müdafiəni yarmaq asan deyil. Buna baxmayaraq, biz istədiyimizi əldə etdik və qollar vurduq. Bu qədər müdafiə olunmalarına rəğmən, biz kifayət qədər qol epizodu yarada bildik. 
– İspan futbolçular sakit oyun tərzinə üstünlük versələr də, sən aqressiv görünürsən…
– Meydana çıxanda fikrimi tamamilə oyuna yönəldirəm. Bəzən hisslərimə nəzarət edə bilmirəm. Bu zaman məşqçilər korpusu kənardan xəbərdarlıq edirlər. 
– Mövqeyinə görə, yaydakı transferlər arasında heyətə düşmək baxımından çətinlik yaşayacağın gözlənilirdi. Amma mövsümün gedişi bunun əksini ortaya qoydu. Bunu gözləyirdinmi?
– Üzərimdə çox çalışıram. Təbii ki, daim oynamaq istəyirəm. Qərarı isə baş məşqçi verir.
– “İnter”lə kubok oyununda da qarşılaşacaqsınız. Həmin oyunun da sizin üçün belə rahat keçəcəyini gözləyirsən?
– Kubok oyununda “İnter” meydana daha güclü şəkildə çıxacaq. Üstəlik, oyun süni örtüklü meydanda keçiriləcək. Bu da bizim üçün əlavə çətinlik yaradacaq. Yəni həmin oyunun asan keçəcəyini qətiyyən düşünmürük.
– "Qarabağ"la qızıl medalları qazanmağa çox yaxınsan. Bu, karyeranda ilk çempionluq olacaq. Əzmkarlığını buna bağlamaq olarmı?
– İndiyə qədər iki dəfə kubok qazanmışam. Qalibiyyət hissini bilirəm. Amma çempionluq sevinci yaşamamışam. Bunu çox istəyirəm.
– “Qarabağ”ı İspaniyanın hansı klubuna bənzədirsən?
– Topla çox oynamaq istəyinə görə “Barselona”ya bənzətmək olar. Amma keyfiyyətə gəldikdə, aradakı fərq çox böyükdü. Həm də fərqli çempionatlar olduğuna görə, müqayisə aparmaq da düzgün deyil.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp