Hər keçən gün bizi ölkəmizdə keçiriləcək 17 yaşlı futbolçuların Avropa Çempionatına daha da yaxınlaşdırır. Futbolinfo.az saytı qitə birinciliyi haqqında layihəsini davam etdirir. Budəfəki yazımızda mötəbər yarışın tarixinə nəzər salıb, bir sıra maraqlı faktları diqqətinizə çatdıracağıq. 
Sözügedən çempionat gənc futbolçuların üzə çıxamsı üçün UEFA-nın təşkil etdiyi yarışdı. İlk dəfə 1982-ci ildə keçirilən AÇ 2002-ci ilə kimi 16 yaşadək futbolçuların yarışı olub. Məhz həmin ildən turnir indiki adını alıb. 
Bu çempionat ilk dəfə 1982-ci ildə İtaliyada start götürüb. Elə turnirin qalibi də meydan sahibləri olub. Meydan sahiblərinin də iştirak etdiyi təsnifat yarışlarından cəmi 4 komanda final mərhələsinə yüksəlməyə müvəffəq olub. 1983-cü ildə keçirilməyən AÇ həmin vaxtdan indiyə kimi hər il keçirilir. Bu müddətdə ən çox çempionluğu isə ispanlar qazanıb – 8 dəfə. Amma pireneylilərin də son uğurundan artıq 8 il keçir. Sonrakı yeri isə Pireney yarımadasının başqa təmsilçisi olar Portuqaliya tutur. Onlar fəxri pilləyə 5 dəfə yüksələ bilib. 
İlk 2 çempionatda 4 komanda iştirak etdiyi halda, daha sonra bu say dəyişib. Belə ki, 1985-2002 illər aralığında 16, 2003-14-cü illərdə isə 8 komanda iştirak edib. Ötən ildən bu say yenidən 16-ya yüksəldilib.
Turnir ilk dəfə Qafqaz regionunda keçirilsə də, millimiz heç də adıçəkilən zonadan yarışlara qatılacaq ilk komanda deyil. Belə ki, qonşu dövlət olan Gürcüstan bu yarışda 3 dəfə – 1997, 2002 və 2012-ci illərdə qatılıb. Onlar hətta iştirak etdikləri son yarışda ilk 4 komanda arasına da düşməyi bacarıblar. 
Ölkəmiz İtaliya, Almaniya, Macarıstan, Yunanıstan, Fransa, İspaniya, Danimarka, Almaniya Demokratik Respubilkası, İsveçrə, Kipr, Türkiyə, İrlandiya, Belçika, Avstriya, Şotlandiya, Çexiya, İsrail, İngiltərə, Portuqaliya, Luksemburq, Lixtenşteyn, Serbiya, Sloveniya, Slovakiya, Malta, Bolqarıstandan sonra yarışa təşkilatçılıq edəcək 28-ci ev sahibi olacaq. Siyahıda olan cırtdan dövlətlərin olması həm də onu göstərir ki, AÇ-ni qəbul etmək ölkəmiz üçün heç də tarixi uğur deyil. 
Yəqin ki, hamını ən çox düşündürən məqamlardan biri də millimizin AÇ-da hansı nəticəyə imza atacağıdı. Bu sualın cavabı təxminən, 1 ay sonra bilinəcək. Amma tarixə nəzər salsaq, görərik ki, indiyə kimi keçirilən 33 yarışda cəmi 6 dəfə turnirin təşkilatçısı sonda qızıl medallara sahib olub – İtaliya (1982), Almaniya (1984; 2009), İspaniya (1988), Portuqaliya (2003), Fransa (2004). 
Qazanılan çempionluqlarla yanaşı meydan sahiblərinin fiaskosu da turnirdə artıq adi hala çevrilib. Əbəs yerə deyil ki, son 5 çempionatın 4-də meydan sahibləri qrupda qalıb. Ümumiyyətlə isə az qala çempionatlar tarixinin 50 faizində – 16 dəfə təşkilatçı ölkənin komandası qrup səddini adlamayıb. Hətta 1986-cı ildə Yunanıstan, 2006-da isə Luksemburq çempionatda keçirdiyi bütün görüşlərdə məğlub olub. Keçmiş təcrübələr göstərir ki, meydan sahibi olmaq üstünlük deyil. 
ELMAR ABDULLA-ZADƏ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp