“Qələbə qazana bilməməyimiz də bir neçə amilin rolu var. Meydana heç də həmişə tam heyətlə çıxa bilmirik. Cəza və ya zədə səbəbindən futbolçularımız oyunları buraxmaq məcburiyyətində qalır”. 
Futbolinfo.az xəbər verir ki, bu sözlərin müəllifi “Kəpəz”in futbolçusu Tural Axundovdur. Gəncə klubunun kapitanı Topaz Premyer Liqasının 31-ci turunda keçiriləcək “Sumqayıt” ilə oyundan öncə klub saytına açıqlama verib: 
“Komandada yorğunluq da var. Bu da oyunumuza təsirini göstərir. Amma sabahkı görüşdə əlimizdən gələni edəcəyik ki, sərfəli nəticə qazanaq. Meydanda sanki ölüm-dirim savaşı olacaq. Qələbə qazanmağa çalışacağıq. Bunun üçün əlimizdən gələni etməliyik”.
 
Nizami yurdunun təmsilçisi çempionatda son üç oyunda qələbə qazana bilməyib. Axundov artıq vəziyyəti düzəltməyin vaxtı çatdığını deyib: “Uzun marafon finişə doğru yaxınlaşır. Hər itirilən xal sonda baha başa gələ bilər. Bunu anlayırıq, onu da yaxşı başa düşürük ki, daha xal itirmək olmaz. Avropa Liqasında oynamaq üçün turnir cədvəlində üçüncü yerə qalxmaq istəyirik”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp