"Zirə"nin yarımmüdafiəçisi Luis Alberto Diez (Tato) Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində qarşılaşdıqları "Neftçi" ilə qolsuz heç-heçədən sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az sizi həmin müsahibə ilə tanış edir:
– 90 dəqiqə ərzində qapılara qol vurulmadı. Həddindən artıq sönük keçən oyun haqda nə deyə bilərsən?
– Meydana üç xal qazanmaq üçün çıxmışdıq. İlk hissədə rəqibdən daha yaxşı oyun nümayiş etdirdik. Məqsədimiz heç də bir xalla kifayətlənmək deyildi. İkinci yarıda meydan sahibi komanda üstün oynadı. Amma bizim də 1-2 real qol epizodumuz oldu.
 
– Fasilədən sonra üstünlüyü rəqibə verməyiniz nə ilə bağlıydı?
– Birinci hissədə biz üstün oluruqsa, rəqibin də fasilədən sonra üstünlüyü ələ keçirməsi normal haldı. “Neftçi” turnir cədvəlində bizdən aşağı sıralarda yer alsa da, yaxşı komandadı. Heyətlərində fərdi qabiliyyətinə görə seçilən futbolçular var.
 
– Son oyunları atan da stadiondan izləyirdi. Onun gedişi motivasiyana mənfi təsir edə bilərmi?
– Bütün oyunlara qalib gəlmək istəyi ilə çıxıram. Atam tribunadan məni izləyirsə, bu da müsbət haldı. Amma onun gedişi motivasiya olunmağıma mənfi təsir edə bilməz.
 
– Gümüş medalları artıq təmin etdiyinizi düşünmək olarmı?
– Bu haqda danışmaq tezdi. Çünki riyazi baxımdan bunu təmin etməmişik. Ona görə də “Qarabağ”la oyun haqda düşünməliyik.
 
– Bu yaxınlarda klubun prezidenti Vüqar Astanov açıqlamasında “Zirə”nin avrokuboklara getməyəcəyi halda futbolçularını ehtiyac olarsa, digər klublara kömək üçün verə biləcəklərini açıqlayıb. Siz hansı klubu seçərdiniz?
– Hələ çempionat davam edir. “Qarabağ”la oyun haqda düşünürəm. Avrokuboklarda hansı komandaya kömək edə biləcəyimlə bağlı suala isə yayda cavab vermək olar.
 
– Karyeran ərzində medal qazanmısan?
– Uşaq futbolunda bəli, medallarım olub. Amma peşəkar karyeramda hansısa medal yoxdu. 23 yaşım var, hələ gəncəm. Əlbəttə, Azərbaycanda ilk medalımı qazanmaqdan zövq alardım. Bunun üçün mövsümün başa çatmasını gözləmək lazımdı.
 
– “Qarabağ”la oyunda hansısa müsbət nəticəyə ümid edirsinizmi? Çünki cari mövsümdə onları uda bilməmisiniz…
– “Qarabağ” demək olar, çempionluğunu rəsmiləşdirib. Biz isə öz meydanımızda uduzmamışıq. Buna görə də uğurlu seriyanı davam etdirmək istərdim.
 
– “Rasinq”də oynayan zaman Xabi Alonsoya qarşı çıxış etmisən və bununla bağlı fotolar var. Hərdən həmin şəkillərə baxanda düşünürsənmi ki, Alonso hara yüksəldi, mən hara endim?
– Sevinirəm ki, 18 yaşında La Liqada debüt etmişəm. Bura gəlməyim o demək deyil ki, karyeramı bitirməliyəm. Azərbaycanda olmaqdan da məmnunam. Yayda nələrin baş verəcəyini, hansı komandaya keçəcəyimi düşünəcəm. “Zirə”də də qala bilərəm.
ELMAR ABDULLA-ZADƏ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp