Futbolinfo.az-ın ölkəmizdə keçiriləcək 17 yaşlılardan ibarət yığma komandalar arasında Avropa çempionatı ilə bağlı layihəsi davam edir. Bu dəfə millimizlə eyni qrupda yer alacaq Portuqaliya yığmasının indiyə kimi sözügedən turnirdəki nəticələrinə nəzər salacağıq.
İlk iki çempionatda – 1982 və 1984-də təsnifat mərhələsini adlaya bilməyən portuqallar nəhayət 1986-cı ildə AÇ-də debüt edir. Amma ilk, heç də uğurlu alınmır və pireneylilər qrup mərhələsini adlaya bilmir. Elə növbəti 2 turnirdə də eyni hal təkrarlanır. Amma 1988-ci ildəki qitə birinciliyində axır ki, onlar istəklərinə çata bilirlər. Gələcəkdə dünya futbolunda iz qoyacaq Luiş Fiqu, Ruy Koşta kimi oyunçuların yer aldığı komanda yalnız finalda ispanlara penaltilər seriyasında yenilərək "gümüş"ə sahib çıxır. 1 il sonra isə Portuqaliya həsrətə son qoyaraq, ilk pillənin sahibi olur. Keçirdiyi 5 görüşün hamısında qələbə qazanan “qırmızı-yaşıllar” yarımfinalda əvvəlki finalın qısasını alaraq, ispanları məğlubiyyətə uğradır. Bütün görüşlərdə adını tabloya yazdıran Gil Qomeş isə vurduğu 10 qolla turnirin bombardiri olur. 
Bu uğurlardan sonra isə Portuqaliya yığmasında bir neçə il durğunluq dövrü yaşanır. Portuqallar ən yaxşı halda 4-cü pilləyə yüksələ bilirlər. Amma bu da çox davam etmir. 1995-ci ildə pireneylilər yenidən zirvəyə qalxırlar. Onlar bu uğurlarını 1 il sonra da davam etdirərək, ardıcıl 2 il qitənin ən güclüsü adına sahib olurlar. Növbəti il isə onlar 13 illik fasilədən sonra ilk dəfə təsnifat mərhələsini adlaya bilmirlər. Növbəti 2 ildə də ciddi uğur qazana bilməyən Portuqaliya 2000-ci ildə yenidən qızıl medallara sahib olur. Rikardo Kuarejmanın liderlik etdiyi komanda finalda məhz bu futbolçunun dublu sayəsində Çexiyanı üstələyir. 1 il sonarkı turnirdən kənar qalan, növbəti il isə qrup səddində ilişən Portuqaliya 2003-də yenidən qitənin ən güclüsü adına sahib olur. Vətəndə keçirilən yarışda onlar finalda bu dəfə də İspaniyanı üstələyərək çempion adını qazanırlar. 1 il sonra bürüncə sahib olan Portuqaliya o vaxtdan bəri hələ də özünə gələ bilmir. Ardıcıl 5 turnirin təsnifat mərhələsində ilişən qrupumuzun favoriti 2011-ci ildə qatıldığı yarışda qrupdan çıxa bilməyib. Həmin vaxtdan sonra yalnız 2014-cü ildəki turnirin iştirakçısı olan Portuqaliya həmin vaxt mübarizəni yarımfinalda dayandırıb. Ötən il Bolqarıstanda baş tutan turniri buraxan portuqallar 1 illik fasilədən sonra yenidən qitə səhnəsinə qayıdıb. Hər nə qədər portuqallar son illərdə zəif nəticə göstərsə də bizə görə bu ölkə çox təhlükəli rəqibdi. Heyətində “Porto”, “Benfika” kimi komandaların yetirmələri olan rəqib yenidən əvvəlki günlərinin sorağındadı. 
ELMAR ABDULLA-ZADƏ
Shares: