Futbolinfo.az-ın ölkəmizdə keçiriləcək 17 yaşlılardan ibarət yığma komandalar arasında Avropa çempionatı ilə bağlı layihəsi davam edir. Bu dəfə millimizlə eyni qrupda yer alacaq komandalardan Belçika yığmasının Avropa Çempionatlarındakı nəticələrinə nəzər salacağıq. 
Dünən haqqında yazdığımız qrupun favoriti olan Portuqaliyadan fərqli, Belçikanın inidyə kimi sözügedən yarışlarda ciddi uğuru yoxdu. Əbəs yerə deyil ki, “qırmızı iblislər” turnir hələ 16 yaşlıların çempionatı sayılan vaxt ilk 5 yarışdan kənar qalıb. Belçika ilk dəfə 1988-ci ildə İspaniyada keçirilən çempionatda debüt edib. Həmin vaxt qrup mərhələsinə İsveçrə (2:1) üzərində qələbəylə başlasalar da, sonradan Portuqaliya və İrlandiyaya məlubiyyət onların turniri erkən başa vurmasına səbəb olub. Növbəti AÇ-ni buraxan belçikalılar 1990-cı ildə yenidən qitə səhnəsinə qayıdıb. Amma onların bu dönüşü də əvvəlki kimi uğursuz alınıb. Komanda 1 xalla qrup sonuncusu olub. Qeyri-sabitliyi ilə seçilən qərbi avropalılar növbəti dəfə yarışa 3 il sonra qatılıblar. Onların budəfəki çıxışı nisbətən uğurlu alınıb. Komanda turnirdə keçirdiyi 4 görüşün heç birində məğlub olmasa da, 1/4 finalda Polşanı penaltilər seriyasında üstələyə bilməyib. 1 il sonra isə “qırmızı-qaralar” növbəti dəfə qrupda qalıblar. 1995-ci ildə Fransa, Avstriya və Norveçin yer aldığı qrupda ilk pillənin sahibi olan belçikalılar yenə də 1/4  finalda əyləci basıblar. Bu dəfə Portuqaliyanı üstələmək mümkün olmayıb – 0:1. Növbəti çempionatı buraxan Enzo Şifonun həmyerliləri 1997-ci ildə də yarımfinalın bir addımılığında dayanıb. Komanda bu dəfə penaltilər seriyasında İsveçrəyə məğlub olub. 2001-ci ilə isə belçikalılar qrupda Almaniya və İspaniya ilə eyni sayda – 6 xal toplasa da, adıçəkilənlərlə nisbətdə nəticəsi pis olan “qırmızı iblislər” pley-offa vəsiqə qazana bilməyib. 
Turnirdə yaş həddi artırılıb, U-17-lərin Avropa Çempionatı adını aldıqdan sonra isə Belçika nəhayət ki, uzun illərin həsrətinə son qoyaraq, yarımfinala vəsiqə qazanıb. Amma bunun üçün onlar 5 çempionat gözləməli olublar. Çünki haqqında bəhs etdiyimiz komanda 2002, 2003, 2004, 2005-ci illərdə keçirilən yarışlardan kənar qalıb. 2006-cı ildə qrup mərhələsini adlaya bilməyən Belçika yuxarıda qeyd etdiyimiz uğura növbəti çempionatda nail olur. 1/4 final mərhələsinin olmadığı turnirdə 2 qrupdan ən yaxşı nəticə göstərmiş 4 komanda növbəti mərhələyə çıxıb. Heyətində Eden Azar, Kristian Benteke kimi futbolçuları olan belçikalılar yarımfinalda ispanlara penaltilər seriyasında məğlub olub. Ardınca isə durğunluq dövrü başlayıb. Belə ki, onlar həmin vaxtdan bəri ötənilki turnirə kimi cəmi bir yarışda iştirak edib. 2013-cü ildə 4 xal toplayan Belçika qrup səddində ilişib. Bir də ötən il Bolqarıstanda keçirilən AÇ-yə qatılan qərblilər yenə də penaltilər seriyasında ilişib. Bu dəfə xorvatlar keçilməz olub. 
Zəngin futbol ənənəsi ilə seçilən Belçika qrupun favoritlərindəndi. Onların heç vaxt medalçılar sırasına düşməməsinə baxmayaraq, son illərdə bu ölkədə uşaq futboluna göstərilən diqqət göz qabağındadı. Heyətində “Anderlext, “Brügge”, “Genk”, PSV kimi komandaların futbolçularını cəmləşdirən baş məşqçi Bob Brovyesin komandası ciddi uğura nail olmaq istəyindədilər. 
P.S. Ölkəmizdə lotoreyasevərlərin ən çox rastlaşdıqları ifadə belçikalılara çox yaraşır: Bəxtinizi bir daha sınayın. Əksər hallarada penaltilər seriyasında məğlub olub, turniri tərk edən rəqibimiz bu dəfə də bəxtini bir daha sınamaq üçün ölkəmizdə keçiriləcək yarışa qatılıblar. 
ELMAR ABDULLA-ZADƏ
Shares: