Futbolinfo.az-ın ölkəmizdə keçiriləcək 17 yaşlılardan ibarət yığma komandalar arasında Avropa çempionatı ilə bağlı layihəsi davam edir. Bu dəfə qrupumuzda yer alan digər komanda – Şotlandiya yığmasının Avropa çempionatlarındakı nəticələrinə nəzər salacağıq.
A qrupunda millimizin rəqibləri arasında yer alan şotlandların AÇ tarixi heç də parlaq deyil. Britaniyalıların demək olar ki, bu yarışlarda uğuru yox səviyyəsindədi. Britaniyalılar turnir hələ 16 yaşlıların çempionatı sayılan vaxt ilk 2 yarışdan (1982, 1984) kənar qalıb. Bundan sonra ardıcıl 3 turnirdə iştirak edən Dumanlı Albion təmsilçisi mübarizəni qrup mərhələsindəcə dayandırıb. Növbəti AÇ-ni buraxan şotlandlar 1989-cu ildə yenidən qitə səhnəsinə qayıdıblar. Lakin həm bu, həm də 1 il sonrakı turnirdə qrup mərhələsi yenə keçilməz olub. Ümumiyyətlə, daha sonra da Uilyam Vollosun həmvətənləri turnir 2002-ci ilə kimi – turnir 17 yaşadək futbolçuların Avropa çempionatı adlanana kimi ciddi heç nə ilə yadda qalmayıb. Onlar 2 ildən bir iştirak hüququ qazandıqları yarışda ancaq iştirakçı kimi yadda qalıblar.
“Yubkalılar” 2002-ci ildən sonra isə ümumiyyətlə qitə səhnəsində görünməyiblər. 2014-cü ilə kimi olan müddətdə cəmi bir dəfə final mərhələsinə yüksəliblər. 8 komandanın 2 qrupa bölündüyü turnirdə Şotlandiya qazanılan 2 qələbə sayəsində yarımfinala vəsiqə qazanıb. Onlar bu mərhələdə Hollandiyaya müqavimətsiz təslim olub – 0:5. Maraqlıdı ki, şotlandların qrupda İsveçrə üzərində qazandığı 3:1 hesablı qələbəni FİFA referimiz Əliyar Ağayev qeydə alıb. Sonuncu dəfə ötən il Bolqarıstanda keçirilən turnirə qatılan şotlandalar yenə “ənənə”sinə sadiq qalaraq qrup səddini adlaya bilməyib.
Maraqlıdı ki, qədim futbol tarixinə malik Şotlandiya pis oxuyan şagirdlər kimi, həmişə sinifdə qalır. Bu ölkə əsas millilər səviyyəsində də qatıldığı 8 dünya, 2 Avropa çempionatında heç vaxt qrup mərhələsini adlaya bilməyib. Elə millimizdən savayı Portuqaliya və Belçikaya da rəqib olacaq sözügedən komanda heç indi də qrupda favoritlərdən deyil.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp