Bayraq, himn, vətən, şəhidlər… Şəxsi fikrimdi, bütün bu amillər eyni – birinci sırada dayanan faktorlardı.
Bəli, 16-17 yaşlı yeniyetmənin psixologiyası hələ formalaşmayıb, amma bu yöndə çalışmaq hər bir yaşlı nəsil nümayəndəsinin ümdə vəzifəsidi. Hər birimiz yeniyetmələrə bu səpkidə ibrət nümunəsi olmalıyıq. Qarşıdan isə U-17 yığmamızın ciddi sınağı gəlir – Avropa çempionatının final mərhələsi. Bu yazıda komandanı vətən sevgisi prizmasından hazırlaşdırmaq mövzusuna toxunacağıq.
Gənclər yığmamızın turnirə ev sahibliyi etməsi ölkə büdcəsinin müəyyən hissəsinin onlara xərclənməsini şərtləndirib. Uşaqlara ilk növbədə bu barədə məlumat vermək gərəkdi. Məsuliyyəti dərk etmələri üçün kasıb ailələrin durumunu yaxşılaşdırmağa yox, məhz onların bu turnirdə meydan sahibi kimi “vald-kart” hesabına oynayacaqlarını təfəkkürlərinə həkk etdirmək gərəkdi. Haqq etmədikləri bir turnirin final mərhələsində sıravi vətəndaşların boğazından kəsilən bir tikə çörəyin hesabına oynadıqlarını başa salmaq gərəkdi. Ki, vətəndaşlıq borclarını yerinə yetirməyin nə olduğunu dərk etsinlər, bir-biriləri ilə intriqalara aludə olmasınlar, vahid ailə kimi bir yumruq olmağı bacarsınlar.
Eyni zamanda, komanda üzvlərinə “Fəryad”, “Ağ atlı oğlan”, Xocalı soyqırımına həsr olunan (“Xoca filmi yox ha!) kadrların nümayişini təşkil etmək gərəkdi. 2016-nın aprel ayında ordumuzun ələ keçirdiyi yüksəkliklər barədə dolğun məlumat vermək, bu döyüşlərdə canlarından keçmiş əsgər və zabitlərimizin dəfn mərasimlərindən videosüjetlər göstərmək lazımdı. Eyni zamanda, futbol camiəsinin məhz ordudakı qələbələrə dəstək aksiyasından hazırlanan videoçarxları da göstərməyə zərurət var. Həmin gənclərin məhz bu turnirin Bakıda əmin-amanlıq şəraitində keçməsi yolunda canlarını fəda etmələrini də yeniyetmə oyunçuların beyin hüceyrələrinə yeritmək lazımdı.
Mütləq qaydada Şəhidlər Xiyabanını ziyarət etmək də gərəkdi. Və bunu “xala xətrin qalmasın” yox, tarixi ən yüksək səviyyədə bilən bələdçinin müşayiəti ilə həyata keçirmək lazımdı. Eyni zamanda Novruz Əzimov, İslam Kərimov kimi Qarabağ müharibəsində iştirak etmiş mütəxəssisləri dəvət etmək və futbolçulara ruh yüksəkliyi, bayraq sevgisi gətirən söhbətləri təşkil etməyə zərurət var.
Futbolçular dərk etməlidilər ki, mübarizəni sonadək davam etdirmək onların bu gün xalqa verə biləcəkləri yeganə şeydi. Bəli, udmaq da olar, uduzmaq da. Amma alnıaçıq olmağın yeganə yolu, bacardığının ən yaxşısını son saniyəyədək ortaya qoymaqdı.
Dövlət himnimiz səslənərkən, bu məsuliyyəti tüklərinin ucuyla hiss etməli və qürurla oxumalıdılar. Ona görə yox ki, oxumasalar, kimlərsə onları tənqid edəcək. Yox, əsas səbəb bu torpağa olan məhəbbət olmalıdı. Yoxdusa, o millinin formasını bulaşdırmasınlar. Komanda üzvləri anlamalıdılar ki, bir halda bağışlanmayacaqlar: milli formanın haqqını verməsələr!
CEYHUN ƏLİYEV

P.S. Pessimist görünmək istəmirik, amma bu bayrağın qədrini yalnız azərbaycanlılar bilə bilər.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp