Təbiətin oyandığı, həyatın canlandığı bahar fəsli futbol təsərrüfatında hər şeyin sonu ilə yadda qalır. Çempionatlar bitir, yarışlar dayanır. Bir növ aprel-may ayları futbolun payızına çevrilir.
 
Payız məhsul yığımı, ilə ərzində çəkdiyin əziyyətin bəhrəsini gördüyün fəsil kimi yadda qalır. Futbolda “cücənin payızda sayıldığı” vaxt məhz indidi.
 
Uşaq futboluna aid layihəmizin davamı kimi yenə bu sahədə olan problemlərə diqqət edəcəyik. Görək AFFA-nın broyler şirkəti kimi təşkil etdiyi uşaq liqalarında neçə “cücə” payıza salamat çıxıb, neçə “hin” bağlanıb?
 
Bəri başdan deyək ki, uşaq liqalarında hələ mövsüm yekunlaşmayıb. Bəzi yarışlar bitsə də, davam edənlər də var. Əslində, bunun özü anormallıqdı. Çünki yarışlar eyni vaxtda başlayıb, eyni vaxtda bitməli, mövsümə yekun vurulmalıydı. Ancaq çempionatın gedişində o qədər hoqqalar olub ki, indi olanlar bunun yanında toya getməlidi.
 
Uşaq və Gənclər üzrə Yarışlarının Təşkili Şöbəsinin 2015/16-cı illər mövsümünün ilk yarısını əhatə edən hesabatında uşaq və gənclər liqasında 9147 nəfərin yarışdığı qeyd olunub. Amma indi vəziyyət fərqlidi. Çünki mövsümün gedişində bir çox komandalar dağılıb, futbolçular məşğuliyyətsiz qalıb.
 
 
U-10 LİQASI
 
Komanda – 78
Oyunçu – 1264
Məşqçi – 142
 
AFFA-nın hesabatında göstərilir ki, bu mövsüm liqada 970 yeni oyunçu iştirak edir. Amma belə süni artımın fəsadıdı ki, yarışların başladığı sentyabrdan etibarən artıq texniki məğlubiyyətlərə start verilib. Komandaların imkanlarının nəzərə alınmamasının nəticəsidi ki, ilk turlardan etibarən “Bakı”, Ucarı “Uğur” klubları oyunlara getmədiyi üçün texniki məğlubiyyət alıb.
 
Ümumiyyətlə, bu liqada 8 texniki məğlubiyyət komandalardan biri oyuna gəlmədiyi, 7-si heyətdə yetərsay olmadığı, biri isə matç yarımçıq dayandırıldığı üçün verilib. Komandanın oyuna gəlməməsi, gələnin heyətdə oynatmağa futbolçu tapmaması ciddi qüsurdu və təşkilatçıların vicdanına yazılacaq eyibdi. Komandaların real gücünü bilməməklə onları yarışa cəlb edib süni say artımına nail olmaq nəyə lazımdı? Liqadakı oyunçu sayını komanda sayına bölsək, hər klubda təxminən 16 nəfərin oynadığını görərik. Bu isə o deməkdi ki, biz komandalarla yanaşı, onların 16 mislində futbolçu da itirmişik.
 
Texniki məğlubiyyət – 16
Dağılan komandalar – 0
Boşda qalan futbolçu – 0
 
 
U-11 LİQASI
 
Komanda – 97
Oyunçu – 1540
Məşqçi – 187
 
Bu liqada bütün məğlubiyyətlər oyuna gəlinmədiyi üçün verilib. Yenə də yuxarıda yazdıqlarımızı təkrar etmək məcburiyyətində qalırıq. AFFA bu yarışı da kəmiyyət üstünlük verərək keçirir.
 
Texniki məğlubiyyət – 8
Dağılan komandalar – 0
Boşda qalan futbolçu – 0
 
 
U-12 LİQASI
 
Komanda – 89
Oyunçu – 1548
Məşqçi – 171
 
12 texniki məğlubiyyət bu yaş qrupu üçün həddindən artıq çoxdu. 8 komandanın oyuna gəlməməsi, 3 matçda komandaların meydana buraxmaq üçün lazımi sayda futbolçu tapa bilməməsi çox pis haldı. Oyunçuların elektron qeydiyyatının aparıldığı bir zamanda komandanın heyətində lisenziyası olmayan futbolçunun iştirak etməsi və buna görə 0:3-ə məruz qalması əsl biabırçılıqdı.
 
Burada bir komanda yarışlardan erkən uzaqlaşdırılıb ki, yenə də iştirakçının imkanlarının müəyyənləşdirilməməsi pis haldı. Hər komandada orta hesabla 17 futbolçu oynadığını nəzərə alsaq, dağılan kollektivin üzvlərinin indi nə işlə məşqul olduğu çox maraqlıdı.
 
Texniki məğlubiyyət – 12
Dağılan komandalar – 1
Boşda qalan futbolçu – 17
 
 
U-13 LİQASI
 
Komanda – 100
Oyunçu – 1773
Məşqçi – 194
 
Bu liqada hər şey nəhs gətirib. 20 texniki məğlubiyyət yarışı keçirənlərin gündəliyinə yağlı “5” yazmaq üçün fürsət verir. 14 komandanın oyuna gəlməməsi, 3-də yetərsayın olmaması və daha 3 nəticənin saxta sənədlərə görə ləğv olunması fiaskodu.
 
Texniki məğlubiyyət – 20
Dağılan komandalar – 1
Boşda qalan futbolçu – 17
 
 
U-14 LİQASI
 
Komanda – 82
Oyunçu – 1607
Məşqçi – 141
 
Burada da vəziyyət çox pisdi. 10 texniki məğlubiyyət hansısa komandanın oyuna gəlməməsi, 3-ü isə kiminsə oynatmağa, ümumiyyətlə, futbolçu tapa bilməməsi üzündən reallaşıb. Nəticədə düzgün planlaşdırılma aparılmadığından 2 komanda çıxışını erkən başa vurub, 39 yeniyetmə taleyin ümidinə buraxılıb.
 
Texniki məğlubiyyət – 13
Dağılan komandalar – 2
Boşda qalan futbolçu – 39
 
 
U-15 LİQASI
 
Komanda – 18
Oyunçu – 418
Məşqçi – 37
 
22 texniki məğlubiyyətdən 6-sı komandanın oyuna gəlməməsi üzündəndisə, 1 klub da limiti pozduğundan eyni aqibəti yaşayıb. Daha 15 texniki məğlubiyyət bir komandanın hesabındadı. Keyfiyyətə üstünlük verməyən AFFA yalnız say düzəltməyi fikirləşdiyindən belə nəticəylə üz-üzədi. Ölkə futbolunun inkişafına töhfə verməli olan, uşaqların sağlam həyat tərzi keçirməsinə görə məsuliyyət daşıyan, nümayəndəsi İcraiyyə Komitəsində təmsil olunan Təhsil Nazirliyinin komandası 0:14 hesablı məğlubiyyətdən sonra yarışdan imtina edib. Buna görə məhz bu komandaya görə 15 texniki məğlubiyyət bu liqanın hesabına əlavə olunub.
 
Texniki məğlubiyyət – 22
Dağılan komandalar – 2
Boşda qalan futbolçu – 25
 
 
U-16 LİQASI
 
Komanda – 15
Oyunçu – 357
Məşqçi – 29
 
Burada komandanın oyuna gəlməməsinə görə qeydə alınan 3 texniki məğlubiyyəti ümumi fonda normal hesab etmək olar.
 
Texniki məğlubiyyət – 3
Dağılan komandalar – 0
Boşda qalan futbolçu – 0
 
U-17 LİQASI
 
Komanda – 14
Oyunçu – 327
Məşqçi – 26
 
6 komanda hansısa səbəbdən matçlara gəlməyib. Bəlkə də bu göstərici yaxşı hesab edilə bilər. Amma nəzərə alsaq ki, bu yarışda əsasən peşəkar klublar iştirak edir və cəmi 14 komanda yarışır, nəticə üzücüdü.
 
Texniki məğlubiyyət – 6
Dağılan komandalar – 0
Boşda qalan futbolçu – 0
 
 
U-19 LİQASI
 
Komanda – 12
Oyunçu – 313
Məşqçi – 24
 
Elə 12 komandanın yarışdığı U-19 liqası haqda da eyni sözləri demək olar. Komandanın oyuna gələ bilməməsi, meydan sahibi komandanın təhlükəsizliyi təmin edə bilməməsi faktları utancvericidi.
 
Texniki məğlubiyyət – 2
Dağılan komandalar – 0
Boşda qalan futbolçu – 0
 
***
 
Yekun nəticə biabırçıdı. 102 texniki məğlubiyyət, dağılmış 6 komanda, məşğuliyyətsiz qalan, həm futboldan, həm də təhsildən kənar düşən 100-ə yaxın uşaq. Görəsən bütün bunlar mövsümün yekununa aid hesabatda da yer alacaqmı?
 
Uşaq və Gənclər üzrə Yarışlarının Təşkili Şöbəsinin gördüyü iş göz qabağındadı. Say artırmaqla deyil, ortada keyfiyyət olmalıdı. Belə fəaliyyətin nəticəsidi ki, ev sahibi olduğumuz 17 yaşlılardan ibarət millilərin Avropa çempionatına 10 milliləşən əcnəbi ilə gedirik. Axı, onların əvəzinə oynamalı olan gənc nəsil yetişdirilmir…
 
ELMAR ABDULLA-ZADƏ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp