Avropa klublarının aprel ayı üçün reytinq siyahısı açıqlanıb. Futbolinfo.az xəbər verir ki, Avropa ölkələrində yüksək liqa komandalarının hamısının yer aldığı cədvəldə Topaz Premyer Liqasının 10 iştirakçısı da var.
 
708 klubun adının olduğu siyahıda ən yüksək göstəriciyə malik Azərbaycan komandası yenə “Qarabağ”dı. Son aylar irəliləməkdə olan ağdamlılar bu dəfə 12 pilləlik sıçrayış ediblər. Qurban Qurbanovun kollektivi bunun sayəsində ikinci “100-lüy” ə daxil olub.
 
Komandalarımızdan 5-i reytinqdə irəliləyib. “Qarabağ”la yanaşı, “Qəbələ”, “Zirə”, “Kəpəz” və “Rəvan” da irəliləyişə nail olub. AZAL ötən aykı mövqeyini qoruyubsa, “İnter”, “Neftçi”, “Sumqayıt” və “Xəzər Lənkəran”da geriləmə müşahidə olunub.
 
Topaz Premyer Liqasındakı klublar:
200 (212) “Qarabağ” – 1952 xal (+36)
294 (291) “İnter” – 1623 (-21)
339 (345) “Qəbələ” – 1508 (+6)
376 (370) “Neftçi” – 1406 (-23)
390 (390) AZAL – 1358 (-2)
399 (408) “Zirə” – 1332 (+36)
419 (423) “Kəpəz” – 1270 (+23)
449 (441) “Sumqayıt” – 1182 (-30)
495 (478) “Xəzər Lənkəran” – 1060 (-53)
529 (535) “Rəvan” – 955 (+29)
 
Qeyd: birinci mötərizə komandaların ötən reytinqdəki yerini, ikinci mötərizə isə son reytinqdən indiyə qədər topladıqları (və ya itirdikləri) xal sayını bildirir.
 
 
Siyahıya yenə “Barselona” başçılıq edir. Kataloniyalılar bir ay ərzində 148 reytinq xalı itirmələrinə baxmayaraq, hələ də zirvəni heç kimə verməyiblər. “Real”, “Bavariya” və “Atletiko” bu dəfə də müvafiq olaraq, 2-4-cü pillələrdə qərarlaşıblar.
 
İlk “10-luq”da PSJ ilə “Yuventus” yerlərini dəyişiblər. “Mançester Siti” 2 pillə geriləyərək 10-yerdə qərar tutub. Avropa Liqasının finalına vəsiqə qazanan “Sevilya” ilk “10-luğ”u tərk edib. Onun əvəzinə bura “Benfika” daxil olub.
 
İlk “onluq”:
1. “Barselona” (İspaniya) – 4418 xal
2. “Real” (İspaniya) – 4380
3. “Bavariya” (Almaniya) – 4077
4. “Atletiko” (İspaniya) – 4002
5. “Yuventus” (İtaliya) – 3825
6. PSJ (Fransa) – 3795
7. “Borussiya” (Dortmund, Almaniya) – 3573
8. “Mançester Siti” (İngiltərə) – 3406
9. “Arsenal” (İngiltərə) – 3329
10. “Benfika” (Portuqaliya) – 3320
 
Türkiyə klublarından ən yaxşı göstəriciyə malik olan “Fənərbaxça” (2869) 2 pillə irəliləyərək, 35-ci yerə yüksəlib. “Beşiktaş” 52-ci (2644 xal), “Qalatasaray” isə 79-cu (2431) yerdə qərarlaşıb. (apasport.az)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp