Azərbaycan 2020-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinin ev sahiblərindən olacaq. AFFA rəhbərliyi birağızdan yığmamızın məhz həmin yarışın finallarına çıxması üçün çalışdığını bildirir. Bəs, Andorraya qalib gələ bilməyən, Makiedoniyaya boyun əyən komanda qitənin ən yaxşıları sırasına vəsiqə qazana bilərmi? 

Ayndın məsələdi ki, bu gedişatla ancaq “qulağımızın ardını görərik”. Üstəlik ölkə çempionatının səviyyəsi də günü-gündən aşağı düşür. Assosiasiya 10 klub tapıb Premyer Liqaya calaya bilmir. Futbolinfo.az yaranmış vəziyyətdə alternativ çıxış yolunu təklif edir. Qəbul edib-etməyəcəkləri öz işləridi, amma biz yenə də futbol naminə növbəti təşəbbüsümüzü qələmə alırıq.

Premyer Liqaya yeni bir komanda buraxılsın. Adının nə qoyulacağının heç bir fərqi yoxdu. Sponsor da ənənəvi olsun: “Kəpəz”, “Sumqayıt”, “Neftçi”, 1-ci divizion klublarının büdcələri hansı quyudan formalaşırsa, bu kollektiv də onlardan biri olsun. 

Bu komandaya cəlb olunan futbolçulara gəlincə, ilk növbədə onların indiki yox, 2-3 ildən sonrakı yaşlarını nəzərə almalıyıq. Çünki həmin oyunçular AÇ-nin seçmə tsiklində, habelə Millətlər Liqasındakı çıxışların nəticəsinə görə AÇ-ya vəsiqə əldə biləcək. Demək ki, indi 29 yaşı olan futbolçunun 31 yaşında xarüqələr yaradacığı mümkünsüzdü. Söhbət bundan gedir ki, hazırda 24-31 yaşında olan futbolçularımızın qazandığı nəticələr göz qabağındadı və bu nəsildən möcüzə gözləməyə dəyməz.

Demək ki, heyətə 17-22 yaşında uşaqlar cəlb olunmalı, onlar klub kimi formalaşdırılmalı, 2-3 ildən sonra isə yığmamıza fayda verməlidilər. Bunun əsas üstünlüyü ondan ibarətdi ki, həmin futbolçular il ərzində hansısa yığmamızın heyətində 4-5 oyun deyil, 40-42 dəfə çiyin-çiyinə yaşıl meydanlara çıxacaqlar. Başqa sözlə, 2 ildən sonra bir-birilərini gözüyumulu anlayacaqlar.

Ancaq belədə, AFFA çempionat üçün tətbiq etdiyi minimum bir 21 yaşlı futbolçunun meydanda olması limitini ləğv etməlidi. Çünki həmin uşaqlar büs-bütün bir klubda cəmləşəcək. 

Ortaya təbii sual çıxır: öz yetirməsini və ya müqaviləylə kluba bağlı oyunçunu kim hədiyyə edər? Ancaq bunun da sivil həlli yolu var. Futbolçu yeni yaradılan kluba icarə əsasında verilir. Bunu misal əsasında izah edək. Deyək ki, yeni yaradılan kluba “İstiqlal” adı verildi. “Qarabağ”ın yarımmüdafiəçisi Cavid Tağıyev də “İstiqlal”a cəlb olundu. Tağıyevin isə Ağdam təmsilçisi ilə  hələ 3 illik müqaviləsi var. Bu müddət kəsiyində futbolçunu ölkə xaricindən istəyən klub olsa, danışıqlar birbaşa “Qarabağ”la aparılmalı və futbolçuya görə ödəniləcək vəsait yalnız Ağdam təmsilçisinə çatmalıdı.

Pessimist baxışlı insanlar tərəfindən yaranacaq növbəti sual: “Bu qədər uşağı tapmaq olar”? Olar! Özü də çətinlik çəkmədən. Əlbəttə, adlarını çəkmədiklərimiz də qalır, amma bu klub yaradılacaqsa, baş məşqçi postuna təyin olunacaq yoldaş zəhmət çəkib, zəif hesab etdiyi mövqeyə digər gəncləri də cəlb etsin. Buyurun, bu da siyahı.

Qapıçı: Rəşad Əzizli
Müdafiəçilər: Sertan Taşkın, Abbas Hüseynov (hər ikisi “İnter”), Fəhmin Muradbəyli, Məqsəd İsayev, Rahil Məmmədov (hamısı “Neftçi”), Azər Salahlı (“Qarabağ”), Adil Nağıyev (“Zirə”);
Yarımmüdafiəçilər: Mirsahib Abbasov, Fuad Bayramov (hər ikisi “İnter”), Coşqun Diniyev, Qara Qarayev, Cavid Tağıyev, Namiq Ələsgərov (hamısı “Qarabağ”), Fərid Nəbiyev, Qismət Alıyev, Elvin Camalov (hamısı “Qəbələ”), Elşən Abdullayev, Rəhman Hacıyev (hər ikisi “Neftçi”), İbrahim Qədirzadə (“Xəzər Lənkəran”*), Seymur Əsədov (AZAL), Murad Ağayev (“Sumqayıt”)
Hücumçular: Elnur Cəfərov (“Xəzər Lənkəran”*), Amil Yunanov (“Sumqayıt”), Mahir Mədətov (“Qarabağ”).

Qeyd: “Xəzər Lənkar”ın futbolçuları * işarəsi ilə qeyd olunub. Həmin futbolçular, komanda fəaliyyətini dayandırdıqdan sonra azad agent statusuna sahibdilər.

Bu komanda yaradılarsa, AFFA “bir gülləylə iki dovşan” vurmuş olacaq. Çünki həm gələcəyin yığma üzvləri yetişəcək, həm də Premyer Liqa iştirakçılarının sayı artmış olacaq.

CEYHUN ƏLİYEV

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp