“Futbol azarkeş üçün oynanır” – bu deyim hər bir klubun şüarıdı. Elə Azərbaycan klubları da istisna deyil. Bəzən ölkəmizdə çıxış edən legionerlər belə boş tribuna qarşısında oynayarkən, bacardıqlarını tam nümayiş etdirə bilmədiklərini etiraf edir. Aydın məsələdi ki, futbolçu gedib tribunalara azarkeş toplamalı deyil. Bunun üçün hər kollektivdə məsul şəxslər var. 

Həmin insanların vəzifələrinin öhdəsindən hansı səviyyədə gəlməsini görmək üçün ölkə çempionatının oyunlarına getmək kifayət edir. Tribunalar sanki keçəl başda seyrək tüklər kimi bitmiş azarkeşlərə qucaq açır. Bunların da əksəriyyəti azyaşlılardı. Niyə? Səbəblər çoxdu. Bu dəfə söhbət açacağımız mövzu fanatlara qoyulan məhdudiyyətlərə həsr olunacaq.

Futbol azarkeş üçün əyləncədi. İnsan stadionda sevimli komandasına həsr etdiyi 2 saatın ləzzətini tam qaydada ala bilirmi? Komanda fanata nə bəxş edə bilər? İdealda bu, ancaq qələbə olar. Bəs, digər məqamlar? Axı, insan robot deyil. O, əyləncə hesab etdiyi oyunda istədiyi kimi dincəlmək istəyir. Kimisi pivə içmək istəyir, kimisi buterbrod almaq, kimisi sərinləşdirici içki, kimisi qəhvə, kimisi də çay. Hardan alsın? Satan varmı? Satan da olar, alan da. Qoyan yoxdu! Vətəndaşlarımıza verilən dəyər budu. 

Fasilə zamanı fəxri qonaqlar da, futbolçu və məşqçi heyəti də, media əhli də bir stəkan çay içə bilir. Bəs, fanat öz hesabına yarım qurtum su içmək istəyirsə, nə etsin? Axı, futbol əyləncədirsə, azarkeş kənarda sahib olduğu hüquqdan stadionda məhrum edilməməlidi! 

Nəyə görə “Seltik”, “Tottenhem” azarkeşləri ölkəmizdə olarkən stadiona pivəsini keçirib, rahat-rahat içə-içə sevimli klubuna azarkeşlik etməsinə qadağa qoyulmur? Nəyə görə özümüz özümüzə qiymət vermirik? Axı, ingilisi də, şotlandı da, digəri də bizim stadionlara gəldi-gedərdi, sənə azərbaycanlı fanat qalacaq. Qalması üçünsə ən azından britaniyalılara normal istirahət üçün yaratdığın şəraiti yerli fanatlarına da yaratmalısan. Bizdə isə polislər “olmaz, olmaz, olmaz” mahnısını stadionun dörd bir tərəfində oxuyur. 

İlk baxışdan xırda görünən məsələlər yekunda azarkeşlərin stadiona az sayda gəlməsini şərtləndirir. Azarkeş kütləsinin elə ancaq azyaşlı fanatlardan ibarət olmasının kökündə də məhz orta yaşlı insanlara normal istirahət üçün imkan verilməməsi dayanır. Bu layihəni qabartdıqca, heç də xoş olmayan bir sual beynimizi dumanlandırır: klublar azarkeşlərin tribunalara toplaşmasını istəyirmi? Çünki bu məqamları klublarda çalışan məsul şəxslər bilməyə bilməz. Bilirlərsə, nəyə görə bu istiqamətdə heç bir iş görmürlər? Yox, bilmirlərsə, klubda nə gəzirlər?  

CEYHUN ƏLİYEV

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp