Uşaq futbolu ilə bağlı layihəmizi dünya təcrübəsini öyrənməklə davam etdiririk. Əvvəlki yazılarımızda bir sıra ölkələrə "üz tutmuşduq". Həmin məmləkətlər isə bu sahənin öncüllərindən olublar. Lakin bu dəfə "qapısını döyəcəklərimiz" bizim kimi uşaq futbolunda problemləri olandı.

Bəli, söhbət qardaş ölkə Türkiyədən gedir. Onlarda da bizim kimi legioner həyatı yaşamış, ölkəsini xaricdə təmsil etmiş barmaqla sayılacaq qədər futbolçu var. Təbii ki, söhbət ölkə daxilində yetişənlərlə bağlıdı. Onlar da hər gün var-gəl edirlər, problemi mediada müzakirəyə çıxarırlar, həll yolu axtarırlar. Yenə də düzəlmir ki, düzəlmir.

Qardaş ölkənin uşaq liqaları bizdəkindən elə də fərqlənmir. Sadəcə, onlarda birincilik bizdən bir yaş yuxarı, yəni 14 yaşdan başlayır. Ən yüksəyi isə U-19-dur. Elə onlar da bizim kimi il ərzində ən azından 1 sanballı uşaq yetişdirib, xaricə göndərə bilmirlər. Uşaq futbolunu inkişaf etdirmək, yerli gəncləri ön plana çəkmək üçün tez-tez qərarlar da qəbul edilir. Buna misal kimi, Superliqa klublarında tətbiq olunan legioner limiti ilə bağlı dəyişiklikləri göstərə bilərik. Amma yenə də istənilən effekt alınmır.

İndi belə sual da yarana bilər ki, axı Türkiyə millisi, klubları bizdən daha yaxşı nəticə əldə edib. Bəli, ediblər, amma necə? Ölkənin insan potensialı, resursları, maliyyə dayaqları, eləcə də seçim imkanları genişdi. Türkiyə millisində oynayan futbolçulara da nəzər yetirək. Görün, yığma üzvlərindən neçə faizi Türkiyədəki futbol akademiyalarında yetişib? Təbii ki, bu miqdar azdı. Həmçinin söhbət milli olaraq, sistemli şəkildə işdən və beynəlxalq turnirlərdən kənarda qalmamaqdan gedir. Türkiyə millisi isə bu baxımdan axsayır. Belədə sual yarana bilər ki, qardaş ölkənin yığması 2002-ci ildə keçirilən dünya çempionatında 3-cü oldu. Lakin hələ də Türkiyə futbol camiəsi həmin heyətin həsrətindədi.

Bəs, problem nədədi? Əlbəttə ki, klublarda. Türkiyədə də bizdə olduğu kimi əksər klublar uşaq futboluna gözdən pərdə asmaq üçün baxır. Klub rəhbərləri daha çox diqqəti əsas komandaya ayırır. Uşaq komandalarında isə tez-tez məşqçi, idarəçilik dəyişikliyi yaşanır. Bəzən görürsən, əsas komandaya gələn baş məşqçi aşağı yaş qruplarına da öz yaxınlarını, kollektivini gətirir. O gedəndə isə klub rəhbərliyi onun tanışlarını da yola salır. Yaxud da bizdə olduğu kimi, bəzən tanınmayan, haradan gəldiyi bilinməyən biri uşaq komandasına məşqçi təyin olunur. Bu isə həmin komandalarda sistemsizlik, bəzən nizam-intizamsızlıq və nəticədə uğursuzluq yaradır.

Məsələnin maliyyə tərəfinə nəzər saldıqda da rəqəmlər "göz çıxarır". Misal üçün, Türkiyənin "üç böyüklər" ("Qalatasaray", "Fənərbaxça", "Beşiktaş") dediyi klubların birindən misal gətirək. "Fənərbaxça" 2014-2015 mövsümü ilə bağlı hesabatını təqdim edərkən bəlli olub ki, İstanbul təmsilçisi ümumi gəlirinin 1.57 faizini uşaq futboluna sərf edib. Lakin uşaq futbolu sahəsində öncül olan klublara nəzər yetirdikdə fərqi hiss etməmək mümkün deyil. Məsələn, bu ay Azərbaycanda keçirilən 17 yaşadək yığma komandalar üzrə Avropa çempionatının final mərhələsində çıxış edən Portuqaliya millisi göstərdiyi oyunla hamını valeh etdi və sonda da çempion oldular. Həmin ölkənin "Sportinq" klubu ümumi gəlirinin 12 faizini uşaq futboluna yatırır və təbii ki, idarəçiliyi də üst səviyyədədi. Bu faiz Zaqreb "Dinamo"sunda (Xorvatiya) 10, "Ayaks"da (Hollandiya) isə 8-ə bərabərdi.

Bizdə klubların maliyyə məsələsi ilə bağlı hesabatı ictimaiyyətə təqdim olunmadığından bu barədə müqayisələr aparmaq mümkünsüzdü. Lakin nəticə baxımından klubların uşaq futbolu ilə bağlı gördüyü işlərə nəzər yetirə bilərik. Misal üçün, ölkədə ardıcıl 2 il "qızıl dubl" edən "Qarabağ"ın uşaq komandalarına baxanda əsas kollektivdəki uğuru burada görmürsən. "Qəbələ"nin akademiyasındakı komandaların nəticəsini nisbətən yüksək qiymətləndirmək olar. Lakin məsələ burasındadı ki, həmin futbolçuları el dilində desək, Biləcərindən o tərəfə çıxa biləcək səviyyədə yetişdirmək lazımdı. Ölkə səviyyəsində birinci olmaq hələ nəsə demək deyil.

ELMAR VƏLİYEV

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp