Küçə futbolu. Kimlər çıxmayıb buradan? Elə tək Anatoli Banişevskinin adını çəksək, kifayətdi…
Təəssüf ki, günümüzdə bu termin arxaik hesab olunur. Vaxtilə tələsik dərslərimizi edib, həyəcanla axşamı və həmin vaxt “X” məhəlləsiylə görüşdə start heyətinə düşmək uğrunda yaşca böyüklərdən mərhəmət gözləyərdik. Bu gün isə məhəllələri avtodayanacaqlar, mini-marketlər “bəzəməklə” bu idman növünün populyarlaşmasının qarşısını alır.
Ancaq deyəsən, futbolun bu ayrılmaz hissəsi yenidən Azərbaycana qayıdır. Hər halda, bu təşəbbüsü üzərinə götürən tapılıb.
Ayaz Əhmədov – “Sport Marketing Qroup”un baş direktoru ilə görüşümüz hadisə yerində baş tutdu. Bakı Olimpiya stadionunun ərazisində yerləşən şirkət rəhbərinə tribuna verməzdən öncə qeyd edək ki, təşəbbüskarlar “siftə” etməyə macal tapıblar. Bu günlərdə həvəskar komandalar arasında turnir keçirilir. 24 kollektivin qatıldığı yarışın qalibinə Avropa çempionatının yarımfinal qarşılaşmalarından birinə 8 bilet hədiyyə ediləcək.
– İlk olaraq, keçirdiyiniz turnir barədə məlumat verərdiniz…
– Əvvəla, onu qeyd edim ki, yarışı təşkil etməzdən öncə AFFA-nın baş katibi Elxan Məmmədova, futzal federasiyasının prezidenti Zaur Axundova müraciət edib, xeyir-dua aldıq. Təşkil etdiyimiz oyun daha çox küçə futbolunu xatırladır. Çünki nə 11X11, nə də 5X5 oynanılır. Oyunda hər tərəfdən 5 meydan oyunçusu və qapıçı iştirak edirlər. Top da futzal yox, böyük futbolda istifadə olunan “5 nömrə”di. Belədə, daha sərt mübarizə aparmaq olur. Axı, küçə futbolu da məhz sərt mübarizəyə səhnə olub. Turnirə gəlincə, bu, bir növ eksperiment xarakteri daşıyır. Çünki liqanın startını sentyabrda vermək istəyirik. Qitə çempionatına əlimizə düşən 8 bilet həm bizi, həm də iştirakçıları stimullaşdırdı. Bu turnirdə çatışmazlıqlarımızı görüb, çempinatın startınadək aradan qaldıra bilərik. Qaliblər isə əla mükafat almaqla, qələbələrini qeyd edə biləcək.
– Yarış ancaq BOS-un (Bakı Olimpiya Stadionu) mini-meydançalarında baş tutacaq?
– Bəli, 3 meydançamız var. Gördüyünüz kimi, bunlardan birinin üstünü örtmək yönündə işlər aparılır. Ancaq liqayla bağlı planlarımız daha genişdi. Şəhərimizdə xeyli kiçik ölçülü meydança var. Mütləq qaydada onların xidmətindən də yararlanacağıq.
– Yarışın reqlamenti barədə məlumat vermədiniz…
– Yarış 4 qrupda, hərəsində 6 komanda olmaqla keçirilir. Hər qrupda ilk 2 pilləni tutmuş komandalar ¼ finala vəsiqə əldə edir. Sonrası isə standart qaydada – “uduzan çıxır” prinsipi ilə davam edir. İyunun 19-da yarışı bitirməyi planlaşdırırıq. Burada bir məqama toxunmaq istəyirəm. Hər komandanın iştirak ərizəsində 10 oyunçu yer alır. Ortaya sual çıxır ki, 8 bileti 10 adamın arasında necə böləcəyik? Səbəbkar iştirakçılardı. Biz komandalara 8 oyunçunun adının yazılmasını təklif etmişdik. Lakin onlar bir sıra obyektiv səbəb səsləndirərək, sayı 10 nəfərə çatdırmağımızı xahiş etdilər. O ki qaldı qalib komandanın biletləri necə böləcəyinə, hər bir kollektivin kapitanı bunu komanda daxilində həll edəcəklərini bildirdi.
– Qeyd etdiniz ki, çempionatı sentyabrda başlamağı planlaşdırırsınız. Dekabrda, yanvarda açıq havada meydançaya çıxmaq olacaqmı? Axı, cəmi bir meydançanı bağlamağı planlaşdırırsınız?
– Həmin vaxta qədər şəhərimizdəki digər qapalı meydançaların rəhbərliyi ilə də danışıqlar aparacağıq. Paytaxtımızda qışda futbol oynamaq üçün kifayət qədər meydança var. Sadəcə, hər şeyi mərhələli şəkildə həyata keçiririk. Biri var, kiminsə yanına gedib hansısa təşəbbüsdən danışasan, biri də var ki, konkret yarışı təşkil edirsən və bu layihənin genişlənməsi barədə fikir mübadiləsi aparırsan. Yəni, indi keçirdiyimiz yarış tramplin rolunu oynayacaq.
– Yarışda iştirak üçün hər komanda nə qədər üzvlük haqqı ödədi?
– 200 manat. Bura meydançanın icarəsi, hakimlərin və həkimlərin pulu, “nakidka”, top xərcləri daxildi. Özümüzdən isə qaliblərə quruca oyuna bilet vermirik. Həmin 8 xoşbəxtin aviabilet və hotel xərcini də biz ödəyəcəyik.
– Bəs, liqa necə, o da simvolik üzvlük haqqı ilə keçiriləcək, yoxsa bu dəfə məbləğ artacaq?
– Bəlkə azaldı, bəlkə ümumiyyətlə, olmadı. Biz futbolun kütləviliyinə çalışırıq. İndidən konkret söz deyə bilmərəm, amma yüksək məbləğin olmayacağını düşünürəm.
– Ancaq “küçə futbolu” məfhumu çempionat keçirildikdə bir qədər itə bilər. Çünki insanlar asılı duruma düşür: axı, konkret vaxt və məskən göstərilir…
– Biz bunu da nəzərə almışıq. Çempionatda iştirak edən insanların həyat tərzini dəyişmək niyyətimiz yoxdu. Xüsusi internet portalı yaradılacaq. Hər bir iştirakçı-komandanın kapitanının həmin portlada virtual kabineti olacaq. Həmin kabinetə daxil olaraq, komandanın kapitanı oynamaq istədiyi saatı göstərəcək. Ona “əlcək atmaq” istəyən komandadan olan həmkarı çağırışı qəbul edəcək.
– Axı, belədə, komandalar eyni sayda oyun keçirməyəcək…
– Bu, iştirakçıları daha çox oynamağa stimullaşdıracaq. Ancaq biz həm də əmsallar üzrə çempionu müəyyənləşdirəcəyik. Yəni, toplanılan xalları keçirilən oyunların sayına bölməklə. Əlbəttə, biz mövsüm ərzində minimal oyun sayını da müəyyənləşdirəcəyik. Çünki belə ola bilər ki, hansısa komanda 1 oyun keçirib qalib gəlib, və bundan sonra oynamaqdan imtina edir ki, 100 faizli nəticəsi alınır.
– Azərbaycanda həvəskarlar turnirlərində həmişə “lipa” tapmaq olur. Bunun qarşısını almaq üçün hansısa mexanizm tətbiq etmisiz?
– Futzalda güclülər dəstəsi və futbolda Premyer Liqa və 1-ci divizionda yaxın 5 ildə oynamış oyunçular bizim keçirdiyimiz yarışlarda oynaya bilməz. Hər bir komandanın iştirak ərizəsini AFFA-ya göndərərək, bütün iştirakçıları yoxlamışıq.
– Yaş limiti necə qoyulub?
– Heç bir yaş limiti yoxdu. Maraqlısı da budu ki, 15 yaşlı yeniyetmələr bir də görürsən ağsaqqal əmilər qarşısında aciz qalır və ya əksinə, vaxtilə peşəkar futzalda, futbolda oynayanlar hansısa həvəskar kollektivlə bacarmırlar.
– Bir məqama da toxunmaq istəyirəm. Razılaşın ki, azyaşlı uşaqlara Olimpiya stadionuna gəlmək olduqca çətindi…
– Biz bunu gözəl başa düşürük. Metronun “Koroğlu” stansiyasından pulsuz şatl-baslar təşkil edəcəyik. Bizim başlıca amalımız bayrağımız altında çıxış edən kollektivlər üçün maksimum rahatlıq yaratmaqdı.
– Və sonuncu sual. Hazırda davam edən turnirdə tanınmışlar var?
– Tanınmış menecer Kamil Məmmədov komandasını gətirib. “İnter”in prezidenti Rəşad Qasımov “Beynəlxalq Bank”ın heyətində çıxış edir. İnanıram ki, küçə futbolunun kökünü qaytarmağa nail olacağıq.
CEYHUN ƏLİYEV
 
146468919413349157 715178925292093 335317214 n - Futbolinfo.az146468919413342497 715179271958725 1898483529 n - Futbolinfo.az146468919413341928 715178771958775 2054439601 n - Futbolinfo.az146468919413335458 715178788625440 31811213 n - Futbolinfo.az146468919413330306 715179275292058 1065384193 n - Futbolinfo.az
 
 
Shares: