Yay transfer pəncərəsinin açılmasına çox az müddət qalıb. Hər il olduğu kimi, bu dəfə də komandalarımız heyətlərinə yeni-yeni legionerlər cəlb edəcəklər. Onların bəziləri mövsüm sonuna, hətta qış fasiləsinə kimi çıxış edəcəksə, komandaya uyğunlaşıb, özünü göstərənlər isə uzun müddət ölkəmizdə qərar tuta bilərlər. Məsələn, hazırda Topaz Premyer Liqasında çıxış edən klubların heyətində elə əcnəbilər var ki, artıq 5 ildən çoxdu Azərbaycandadılar. Budəfəki yazıda məhz bu oyunçulardan söhbət açacağıq.
Bu baxımdan “Sumqayıt”ın futbolçusu Aleksandr Çertoqanovun adını qeyd etmək yerinə düşər. 2004-cü ildə futbolumuza maliyyə axını başlayanda, komandaların kütləvi legioner aldığı zaman Saşa ilk “qaranquş”lardan olub. Sözügedən ildə “Bakı”ya keçən futbolçu burada 1 il çıxış etdikdən sonra “Neftçi”yə transfer olundu. 3 il də paytaxt klubunun şərəfini qoruyan Çertoqanov ardınca “Simurq”, “İnter” və “Qəbələ”də uzun illər çıxış edib. Futbolçunun son iş yeri “Sumqayıt”dı. Azərbaycanda çıxış etdiyi 12 ildə 1 dəfə ölkə çempionu, 1 dəfə isə kubokun qalibi olub. Oynadığı komandalarda daim əsas heyət üzvü olan Ukrayna əsilli futbolçu 2006-13-cü illərdə millimizə də cəlb olunub. 52 oyunda rəqib qapılarına yol tapa bilməyən 36 yaşlı yarımmüdafiəçi yığmamızda ən çox oyun keçirən əcnəbi futbolçudu.
Çertoqanovdan sonra bu sihayıda 2-ci pillədə yer alan legioner “Zirə”nin yarımmüdafiəçisi Viktor İqbekoyidi. O, 2006-cı ildən Azərbaycandadı. Nigeriyalı futbolçu 10 il ərzində 4 komandanın – "Turan" (2006/07, 2008/09) "Qarabağ" (2007/08), AZAL (2009-15) və "Zirə"nin (2015-indiyədək) şərəfini qoruyub. İqbekoyinin burada olduğu müddətdə ən böyük uğur bu mövsüm qazandığı gümüş medaldı.
2008-ci ildən ölkəmizdə olan Denis Silvanın ilk iş yeri "Xəzər Lənkəran" olub. Burada 2 il çıxış edən brazilyalı müdafiəçi daha sonra vətəninə döndü. Amma yenidən Azərbaycana qayıdan Kruz bu dəfə fərqli məkana – "Neftçi"yə üz tutdu. 2 il "ağ-qaralar"ın şərəfini qoruyan medafiəçi yenidən ölkəsinə üz tutdu. Amma 30 yaşlı oyunçu yenə də çox keçmədən "Neftçi"yə qayıtdı. 2 il bakılıların şərəfini qoruyan Denis artıq 1 ildi "İnter"in futbolçusudu. Azərbaycanı ikinci vətəni sayan futbolçu dilmizdə də müəyyən qədər danışmağı bacarır. Xanımı və qızı ilə burada yaşayan Silvanın həyat yoldaşını demək olar ki, komandasının hər ev oyununda görmək mümkündü. Burada olduğu müddətdə 2 dəfə ölkə çempionu olub, 1 dəfə kuboku qazanan oyunçu karyerasını ölkəmizdə bitirməyi düşünür.
6 il əvvəl Ukraynanın "Krivbass" komandasından icarəyə götürülən "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli şübhəsiz, ölkəmizə gələn legionerlər arasında ən yaxşılardandı. İcarə müddəti başa çatandan sonra Ukraynaya qayıdan alban müdafiəçi 1 ildən sonra yenidən "Qarabağ"a, özü də birdəfəlik qayıtdı. Burada olduğu müddətdə 3 dəfə ölkə çempionu, 2 dəfə də kubokun sahibi olan Aqolli, 2 dəfə də Avropa Liqasının qrup mərhələsində çıxış edib. İşinin öhdəsindən layiqincə gələn sol cinah müdafiəçisi bəzən komandasının uğurlarında həlledici rol oynaya bilib. Məsələn, Avropa Liqasının pley-off matçında Muarem Muaremin həlledici qarşılaşmada vurduğu qolun ötürməsini məhz 33 yaşlı oyunçu vermişdi. 10 ildən çoxdu ölkəsi Albaniya yığmasının da şərəfini qoruyan oyunçu bu yay keçiriləcək Avropa çempionatında iştirak edəcək. O, bununla da Azərbaycan çempionatında oynayan legionerlər arasında bu turnirdə iştirak edəcək ilk futbolçu olacaq.
"Kəpəz"in brazilyalı oyunçusu Junior Osvaldonun isə Azərbaycanda ilk qərar tutduğu komanda "Xəzər Lənkəran" olub. 3 il "ağ-yaşıllar"ın şərəfini qoruyan yarımmüdafiəçi daha sonra paytaxta – Bakıya üz tutdu. Burada eyniadlı komandanın şərəfini qoruyan Juninyo Azərbaycana bir də 2015-ci ildə qayıtdı. 33 yaşlı futbolçunun budəfəki məskəni Gəncədi. Başa çatan mövsümü "Kəpəz"də keçirən Osvaldonun qərblilərdə qalması üçün hazırda danışıqlar aparılır. Futbolçunun burada olduğu vaxtda ən böyük uğuru 2008-ci qazandığı ölkə kubokudu.
"İnter"in qapıçısı Georgi Lomaya da uzun müddətdi burada məskən salanlardandı. 2009-cu ildə "İnter"ə transfer olan gürcü qapıçı 7 ildi Bakıdadı. Bu müddətdə 1 dəfə Azərbaycan çempionu olan 37 yaşlı əlcək sahibi, 1 dəfə də Birlik kubokunda çempionluq sevinci yaşayıb.
2009-cu ildə AZAL-a keçən Nuqzar Kvirtiya 3 il Şüvəlan təmsilçisinin şərəfini qoruyub. Daha sonra 1 mövsüm də "Turan"da oynayan yarımmüdafiəçi ötən yay yenidən "təyyarəçi" oldu. Kvirtiyanı buraya bağlayan səbəb təkcə futbol deyil. Gürcü oyunçunun həyat yoldaşı da bakılıdı. O, bu yaxınlarda ata olmağa hazırlaşır.
ELMAR ABDULLA-ZADƏ