"Kəpəz"in yeni transferi Nicat Qurbanovun futbolinfo.az saytına müsahibəsi:
– Əvvəlcə "Kəpəz"ə keçidindən danışaq. Transfer necə reallaşdı?
– "Kəpəz"ə keçdiyimə görə sevinirəm. Azərbaycanın köklü klublarındandı, sözünü demiş komandadı. Bu komandada oynayacağıma görə, həqiqətən, çox sevinirəm. Ümid edirəm ki, bu keçid həm mənim, həm də komandam üçün uğurlu olar. Əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, "Kəpəz" növbəti mövsümdə medalçılar sırasında olsun.
– Namiq Ələsgərovla eyni mövqedə – yarımmüdafiə xəttinin sağ cinahında çıxış edirsən. Namiq kifayət qədər uğurlu çıxışdan sonra müqavilə ilə məxsus olduğu "Qarabağ"a qayıtdı. "Kəpəz" səni onun yerini doldurmaq üçün transfer edib. Ümidləri doğrulda biləcəksən?
– Əlbəttə ki, Namiq yaxşı futbolçudu, millinin üzvüdü. Çox sevinirəm ki, komandalarımızda belə gənclər var. Əlbəttə ki, həmin mövqedə Namiqdən daha yaxşı oyun göstərməyə çalışacağam. Əslində, özümü onunla müqayisə etmək istəmirəm. Hərə özünə görə bir futbolçudu. "Kəpəz"də var gücümlə çalışacağam ki, komandaya xeyir verim.
– "Kəpəz" Premyer Liqaya qayıtdıqdan sonra çempionata rəng qatdı. Səncə, Avropa arenasında Gəncə təmsilçisindən nə gözləmək olar?
– "Kəpəz" uzun fasilədən sonra Avroliqaya vəsiqə əldə edib. Hesab edirəm ki, digər klublarla müqayisədə, "Kəpəz" daha həvəslidi. Azarkeşlər də çox həvəslidi. Görüşlər, danışıqlar zamanı da bunu müşahidə etmək olur. Əlimizdən gələni edəcəyik ki, "Kəpəz" mərhələ adlasın. Avroliqada mümkün qədər qabağa getməyə çalışacağıq.
– Amma Gəncə klubu elə də iddialı transfer etməyib. Aldığı futbolçulara baxanda buna ümid etmək çətin görünür…
– Məşqçilərin tapşırıqlarını düzgün yerinə yetirsək, alınar. Hesab etmirəm ki, yeni gələn futbolçular zəifdi. Vüqar Bəybalayev, Novruz Məmmədov Azərbaycanda çıxış etmiş futbolçulardı. Vüqarda böyük potensial var. Ümid edirəm ki, özünü yaxşı tərəfdən göstərə biləcək. Deməzdim ki, yeni gələnlər çox zəifdi. Yenə deyirəm, Avroliqada məşqçi işi özünü göstərəcək.
– "Neftçi" ilə sözügedən turnirdə iştirak etmisən. Bu təcrübə Avroliqa matçlarında sənə nə dərəcədə kömək edəcək?
– Bəli, "Neftçi" ilə Avroliqada çıxış etmişdim. Az da olsa, bu yöndə təcrübəm var. "Kəpəz"lə də əlimizdən gələnin ən yaxşısını etməyə çalışcağıq ki, uğurlu nəticə qazanaq.
– Hələ gəncsən, 24 yaşın var. "Kəpəz"dəki hədəfin nədən ibarətdir?
– Əsas məqsədim odur ki, komandama xeyirli oyunçu olum. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam ki, sabah deməsinlər, Nicatı "Kəpəz"ə gətirməklə səhv etdik. Desinlər ki, düzgün qərar vermişik. "Kəpəz" köklü klublarımızdandı, azarkeşləri də çoxdu. Ona görə də məsuliyyət daha da artır. Çalışacam ki, "Kəpəz"də "Zirə"dəkindən də daha yaxşı oynayım.
– "Zirə"dən söz düşmüşkən, komanda Premyer Liqada debüt mövsümündə gümüş mükafata sahib çıxdı. Bununla bağlı fikirlərini bilmək maraqlı olardı.
– "Zirə"də çox gözəl kollektiv vardı. Məşqçilərlə oyunçular arasında yaxşı münasibət qurulmuşdu. Fikrimcə, bir olduğumuz üçün, bir nöqtəyə vurduğumuz üçün belə uğurlu nəticə qazandıq. Çünki futbolda komanda birliyindən çox şey asılıdı. Bir-birimizi yaxşı başa düşürdük. Birlik olanda, nəticə də olur. Bu barədə "Kəpəz"in də adını çəkmək olar. Komanda son turlarda bir az zəif nəticələr qazandı. Amma birlik olduğu görünürdü. Komanda şəklində çox güclü futbol oynayırdılar.
– Bəs nə baş verdi ki, "Zirə"dən ayrıldın?
– "Zirə"yə gələndə 2 illik saziş bağlamışdım. Klubla hələ müqaviləm var idi. Amma qarşılıqlı razılıq əsasında yollarımızı ayırdıq.
ELMAR VƏLİYEV