Səbələr fərqli olsa da, tale eynidi. Mehman Alışanovun da yolu həbsxanadan keçib. Bu gün haqqında hökm oxunan Cavid Hüseynov da yaşıl meydanları dəmir barmaqlıqlar arxasına dəqyişdi. Milli çempionatlarımızda ilk qolun müəllifi olan Mehmanın həbsinin futbolla bağlılığı olmasa da, Cavidin tutulması məhz meydanda başlayan hadisələrin xoşagəlməz inkişafı nəticəsində reallaşdı.
Hüseynov ömrünün növbəti 4 ilini həbsxanada keçirməlidi. Bu, onun həyatında nəyi dəyişəcək, nələrə səbəb olacaq? Bu sualları onunla oxşar taleni yaşamış Mehmana verdik.
– Yəqin ki, xəbəriniz var: Cavid Hüseynova 4 il həbs cəzası verilib…
– Heç kimə məhbus olmağı arzu etmirəm. Amma yaxşı qurtarıb. Yəqin AFFA-dan kömək ediblər ki, 4 il alıb.
– Bəlkə çoxdu? Axı, Cavid qətli törədən deyildi, sadəcə, hadisəni bilib gizlətməkdə ittiham olunur.
– Təfərrüatından xəbərim yoxdu. Elədisə, normaldı. Heç o vaxt mənim də günahım yox idi, güdaza getmişdim. Çox xahiş-minnət etdilər, xeyri olmadı.
– Bir futbolçunun həbsdə futbol oynaması, formadan düşməməsi üçün hər hansı bir imkan varmı?
– Orada futbol oynamağa şərait var. Biz boş vaxtlarımızda daim oynayırdıq. Heç kim heç nə demir. Amma heç kimə türməyə düşməyi məsləhət görmürəm. Gecə-gündüz özün üçün məşq elə – bunun faydası yoxdu.
– Orada digər məhbuslar tərəfindən futbolçuya hansısa fərq qoyulurmu?
– Xeyr, futbolçu və ya güləşçi – fərq etməz, kim olursan ol, əsas adam ol. Yaxşı oğlan ol, bəsdi.
– Düzdü, həbs olunanda futbolçu karyeranızı başa vurmuşduz. Amma yenə də fikriniz maraqlıdı: Cavid azadlığa çıxanda futbolçu karyerasını bərpa etməsi mümkündümü?
– Mümkündü, niyə də yox? Tutulmamışdan əvvəl də yaxşı formada idi. 4 ilin də 1-i arxada qalıb. Tezliklə çıxıb, futbol oynayacaq.
– Belə yerdə bir futbolçunun ən çox nəyə ehtiyacı olur?
– Ancaq zəng edib, danışmağa və ya yanına gedib, baş çəkməyə daha çox ehtiyacı var.
– Matçda məğlub olanda, qol şanslarını qaçıranda səbri çatmayan Cavidin 4 il "içəri"də qalmağa səbri necə çatacaq?
– Yəqin ki, 1 ilə, ilyarıma azadlığa çıxar. Kimdi onu orda 4 il saxlayan? O, futbol oynayıb, komandasına kömək etməlidi. Həbsdə qalmağın kimə nə faydası var ki? Fikrimcə, nəvaxtsa cəza müddəti azaldılacaq. Yəqin AFFA da bu məsələylə maraqlanar.
– Azadlığa çıxanda ağlınıza gələn ilk şey nə oldu?
– Ailəmə, evimə qovuşmağı düşündüm. Cavid də bunun həsrəti ilə yaşayacaq.
– İndi nə işlə məşğulsuz?
– "Elit" futbol layihəsində məşqçiliklə. 12-14 yaşlı uşaqlara dərs keçirəm. Əvvəl işim yaxşı idi, sonradan məvacibimi azaltdılar. 450 manat alıb, həvəslə işləyirdim. İndi 150 manat maaş alıram. Səbəb kimi də devalivasiyanı göstərdilər. Əvvəlcə alman məşqçi var idi, onun müqaviləsi başa çatıb gedəndən sonra özümüzünkülər belə etdi.
ELMAR ABDULLA-ZADƏ